Prokuror Gündüz Məmmədov Kremlin sevimlisini “hərbi cinayətkar” adlandırdı

0
656

 

Krım eks-prokuroru, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Natalya Poklonskayanın 2014-cü ilin fevralından başlayaraq yarımadadakı fəaliyyətini “hərbi cinayət” kimi kvalifikasiya etmək lazımdır. Virtualaz.org xəbər verir ki, bunu Krım muxtar respublikasının (Ukrayna tərəfdən) azərbaycanlı prokuroru Gündüz Məmmədov bildirib.

Ukrayna KİV-lərinin məlumatlarına görə G.Məmmədov deyib ki, ilk növbədə Poklonskayanın Rusiya tərəfindən ilhaq edilmiş yarımadada Krım Tatar Məclisinin fəaliyyətini qadağan etməsi hərbi cinayətdir. Onun sözlərinə görə, Poklonskayanın əməlləri barədə materiallar toplanır və yaxın vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək.

“Məhkəməyə təqdim ediləcək materiallarda Poklonskaya ilə bağlı epizod var. Bu, Krım Tatar Məclisinin fəaliyyətinin qadağan edilməsidir. Biz hesab edirik ki, bu qərarı hərbi cinayət kimi kvalifikasiya etmək lazımdır. Çünki Krım prokuroru vəzifəsini tutarkən Poklonskaya Krımın köklü əhalisinin hüquqlarını pozub, total insan haqları pozuntusuna yol verib”-Gündüz Məmmədov bildirib.

Natalya Poklonskaya isə G.Məmmədova özünün Facebook səhifəsindən cavab verib. O, belə yazıb: “Prokuror Gündüz Məmmədov səhv edir. Ukraynada hərbi cinayətkar ölkənin cənub- şərqində dinc əhalinin məhv edilməsi üçün əmr verənlərdir. Hərbi cinayətkar minlərlə uşağı şikəst edən və Donbassda evlərin zirzəmilərində gizlənməyə məcbur edənlərdir. Bu, həmin kəslərdir ki, ağılsız əmrlərini Ukraynanın ağılsız prokurorları icra edir”.

Ukraynanın dialog.ua saytı isə Poklonskayanın cavabının əslində Putini nəzərdə tutduğunu yazır. Sayt qeyd edir ki, axı Ukraynanın cənub-şərqindəki müharibəyə görə məsuliyyəti Rusiya rəhbərliyi daşıyır. Deməli tökülən qanlara görə də onlar cavabdehdir.

Xatırladaq ki, Natalya Poklonskaya Krımda prokuror işləyərkən Rusiyanın tərəfinə keçib, daha sonra “Krım naş” ifadəsi və prokurora oxşamayan “mələk siması” ilə məşhurlaşıb. Ardınca Moskvaya aparılıb və deputat qoyulub.

BIR CAVAB BURAXIN