Paşazadə kimləri nəzərdə tutur?

0
577

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə son günlər xeyli açıqlama verib. Bunlardan 3-nü xüsusi qeyd etmək lazımdır.

 

Paşazadənin birinci açıqlaması: “Azərbaycanda dini televiziyanın yaradılmasına ehtiyac var”.

 

Paşazadənin ikinci açıqlaması: “Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır”.

 

Paşazadənin üçüncü açıqlaması: “Azərbaycanda dini siyasi təbliğatın bir vasitəsinə çevirmək istəyən qüvvələr var”.

 

Modern.az “Atlas” araşdırmalar mərkəzinə istinadən xəbər verir ki, QMİ rəhbərinin birinci ikinci açıqlaması sələfiliyin Azərbaycanda populyarlaşması ilə bağlıdır.

 

Belə ki, Paşazadə konkret ölkə və ölkələrin adını çəkmədən həm də ona ehtiyatlanır ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb.

 

“Məsələn turizm naziri Əbülfəz Qarayevin sözlərinə görə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb. Yəqin Paşazadə ehtiyat edir ki, Azərbaycanın ərəb ölkələrlə yaxınlığı Azərbaycanda sələfiliyin daha çox populyarlaşmasına gətirib çıxara bilər. Paşazadənin sözlərinə görə, Azərbaycana turist kimi gələnlərin bir hissəsi dini təbliğatla məşğul ola bilərlər. Paşazadə bunları deyib: “Elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.

 

Paşazadənin bu sözlərinin hansı ölkələrə aid olduğu üzərində baş sındırmağa dəyməz. Məhz ərəb ölkələri Azərbaycana sərmayə qoymaq, daşınmaz mülkiyyət almaq istəyirlər. Azərbaycanın dövlət siyasəti ərəb ölkələri ilə sıx əməkdaşlığı, bu ölkələrdən turistlərin sayının çoxalmasına yönəlibsə, Allahşükür Paşazadə bu siyasətdən ehtiyat etməyə başlayıb. Halbuki, Paşazadədən fərqli olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcud vəziyyətdən narahat deyil. Doğrusu, gələn turistərin dini təbliğatla məşğul olduqlarına dair elə bir ciddi fakt da ictimaiyyətə açıqlanmayıb”,-deyə mərkəzin təhlilində bildirilib.

Qeyd olunub ki, şeyxülislam  Azərbaycan əhalisinin çoxluq təşkil etdiyi ənənəvi konfesiyyanın maraqlarını qorumağa çalışır.

 

Onun təklif etdiyi dini televiziya kanalının yaradılması da bununla bağlıdır.

 

“Paşazadə bu təklifini prezidentə də çatdırıb. Ancaq prezidentin bu təklifə cavabı hələ yoxdur. Çünki, Azərbaycanda dini televiziya kanalı açılması dini məsələlərin həllinə, dünyəvi ölkədə dinin rolu mövzularının aydınlaşmasına yox problemlərin artmasına da yol aça bilər.

 

Bir də ki, dövlətin televiziya kanallarında dini proqramlar yayınlanırsa və həmin proqramlarda müxtəlif suallar cavablandıırlırsa, ayrıca dini kanal açmağa nə ehtiyac var? Buna görə də dini kanalın yayını məsələsi dərin öyrənilmədən Paşazadənin təklifinə yaxın zamanlarda müsbət cavab veriləcəyi problematikdir. Təsadüfi deyil ki, Paşazadənin təklifinə cavab olaraq Milli Televiziya və Radio Şurası yaxın gələcəkdə teleradio yayımı üçün müsabiqənin elan edilməyəcəyini açıqladı.

 

Azərbaycan prezidenti Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bunları dedi: “Beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Azərbaycanda sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük. Bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir”.

İlham Əliyev Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığına əhəmiyyət verir, mütəmadi olaraq həmin ölkələrə səfərlər edir, Azərbaycanda ərəb turistlərin və sərmayəsinin artmasında maraqlıdır.

 

Çünki ərəb turizminin və sərmayəsinin artışı post-neft dövründə Azərbaycanın inkişafına xidmət edir. Ona görə də prezident bu siyasətdən imtina etməyəcək. Yox əgər Azərbaycanda dini təbliğat məqsədilə xaricdən emissarlar gələcəksə, bu artıq təhlükəsizlik xidmətlərinin məsələsi olacaq”.

BIR CAVAB BURAXIN