Putin seçkidə partiyası ilə yollarını ayırır – səbəb

0
291
Putin seçkidə partiyası ilə yollarını ayırır - səbəb
Politoloq: “Heç kim demir ki, ay adam, axı sənin ölkəndə…”

Rusiyada gələn il martın 18-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca proseslər qızışır. Putinin rəhbəri olduğu “Vahid Rusiya” Partiyasının deyil, müstəqil namizəd kimi seçkilərə qatılması daha çox maraq doğurub. Kreml rəhbərinin nə üçün partiyasından imtina etdiyi ən müxtəlif suallar yaradıb. Çoxları hesab edir ki, o, partiyasından olan asılılığını tam aradan qaldırmaq üçün bu addımı atıb. Gələcəkdə hətta onun partiya sədrliyindən gedə biləcəyi ehtimalları da səsləndirilir. Siyasi şərhçilər Putinin müstəqil namizəd olmasının ona heç bir problem yaratmayacağını düşünürlər.

İstənilən halda Rusiya rəhbərinin bu qərarının digər ölkələrə, xüsusilə qonşu dövlətlərə də təsir edə biləcəyi istisna olunmur.

Politoloq Elçin Mirzəbəyli Putinin partiyasından imtina etməsi təqdimatının doğru olmadığını düşünür: “Putin öz partiyasından imtina etməyib və belə bir təqdimat doğru deyil. Sadəcə, 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini özü irəli sürüb. ”Vahid Rusiya” Partiyasının bir neçə gün öncə keçirilmiş qurultayında isə onun prezidentliyə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edilib. Prinsip etibarilə Putinin öz namizədliyini irəli sürməsində qeyri-adi heç bir şey yoxdur. Bu, sadəcə, çoxpartiyalı siyasi sistemi inkişaf etməmiş, siyasi gündəmi rəqabətdən daha çox ideoloji ritorika ilə zəngin olan bir ölkənin ictimai rəyinə hesablanmış sıradan bir seçki texnologiyasıdır. Əgər bu addım Avropa ölkələrindən birində atılsaydı, o zaman bu, həmin ölkənin əhalisində təəccüb doğurardı. Amma tarixən populist addımları yem kimi qəbul edən Rusiya cəmiyyəti üçün bu addım normal qarşılanlır. “Xalqın namizədi” – gurultulu səslənir axı. Amma heç kim demir ki, ay adam, axı sənin ölkəndə rəsmi olaraq çoxpartiyalı sistem hökm sürür. Əgər sən partiya mənsubiyyətin ola-ola seçkilərə müstəqil namizəd kimi qatılırsansa, bu o deməkdir ki, sən öz ölkəndəki çoxpartiyalı siyasi sistemin effektivliyinə inanmırsan. Digər tərəfdən, bu addım sübuta yetirir ki, Vladimir Putin özünü siyasi sistemin fövqündə görür. Populist addımdır, amma Rusiya üçün keçərlidir. Putinin “Vahid Rusiya” Partiyasından asılılığını düşünmək belə gülüncdür. Bu partiya onun ətrafında formalaşıb. “Vahid Rusiya” Partiyası Putinin partiyasıdır. Putin olmasa bu partiya da olmayacaq. Bu məsələyə Rusiyada seçkilərin taleyini həll edəcək bir addım kimi yanaşılmasını yanlış hesab edirəm. Daha öncə də qeyd etdiyim kimi, bu bir seçki texnologiyasıdır, vəssalam. Rusiyada keçirilən seçkilərin taleyi isə çoxdan həll olunub. 2018-ci ildə Rusiyada keçiriləcək seçkilərdə Putinin rəqibi yoxdur.

Putinin müstəqil namizəd kimi uğur qazanıb-qazanmayacağına, Rusiyanın indiki reallığında Putin hətta seçkiyə Jirinovskinin partiyasının namizədi kimi qatılsa da yenə də qalib gələcək. Bu reallığı görməmək mümkün deyil. Putinin seçkilərdə iştirakının forması ilə bağlı qərar isə bu ölkədəki hakim komandanın müəyyənləşdirdiyi seçki texnologiyasıdır və bunun Azərbaycana hər hansı bir formada təsir göstərəcəyini düşünmürəm”.

Politoloq Rusiyadakı proseslərin ölkəmizə təsir etməyəcəyini düşünür: “Ümumiyyətlə, Rusiyada, yaxud hər hansı bir ölkədə baş verən hadisənin Azərbaycanda analoqunun axtarılmasının əleyhinəyəm. Digər tərəfdən, yetərincə güclü siyasi iradəsi, xarakteri və mövqeyi olan bir siyasi liderin seçkilərdə hansı texnologiyadan istifadə edəcəyi barədə ehtimallarla çıxış etməyi də doğru saymıram. Hakim partiyada və komandada seçkilərdə iştirak formasını müəyyənləşdirə biləcək, seçki texnologiyalarını məndən daha yaxşı bilən mütəxəssislər var. Bu məsələ konkret şəxsin iradəsindən asılı olduğu üçün ehtimala yer yoxdur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nine − five =