Professor Telman Hacıyev: “İnsanı formalaşdıran, onu zirvələri fəth etməyə hazırlayan anadan olduğu ailəsi və onu əhatə edən ictimai mühitdir” (1)

0
1242

 

 

Hər bir insanın həyatı şirinli-acılı bir nağılı xatırladır. Bu baxımdan bu gün ömrünün 80-ci baharını yaşayan, ilk növbədə gözəl insan, qayğıkeş ata-baba, əsl vətənpərvər olan  görkəmli elm fədaisi, Azərbaycanın mədəni, elmi, musiqi inkişafına əvəzsiz töhfəsini verən, dəfələrlə beynəlxalq musiqi müsabiqələri laueratı, respublikamızı bütün dünyada tanıdan istedadlı fleytaçı, musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, elmimizin ağsaqqalı hörmətli Telman Hacıyevin keçdiyi həyat yolu, bundan 100 illər sonra gələcək nəsillər üçün bir örnək olacaq. Telman Hacıyev görkəmli musiqışünas, elm xadimi olmaqdan əlavə Allah vergisi olan bəşəri sevgini sinəsində gəzdirən, rəngindən, irqindən, yoxsulundan, varlısından, dinindən asılı olmayaraq hamını sevən, hamının köməyinə çatmağa çalışan sözün əsl mənasında BÖYÜK İNSANDIR.

Telman müəllimin ən böyük səadəti də məhz günümüzdə ən böyük dahilərə belə nəsinb olmayan əsl İNSAN olmasındadır. Mən hörmətli Telman müəllimi tanıdığım ilk günlərdən onun insani, mənəvi baxımdan nə qədər yüksəkliklərdə dayandığının şahidi oldum. Ona görə də həyatının ən müdriklik dövrünü, 80-cı baharını, obrazlı şəkildə desək yaşının bu vaxtında yeni gənclik dövrünü yaşayan hörmətli Telman müəllimlə də məhz ona bu gün şirin nağılı xatırladan atalı-analı günləri, gəncliyi, yüz minlrlə gəncə nümunə olacaq həyat yolu haqqında danışmağı qərara aldım.

 

-Telman müəllim, insan yaşlaşdıqca keçmişdəki uşaqlıq illəri üçün daha çox nostalji hisslər keçirməyə, istər-istəməz geriyə qayıdaraq o illəri xatırlamağa başlayır. Bu baxımdan üstündən illər ötəndən sonra uşaqlıq illərini necə xatırlayırsınız və o günlər üçün heç darıxırsınızmı?

– Şübhəsiz ki, mən də balaca uşaq olmuşam ana-ata qarşısında ayaq tutub yıxıla-dura yeriməyə başlamışam. Hərdən öz-özümə soruşuram ki, mən də balaca uşaq olmuşam? Çox maraqlıdır və eyni zamanda o illər insan üçün şirin bir yuxuya bənzəyir. İstər uşaqlıq dövrü, istər analı-atalı günlər olsun, belə hesab edirəm ki, həyatda hər anın, hər saniyənin, hər dəqiqənin, hər saatın, hər günün, hər ayın, hər ilin öz hökmü, öz şirinliyi, öz unudulmaz anları var. İllər ötüb keçir və bir də geriyə dönərək keçmişi, uşaqlıq, atalı-analı illərini xatırlamalı olursan. Bizim evdə, ailədə özünəməxsus tərbiyə olub. Mənə heç vaxt ailədə anam, atam acıqlanmayıblar, üstümə qışqırmayıblar. Amma demirəm ki, nümunəvi, sözə baxan uşaq olmuşam. Dəcəllik də etmişəm, dərs də buraxmışam, uşaqlarla yorulmaq bilmədən futbol da oynamışam, amma yenə də atam və anam bunu uşaqlara xas olan xarakter kimi qəbul edərək hərəkətlərimi normal qəbul ediblər, məni başa düşüblər. Mənim uşaqlıq illərim ağır vaxtlara, müharibə illərinə  təsadüf edib. Qardaşım Elmarla birlikdə müharibə dövründə bütün uşaqlara xas olan ağrıları, əziyyətləri, həyəcanı, aclığı, saatlarla çörək növbəsində durmağı öz üzərimizdə hiss etmiş, o ağır günləri, iztirabları yaşamışıq. Amma üstündən illər ötəndən sonra keçmişə dönərək o günləri yenidən xatırlayanda mənə elə gəlir ki, o vaxtlar həyatımın ən şirin, ən gözəl günləri olub.  Əvvəla onu deyim ki, həmin dövrdə biz kasıb yaşamışıq, atamın bir otağı, bir çarpayısı, bir masası, 4 dənə də stulu olub.  Anam yatmaq üçün qardaşım Elmara stulların yanında, mənə də balaca olduğum üçün onun üstündə yer hazırlamışdı. Gündüz bu stulları altımıza qoyub masa arxasında yemək yeyirdik, axşam da onların üstündə mən yatırdım. Baxmayaraq ki, həmin dövrdə atam ali təhsilli idi və vəzifədə işləyirdi, biz maddi baxımdan sıxıntını daim öz üzərimizdə hiss edirdik. Yeri gəlmişkən qeyd edim ki, həmin ağır illərdə atam Bakıdakı Meliçni küşəsində yerləşən Birinci Komsomol məktəbinin direktoru vəzifəsində işləyirdi. Atam ixtisasca pedaqoq-psixoloq, anam isə həmin məktəbdə biologiya müəllimi idi. Anam atama ərə gedəndə cəmisi 16 yaşı olub. Atam anamdan yaşca böyük olsa da, onların arasında insani münasibət, səmimiyyət hökm sürürdü. Açığını deyim ki, onların arasında azacıq da olsa narazılıq olduğu yadıma gəlmir. Ən ağır vaxtlarda belə anamla atam bir-birlərini başa düşür, çətinliklərə sinə gərir, problemləri səbrlə, deyinmədən, həyatlarından narazılıq etmədən həll etməyə çalışırdılar. Mən həyatın ən ağır anlarında səbr etməyi, problemləri səbrlə etməyi onlardan öyrəndim və buna görə də özümü daim onlara borclu bilirəm. Əgər mən o səbri, o dözümü onlardan öyrənməsəydim, bəlkə də bu günlərə gəlib çata, həyatımda az-çox uğurlara nail ola bilməzdim. Uşaqlığımdan danışarkən bir şeyi də qeyd etməyə bilmirəm. O vaxtlar mən bütün uşaqlar kimi futbol oynamağı çox sevirdim. Dərsdən sonra çırıq əskilərdən yumrulayaraq düzəltdiyimiz topla saatlarla futbol oynayardıq. O vaxt Bakıda küçələr indiki kimi asfalt deyildi. Biz isə yağışda, qarda, palçıqda belə futbol oynamaqdan yorulmazdıq. Ancaq mən yalnız futbolla deyil, idmanın digər növləri ilə də məşğul olurdum. Bəlkə də bu günkü gümrahlığıma görə də o günlərimə borcluyam. Bəlkə də bu genetikadan irəli gəlir. Bilirsiniz, təbiətin qüdrəti cəmiyyətin qüdrətindən daha güclüdür. Sən yağan yağışı, qarı, çıxan günəşi heç vaxt saxlaya bilməzsən və təbiətə heç vaxt hökm etməyə qüdrətin çatmaz. Adam həyatda yaşayarkən acı da görür, şirin də. Bayaq dedim ki, uşaqlıq illərimiz müharibənin ağır dövrünə  düşmüşdü. Çörək üçün gedib gecə saat 2-dən gərək növbəyə dayanaydın. Anam gecə saat 2-də 3-ün yarısında göndərirdi çörək almağa, soyquda dayanır, növbəmi gözləyiridm, saat 5-də çörək gəlirdi. Onda atam müharibədə idi və ailədə 3 adam idik. Adama da cəmisi 200 qram çörək verirdilər. Yolda gələndə özümü saxlaya bilməyərək o çörəyin orasından, burasından azacıq yeyirdim, uşaq idim də… Uşaqlıq illəri ilə bağlı  başqa bir xatirəm də var. Məktəbə gedib-gələndə geyməyə bir ağ köynəyim vardı. Məktəbdən gələndən sonra gecə anam onu yuyub asırdı. O vaxt qaz yox idi. Anam səhər saat 5-də durub kerosinkanın üstündə ütünü qızdırıb başlayırdı köynəyimi ütüləməyə. Onu mənə geydirib məktəbə yola salırdı. Anam çox tələbkar olsa da heç vaxt bizi döyməmişdi. Buna baxmayaraq biz ondan çox qorxurduq. Onun sözü bizim üçün qanun idi. Çünki atam dövlət işində idi və gec-gündüz çalışırdı. O qədər özünü, həyatını işə həsr etdi ki, axırda 61 yaşında dünyasını dəyişdi.  O vaxt perosu olan qələmdən və çernildən istifadə edirdik. Məktəbdə uşaqlarla şuluqluq salanda, biri-birimizdən açığımız tutanda çernili tökərdik ağ köynəyin üzərinə. Bir də etiraf edim ki, mən uşaqlıqda çox dəcəl olmuşam, məktəbdə də bunu biliridlər. Həmin dövrdə həm də təbiət həvəskarı idim, akvariumda balıq saxlayırdım. Sonra isə valideynlərimin mənə heç nə demədiyini görüb evimizə pişik və it də gətirdim. İti anama Oktyabr rayon məhkəməsində hakim işləyən rəfiqəsi bağışlamışdı, onu balaca olduğu üçün soyuq dəyməsin deyə atamın köhnə paltosunun qolunda saxlayırdılar. Sonra bu it böyüyərək az qala mənim boyda oldu. Uşaqlıq illəri, anamla ilə bağlı  digər bir xatirəm də var. Bağda qonşum qoyun saxlayırdı,  bizdə də iki qoyun vardı, 3 manat verirdi, 3 qonşunun qoyununu saxlayırdım. Onda 15-16 yaşım vardı.  O pula da gedib anam üçün hədiyyə alırdım. Onda “Krasnaya Moskva” ətiri çox məşhur idi və yığdığım pulla onu alaraq anamı sevindirməyə çalışardım. 8 martda anama balaca pudra alırdım, anam da çox sevinirdi. Axı mən pul qazanmırdım, ancaq nə isə edirdim, zəhmət çəkirdim. Qəpik-qəpik pul yığırdım ki, anama nə isə alıb onu sevindirim. Uşaqlıq idi, o dövrdən günlərlə danışsam da yenə az olacaq…

– Atanız ziyalı olub. Təbii ki, onların dostları da az olmayıb. Onlardan kimləri daha çox xatırlayırsınız və onlarla görüş gələcək həyatınızın formalaşmasında hansı rol oynayıb?

– Təbii ki, hər bir insan ilk növbədə ailədə və onu əhatə edən ictimahi mühitin təsiri altında formalaşır. Atam ziyalı olduğundan onun dostları da kifayət qədər çox idilər. Onlar axşamlar bizə yığışar, söhbətlər edərdilər. İndi də yadımdadır, bibim oğlu olan həkim Qəni ədəbiyyatı çox yaxşı bilirdi. Onun da Ağacavad və bir də Sabunçudan olan Əli Fəhmi adlı dostları vardı. Onlar ədəbiyyat barədə çox gözəl söhbətlər edərdilər. Mən də bu söhbətlərin maraqlı dinləyicisinə çevrilmişidm. Dostlarım futbol oynamağa gedəndə mən də evimizə yığışanların maraqlı söhbətlərinə qulaq asmaqdan böyük həzz alardım.  Əli Fəhmi azacıq axsayırdı, onda ilahi bir qüvvə vardı. Qəni də gözəl Füzulişünas və eyni zamanda  istedadlı şair idi. Onlar söhbət edəndə mən də oturub onlara qulaq asırdım və bu danışıqlara o qədər heyran olurdum ki, bir də görürdüm ağzım açıla qalıb. Onların da əsas mövzusu Şərq poeziyası və Füzuli idi. Onlar Şərq poeziyasından, Füzulidən elə həvəslə, elə şövqlə danışırdılar ki, mən vaxtın nə vaxt gəlib keçdiyini hiss etmirdim. Əlbəttə, atam söhbət daha maraqlı, daha rəngarəng olsun deyə onlara istiqamət verirdi. O dövrdə atamın xalası oğlu Haşımxan da tez-tez bizə gələrdi. O Əhməd Bakıxanovun kiçik qardaşı idi. Həşimxan həm mandalinada, həm də kamançada çox gözəl ifa edərdi.  O atamla dost idi və aralarında gözəl zarafatlar da olurdu. Onlar həftədə iki dəfə evimizə yığışar, poeziya dünyasını müzakirə edərdilər. Həmin  dövrdə atamın digər sahələr üzrə də dostları olduqca çox idi. Onların arasında müxtəlif peşə sahibləri olan insanlar da vardı. Onlar da vaxtaşırı bizə yığışar, söhbətlər edərdilər. Anam da onlara pürrəngi çay dəmləyər, düşbərə bişirərdi. O vaxt insanlar biri-birlərinə indikilərdən daha çox səmimi, daha mehriban idilər. Atam cavanlığında yaxşı tar, anam da qarmon çalırdı. Axşamlar işdən sonra atam tarı, anam da  qarmonu ələ alardı. Atamın yaxşı səsi vardı və dəstgahları, muğamları gözəl səslə oxuyurdu. Arabir məktəb dostlarım da bizə gəlir, atamın tar çalmasına, oxumasına qulaq asardılar. Mən yəni belə bir mühitdə formalaşdım, yetişdim. Bir sözlə iİnsanı formalaşdıran, onu zirvələri fəth etməyə hazırlayan anadan olduğu ailəsi və onu əhatə edən ictimai mühitdir.

 

İncəsənət bəşəriyyətə məxsusdur

-Telman müəllim siz milli musiqimizi çox yaxşı bilən bir ailədə böyümüsünüz. Amma sizdə fleytaya maraq haradan oyandı?

– O dövrdə SSRİ adlı bir məmləkətdə yaşayırdıq və bizə yalnız milli musiqi alətləri deyil, Avropadan gələn musiqi alətləri də təbliğ edilir, sevdirilirdi. Yəni biz musiqi baxımından rəngarəng bir mühitdə tərbiyə olunurduq. Bir də bir şeyi də deyim: mən və qardaşım rus məktəbində oxumuşuq, ancaq heç vaxt rus dilində oxuduğumu hiss etməmişəm. Rus məktəbinə gedəndə rus dilini əməlli-başlı bilmirdim. Ola bilsin ki, onda çox çətinlik çəkirdim. Buna baxmayaraq rus dilini də, ingilis dilini də mükəmməl öyrəndim. İncəsənət də eyni şeydir, hansı mühitdə olarsan, onu da öyrənərsən. Nəhayət onu da deyim ki, insan fərddir, o hansısa vakuumda yaşamır.  O hansısa cəmiyyətdə yaşayır və həmin cəmiyyət də onu formalaşdırır.  Hər şey insanı əhatə edən mühitdən, bir də onun genetikasından asılıdır.  O hansısa cəmiyyətdə yaşayır və həmin cəmiyyət də onu formalaşdırır. İnsana xas olan genetik xüsusiyyətlər mühitlə uzlaşaraq onu formalaşdırır.  Bundan əlavə anamla atam ara-sıra bizi, qardaşımla məni opera teatrına aparardı. Bizi ən çox musqiçilər əyləşən yer maraqlandırardı. Biz məhəccərdən ora baxıb heyrətə düşərdik. Orada çoxlu musiqi aləti vardı və onların 95 faizi də Avropaya aid idi. Onlara baxanda elə sevinirdim ki…  Adətən opera və balet teatrında Azərbaycan əsərləri az oynanırdı. Ən çox Avropa operaları tamaşaya qoyulurdu. Adamlar da bu tamaşalara həvəslə baxmağa gələrdilər.

Musqinin dili hamı üçün eynidir. Yəni incəsənət bəşəriyyətə məxsusdur və bütün musiqilər başa düşüləndir. Bir də Bakı o dövrdə çoxmillətli şəhər idi və təbii ki, bu tamaşalara baxmağa yalnız azərbaycanlılar deyil, digər millətlərin də nümayəndələri gəlirdilər. Yəni Avropa musiqisi əslində burada yaşayanlar arasında bir körpü idi. Təbii ki, həmin dövrdə milli musiqimizə də həvəs böyük idi və bu sahədə böyük sənətklarlarımız vardı. Əhmədxan Bakıxanovun Xalq çalğı alətləri ansamblı vardı və onun konsertlərinə həvəslə gedərdik. Dediyim kimi evimizdə də atam tarda, anam qarmonda ifa edərdi. Atam xalq mahnılarımızı, muğamlarımızı həvəslə oxuyardı. 11-12 yaşım olanda məndə də hansısa musiqi alətində ifa etmək həvəsi oyandı. Yəni bizim əlimzidən tutub hansısa musiqi alətində çalmağı tələb etmirdilər.

Bir daha təkrar edim ki, musiqinin bir dili var və onu irqindən, dilindən asılı olmayaraq hamı başa düşür. Məsələnin digər tərəfinə gələndə onu da deyim ki, Avropa musiqisini bir kənara qoyaq, məgər bizim muğamlarımızı, xalq musiqimizi hamı olduğu kimi başa düşə bilirmi? Təbii ki, yox. Heç muğamdan başı çıxmayan adamlar belə onu sevir və xoşlayırlar. Əgər soruşsan ki, dinlədiyin hansı muğamdır, adı nədir, onda cavab verməkdə çətinlik çəkəcək, bilməyəcək bayaqdan ləzzətlə qulaq asdığı muğamın adını. Hansı  ki, ona qulaq asanda görürsən o qədər xoşuna gəlib ki, az qalır özünün harada olduğunu unutsun. Yəni hər bir insanın hissiyatı, az-çox da olsa musiqi duyumu var və dediyim kimi musiqinin dili olmur, onu hamı başa düşür. Bu başqa məsələ ki, hansısa musiqidən xoşun gəlir, ya gəlmir. Mən bizim toylarda ifa olunan bəzi musiqiyə qulaq asmışam. Görürsən ki, təxminən belə səslənir: “ciqalo”, “ciqalo”, “ciqalo”. Hansı ki, bu “ciqalo”ların milli musiqimizə hər hansı aidiyyatı yoxdur. Bu gün milli musiqimizə süni şəkildə o qədər yad nəfəslər əlavə ediblər ki… Bu isə milli musqimizin deqradisiyası deməkdir. Əlbəttə, bu başqa mövzunun söhbətidir… Amma yenə də deyirəm ki, istənilən halda musiqi bəşəri əhəmiyyət daşıyaraq dilindən, dinindən, irqindən, rəngindən, kasıbından, varlısından asılı olmayaraq hamı tərəfindən başa düşüləndir. Mənə gəlincə ziyalı ailəsində, ziyalı mühitində xəmirim yoğrulub, futbol da oynamışam, boksa da getmişəm. Məktəbdə müxtəlif millətlərdən olan uşaqlarnan bir yerdə oxumuşam, yəni beynəlmiləl mühitdə yetişmişəm.  Yadımdadır, sinfimizdə yəhudi millətindən olan bir oğlan vardı, eynək taxırdı. O kitabın bir səhifəsini oxuyar, sonra isə onu örtüb olduğu kimi söyləyərdi. Yəni hərədə bir istedad var və bu təbiidir. Bu baxımdan özünü dünyadan təcrid etməklə, milli çərçivədə qapanıb qalmaqla inkişaf etmək olmaz. Çoxmillətli mühitdə yaşamaq hər bir adamda özünəməxsus rəngarənglik yaradır, dünyagörüşünü artıtır, həm də milli zəmində inkişafa yol açır. Amma bu gün çoxları bunu dərk edə bilmir və ya dərk etmək istəmirlər. Yəni insan nə qədər çox bilsə o qədər də onun üçün yaxşı olur. Çoxbilmişlik hər halda az bilməkdən daha yaxşıdır. İnsanın ağlı, kamalı, təfəkkürü elə formalaşır ki, o formalaşmada yeniliklər əmələ gəlir. Yeniliklər də tək fəaliyyət göstərdiyin sahədə deyil, hər yerdə özünün müsbət təsirini göstərir. Misal üçün mən Misirə-Qahirəyə işləməyə getmişidm, iki il orada İsgəndəriyyədə işlədim. Orada mən nələr görmədim. Mən Avropa musiqi alətindən orada dərs deyirdim. Bundan əlavə simfonik orkestrlə solo konsertlər verirdim. Orada 4 min nəfər tamaşaçı tutan böyük opera teatrı var. Mən niyə bu söhbəti aparıb Misirə çıxardım. İnsan ola bilməz ki, ancaq çörək yesin, su içsin. İnsana həm maddi, həm də mənəvi qida lazımdır.  Mən həmişə insanın dünyaya  açıqgözlə baxmasının tərəfdarı olmuşam. İnsan dünyanın hər yerində inkişafın hansı istiqmatdə getməsini izləməli, onu yaşadığı ölkə ilə müqayisə etməli, əgər geridə qalıbsa irəliyə getmək, inkişafla ayaqlaşmaq üçün cəhdlərə baş vurmalıdır. Yəni hər bir insan nə qədər milli isə, o qədər də dünyəvi, bəşəri hisslərə malik olmalıdır. Məsələn, mən heç vaxt deyə bilmərəm ki, azərbaycanlı deyiləm. Onsuz da ağzımı açan kimi haradan olduğumu dərhal biləcəklər. Mən əsərlərimi həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yazmışam. Dillər öz fikrini ifadə etmək üçün üslublardır. Amma ana dili gözəl dilim olubdur. Anam Səriyyə ana dilimizi çox gözəl bilib, bu dilin şirinliyini qanımıza hopdurubdur. Yəni demək istəyirəm ki, anam bizi tərbiyələndirib, südü də bizə o verib.  Amma yenə də bu, mənə azərbaycanlıyam deyə dünya elmini, dünya mədəniyyətini inkar etmək hüququ vermir.

 

– Telman müəllim heç olubmu ki, dönüb arxaya, uşaqlıq və gənclik illərinə nəzər salanda “bunu etməmişəm, etsəydim daha yaxşı olardı” deyə təəssüflənibsinizmi?,

– İnsan nə qədər yüksəlirsə, nə qədər nailiyyətləri olursa, o qədər də  həmişə təəssüflənir ki, az eləmişəm. Mən 68 il dövlət xətti ilə qastrollara getmişəm. Müxtəlif ölkələrdə, müxtəlif qitələrdə olmuşam. Aspiranturada oxuduğum illərdə ifaçı kimi Rusiyada olmadığım yer olmayıb. Elmlər doktorluğumu Lomonosov adına Moskva Dövlət universitetində müdafiə etmişəm. Müdafiəmdə 300 nəfərdən artıq adam vardı və onların hər biri mənə sual vermək hüququna malik idilər. Bunu ona görə deyirəm ki, biz dünyəvi şəxsiyyətlərik. Eyni zamanda mən fəxr edirəm ki, azərbaycanlıyam, bu vətənin güclü, qüdrətli olması üçün əlimdən gələn töhfəni verirəm və bunu özümə şərəf bilirəm. Mən çox sevinirəm ki, bizim gənclər gedib Avropa ölkələrində təhsil alır, dünyanın inkişafı ilə tanış olur və geriyə qayıtdıqdan sonra müasir biliklərə sahib gənclər kimi öyrəndiklərini ölkəmizin inkişafı üçün tətbiq edirlər. Mənim bir diskimdə 40 Azərbaycan bəstəkarının mahnısı var. Üzeyir Hacıbəylinin “Sevgili cananı” ilə başlayıram, onun iki romansı var. Sonra gəlir Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Bakıxanov və digərlərinin musiqiləri… Başqa bir diskimdə dünya fleyta şedevrləri toplanıb. Orada fleyta üçün bəstələnmiş dünya bəstəkarlarının əsərləri yer alıb. Bu da cəmiyyətə lazımdır. Məsələn, Moskva Dövlət Simfonik orkestrində Tofiq Bakıxanovun mənim üçün bəstələdiyi musiqini, üç hissəli  konserti ifa edirəm. Bunu dünya eşidir və belə fəaliyyətimin nəyi pisidr ki…Yəni mən əvvəla Azərbaycanı təmsil edirəm, onun varlığını, mənəviyyatını,  onun daxili aləmini onlara çatdırıam, həm də onlardan götürürəm. Yalnız milli zəminə sığınıb qalmaqla güclü, qüdrətli olmaq omaz. Mən aşıq musiqisini də sevirəm, bunu da inkar etmək olmaz. Aşıq sazda yaxşı ifa edəndə, gözəl səslə oxuyanda adama ləzzət eləyir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN