“Prokuror məni aldadıb 65 min dollarımı aldı”

0
608

Bir neçə ay əvvəl virtualaz.org və haqqin.az saytları Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi ilə bağlı insanların iş adamı Arif Həsənovun başına gətirdiyi oyunlar, rəhbərlik etdiyi şirkəti necə müflis hala saldıqları barədə yazmışdılar.

İş adamını demək olar, son qəpiyinə qədər soymuşdular. Bundan başqa, MTN əməkdaşları onların “haqqını” ödəmək üçün onu hətta böyük məbləğdə borca girməyə məcbur etmişdilər.

…“Kaspar”ın (Xəzər Gəmiçiliyinin) təcrübəli əməkdaşı Arif Həsənov 1996-cı ildə təqaüdə çıxmış və gəmilərin təmiri üzrə öz şəxsi biznesini – “Texmarin Ltd” şirkətini açmışdı. Onunla işləmiş Səhrab Allahverdiyevi isə özünə partnyor-müavin götürmüşdü. Lakin tezliklə müavininin əliəyriliyindən şübhələnmiş və sənədləri diqqətlə gözdən keçirməyə başlamışdı. Hissləri Həsənovu aldatmamışdı. Belə ki, o, öz müavininin əməllərində maliyyə fırıldaqları aşkarlamış və MTN-ə şikayət etmişdi Amma gözləmədiyi halda özü MTN-dəki bandit dəstəsinin toruna düşdü…

Arif Həsənov dövlət başçısına ünvanladığı müraciətində 2015-ci ilin yanvarında MTN-in yüksək rütbəli əməkdaşları Akif Çovdarovun, Akif Əliyevin və Natiq Əliyevin onu necə həbs etmələrindən və bütün pulunu, ofisini və mənzilini əlindən almalarından bəhs edir.

Biznesmen deyir ki, MTN əməkdaşlarının cinayətlərindən kimə şikayət edəcəyini bilmirmiş. Elə bu vaxt ona Əlizamin adlı işçisi müraciət edir və bildirir ki, onun Nazir Quliyev adlı qohumu Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyir və onun problemini həll edə bilər.

“Mən Əlizaminlə birlikdə Nazir Quliyevlə görüşdüm. Baş Prokurorluğun işçisi mənə söz verdi ki, MTN əməkdaşlarının əlimdən aldıqları pulları, ofisi və mənzili geri qaytaracaq. O, problemi həll etmək üçün öz rəhbərliyinə vermək adı ilə məndən 65 min dollar tələb etdi. Mən ona həmin 65 mini verdim, üstəlik 10 min dollar da verdim ki, işim həll olunsun”, – deyə biznesmen vurğulayır.

Amma biznesmen başa düşəndə ki, onu bu dəfə də aldadıblar, o, Nazir Quliyevin dələduzluq yolu ilə ondan pul alması barədə Baş Prokurorluğa şikayət yazıb.

“Bir neçə gün keçmişdi ki, Nazir Quliyev mənim oğluma zəng etdi və onu həbslə hədələdi. O, heç nədən qorxmur və Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları ilə yaxın əlaqələrdə olduğunu bildirirdi. Sonra o mənə 30 min dollar təklif etdi ki, ərizəmi geri götürüm. Lakin mən razılaşmadım. Çünki o pulları mənə onsuz da qaytarmayacaqdılar” – biznesmen deyir.

İş adamı dövlət başçısından xahiş edir ki, qurbanı olduğu kriminal qruplaşmanın bütün cinayətləri haqqında daha müfəssəl məlumat verməsi üçün onu qəbul etsin.

Virtualaz.org

BIR CAVAB BURAXIN