Pakistan türkiyəli müəllimləri deportasiya edir

0
586

AzadlıqRadiosunun müxbirləri Frud Bejan Əhməd Şah yazırlar ki, Pakistandakı türk məktəblərinin 100-dən çox müəllimi deportasiya təhlükəsi ilə qarşılaşıb.

Pakistan hökumətinin bu qərarından sonra onların əksəriyyəti vətənlərinə qayıtmaq istəmirlər.

PakTürk özəl məktəblər şəbəkəsinin vəzifəli nümayəndəsi bu məktəblərin müəllimlərinin deportasiyası qərarını tənqid edib və bildirib ki, qərar yüzlərlə şagirdin təhsil sahəsində qeyri-müəyyənliklə üzləşməsinə səbəb olacaq.

PakTürk Beynəlxalq Məktəblər və Kolleclər şəbəkəsi müəllimlərinin və onların ailə üzvlərinin ölkəni tərk etməsi üçün noyabrın sonunadək vaxt qoyulub. Bu, ümumilikdə deportasiya ilə üzləşən 450 nəfər deməkdir.

Türkiyə hökuməti bu məktəb şəbəkələrini ABŞ-da sürgündə olan türk vaiz Fethullah Gülenlə bağlı olmaqda ittiham edir. Ankara bildirir ki, Türkiyədə ötən iyulda baş vermis uğursuz hərbi çevriliş cəhdinin arxasında məhz cənab Gülen dayanıb.

PakTürk şəbəkəsinin vise-prezidenti Nurican Dündar AzadlıqRadiosunun Məşəl bölümünə deyib ki, müəllimlər və onların ailə üzvləri Türkiyəyə qayıtmayacaqlar, çünki orada Gülen tərəfdarı olmaqda ittiham edilən minlərlə insanın repressiyaları davam edir.

“Bizim ən böyük problemimiz budur ki, biz Türkiyəyə qayıda bilmərik, – deyib Dündar, – Türkiyədə ən müxtəlif təsisatlardan olan insanlar və dostlarımız həbsxanaya atılıblar.Onlar bizi Türkiyəyə göndərirlər ki, orada bizi də həbs etsinlər”.

Pakistanda 2010-cu ildən işləyən Dündar deyib ki, o və PakTürkün digər heyət üzvləri təsisat məktəblərinin hələ də fəaliyyətdə olduğu 172 ölkəyə köçmək niyyətindədirlər. Lakin o, bunun mümkün olub-olmayacağına əmin olmadığını da deyib.

Xəbər verilir ki, Pakistanın daxili işlər naziri əvvəlcə müəllim heyətinə ölkəni noyabrın 20-dək tərk etmək xəbərdarlığı vermişdi, lakin indi möhlət müddəti ayın sonunadək uzadılıb.

Məktəblər şəbəkəsi məhkəmənin qərarından appelyasiya versə də, bu iddia rədd edilib.

Dündar deyib ki, PakTürkün Gülenlə bağlı olduğuna dair iddialar tamamilə əsassızdır.

Gülen şəbəkəsinə daxil 2000-dək məktəb hazırda dünyanın 160 ölkəsində fəaliyyət göstərir.

Ankara ölkədə Gülen hərəkatına bağlı olan bütün türk müəssisələrinin bağlanmasını İslamabaddan rica edib.

Erdoğandan təşəkkür

Türkiyə prezidenti Recep Tayyip Erdoğan noyabrın 16-da İslamabada səfəri zamanı Pakistan hökumətinə, onun təbirincə deyilsə, fethullahçı “terror” təşkilatına qarşı gördüyü tədbirlərə görə təşəkkürünü bildirib.

Hazırda Ankara Ferthullah Gülenin ABŞ-dan ekstradisiya olunmasını tələb edir, lakin Vaşinqton bildirib ki, Türkiyə tərəfi Fethullah Gülenin çevriliş cəhdinin arxasında dayandığını isbat edən sübutlar təqdim etməlidir.

Dündar deyib ki, hökumətin PakTürkü bağlamaq qərarı 24 milyon uşağın məktəbdən kənarda qaldığı Pakistanda 28 məktəbdə təhsil alan 10 min tələbəyə ağır zərbə olacaq.

Dündar deyib ki, müəllimlər tələbələrdən və onların valıideynlərindən ayrılmaq zorunda qaldıqlarına görə məyusdurlar.

Noyabrın 18-da hökumətin bu qərarına qarşı valideynlərin etiraz aksiyaları keçirilib.

Amnesty International deyib ki, bu “siyasi motivli qərar” ilk növbədə Pakistan uşaqları üçün böyük itki olacaq.

Təşkilatın Cənubi Asiya regionu üzrə direktoru Çampa Patel deyib ki, Pakistana məktəbləri “siyasi motivlərlə” bağlamaq yox, uşaqlar üçün daha çox sinif otaqları yaratmaq lazımdır.

BIR CAVAB BURAXIN