“Parlamentə 3 yox, 9 türkmən seçildi…”

0
596

Arazinfo.com Teleqraf.com-a istinadən İraqın Regional İnkişaf naziri, Türkmən Xalq Partiyasının sədri Turxan Müftioğlu ilə müsahibəni təqdim edir.

– Turxan bəy, mayın 12-də İraqda parlament seçkiləri keçirildi. Nəticələri necə qiymətləndirirsiniz?

– Seçkilər keçirilib, baş tutub və nəticələr rəsmən açıqlanıb. Müqtəda Sədrin qurduğu koalisiya qələbə qazanıb. Növbəti mərhələ hökumətin qurulmasıdır.

– Bu seçkilərdə İraq türkmənlərinin cəmi 3 namizədinin deputat seçildiyi xəbəri yayılmışdı. Bu barədə nə deyə bilərsiniz?

– Əlbəttə, yanlış informasiyadır. Nəzərə almaq lazımdır ki, türkmənlər fərqli partiyalarda, təşkilatlarda təmsil olunur. Sizə deyə bilərəm ki, fərqli ittifaqlardan və siyahılardan millətcə türkmən olan 9 şəxs İraq parlamentinə seçilib. Bu, müsbət haldır.

– Ancaq Kərkükdə insanlar seçki və onun nəticəsinə narazıdır…

– Tamamilə haqlısınız. Mən daim Kərküklə əlaqə saxlayır və vəziyyətlə yaxından maraqlanıram. İmkan daxilində Kərkükə dəyirəm. Söhbət ondan gedir ki, son seçkilər zamanı Kərkükdə haqsızlıqlar olub. Daha doğrusu, seçkilər zamanı oyunlar baş verib. Bizim fikrimizcə, bu, artıq məhkəmə predmetidir.

Yəni baş verənlər məhkəmədə müzakirə olunacaq, veriləcək qərardan sonra biz fikirlərimizi açıqlaya bilərik. Əsas odur ki, türkmənlər eyni mövqedən çıxış etsinlər.

Digər tərəfdən, əsas odur ki, müxtəlif siyahı və partiyalardan 9 türkmən parlamentə daxil ola bilib. Bu, vacib addımdır.

– Sizcə, parlamentdə türkmənlərin deputatla təmsilçiliyi yaxşı nəticədir?

– Adətən, İraq parlamentinə 9 və ya 10 türkmən deputat seçilir. Parlamentdə bundan yuxarı həddə deputatımız olmayıb. Amma çalışmalıyıq ki, daha çox təmsilçimiz olsun.

– Siz hazırda İraqda İbadi hökumətində təmsil olunursunuz. Bundan sonra qurulacaq hökumətdə yer almağınız gözlənilirmi?

– Yeni hökumət hələ qurulmayıb. Hökumət qurulduqda bu məsələlər müzakirə oluna, hansısa təklif və ya təşəbbüslər ortaya çıxa bilər. Hələlik yeni hökuməti kimin, hansı əsaslarla quracağını gözləmək lazımdır.

– Hazırda türkmənlərin durumu əvvəlki illərlə müqayisədə necədir?

– Türkmənlərin vəziyyəti yaxşılığa doğru gedir. Ümumiyyətlə, İraqda vəziyyət müsbətə doğru inkişaf edir İlk öncə yeni hökumət təşkil edilsin, baxaq görək bundan sonra necə olacaq.

– Turxan bəy, Heydər İbadinin yenidən baş nazir olacağı haqda xəbərlər yayılıb. Bu nə dərəcədə realdır?

– İndi hər kəs özünü namizəd hesab edir. Hazırda hökumətin qurulması istiqamətində danışıqlar aparılır, görüş və fikir mübadiləsi həyata keçirilir. Son qərarın nədən ibarət olacağını yəqin ki, yaxın günlərdə görəcəyik.

BIR CAVAB BURAXIN