Putinə SSRİ-ni bərpa üçün bir savaş lazımdır

0
39

“NATO üzvləri olan Latvia və Estoniya hal-hazırda sərhədin o biri tayında Rusiyanın 350.000-400.000 əsgəri, bütöv bir tank ordusu, 100 qırıcı təyyarə və uzaq məsafəli bombardmançı təyyarələrdən ibarət dörd eskadrilya və ən son model yer-hava tipli raketləri ilə üz-üzədirlər,” – Leon Aron yazır.

Amerika Sahibkarlıq İnstitutunun Rusiya üzrə aparıcı mütəxəssisi hesab edir ki, Qərb liderləri Putinin siyasətindən narazı olsalar da, onun həqiqi məramlarını düzgün hesablamırlar.

Az sayda müşahidəçi Rusiyanın Baltikyanı ölkələrdə Krımstilli ilhaq əməliyyatı keçirəcəyini güman edir. Hər halda Estoniya və Latviya kimi dövlətləri Ukraynadan fərqləndirən onların dünyanın ən qüdrətli hərbi alyansına üzv olmaları və alyans xartiyasının beşinci maddəsi altında (bir üzvə hücum bütün üzvlərə hücum hesab edilir) onların suverenliyinə verilən dəmir qarantiyadır.

Bu, həmin qarantiyadır ki, torpaqları bu və ya digər şəkildə ruslar tərəfindən ilhaq edilmiş Ukrayna və Gürcüstanda yox idi.

Lakin, Aronun fikrincə, Putinin atdığı addımlar və onun indiyədək sərgilədiyi təfəkkür tərzi bu cür özünəarxayınlığın əbəs ola biləcəyinə işarə edir.

“Putinin siyasətini dərin inamlar və ambisiyalar diktə edir ki, bunların kökünü rus patriotizmində yox, sovet patriotizmində axtarmaq lazımdır,” – Aron yazır

Ekspertin fikrincə, Sovet İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandıran liderin nəzərində sabiq sovet respublikalarının müstəqil olması xarici güclərin Rusiyaya qarşı sui-qəsdinin nəticəsi idi və bu nəticə, gec-tez, aradan qaldırılmalıdır.

Putin üçün başlıca prioritet Rusiyanı ABŞ-la bərabər “mənəvi və hərbi” müstəviyə qaldırmaq və Sovet İttifaqının çöküşünün heyfini Qərbdən çıxmaqdır.

“Ola bilsin ki, bu, onun müharibədən sonrakı Leninqradda uşaqlıq illərindən, yaxud da cüdo təlimindən qaynaqlanır, ancaq Putin üçün kişiliyin əsas meyarı Qərblə qarşıdurmadır”, – Aron yazır.Bu xüsusda Putin Krımın ilhaqını öz prezidentliyinin ən böyük uğurlarından biri hesab edir və dəfələrlə əməliyyata birbaşa rəhbərlik etməsi ilə öyünüb.
Bu konfrontasiyanın şəxsi siyasi dividentlərini də nəzərdən qaçırmaq olmaz. Belə ki, Krımın ilhaqı 2013-cü ilin sonlarında onun ruslar arasında 61 faizlik reytinqini 2014-cü ilin oktyarbında 86 faizə yüksəltdi.
“Rusiya prezidenti heç vaxt ölkəsinin nüvə arsenalı haqda danışan qədər sevincli görünmür,” – Aron yazır: “O, ABŞ-a tuşlanmış raketlər barədə ağızdolusu danışır və onların məğlubedilməziliyini dönə-dönə vurğulayır.”

Əlbəttə ki, iqtisadi baxımdan durumu bərbad olan ölkənin əhalisi üçün bu, heç də yaxşı xəbər deyil. Sanksiyalarla üzləşən ölkədə iqtisadi artım zəifdir, əhalinin gəlirləri beşinci ildir ki, azalmaqda davam edir.

Rusların 68 fazi ölkənin böhran içərisində olduğunu düşünür, ailələrin 80 faizi isə minimal dolanışıq səviyyəsində yaşayır.

Eyni zamanda Putinin siyasi dəstək reytinqi Krımın ilhaq olunmasından əvvəlki səviyyəyə – 64 faizə düşüb.

Düzdür, konstitusiya Putinə 2024-cü ildən sonra prezident olmağa imkan vermir. Ancaq Leon Aronun fikrincə, ölkəni ömürlük idarə etmək istəyən digər avtoritar liderlər kimi, onun üçün yeni bir hərbi konflikt bu problemi aradan qaldıra və sabiq KQB zabitinə öz qəlbinə doğma olan sovet imperiyasının bərpası ideyasına bir addım da yaxınlaşdırmış ola bilər.

Əsgər Möhsümoğlu, 

Amerikanın Səsi