ÖZÜNƏ BU QƏDƏR NİFRƏT HARDANDIR ?

0
41

Qurunu, yaşını, nəmini görür,
Səsinin zilini, bəmini görür,
Cəmi işlərinin çəmini görür,
Gözünə bu qədər nifrət hardandır,
Hardandır, hardandır, can Məsimoğlu?

Bu sənin bağındır, sənin dağındır,
Bu sənin qarandır, sənin ağındır,
Söndürdüyün ocaq öz ocağındır,
Közünə bu qədər nifrət hardandır,
Hardandır, hardandır, can Məsimoğlu?

Yaza nifrətini başa düşmürəm,
Saza nifrətini başa düşmürəm
Paza nifrətini başa düşürəm,
Sözünə bu qədər nifrət hardandır,
Hardandır, hardandır, can Məsimoğlu?

Dağıdan da sənsən, quran da sənsən, 
Yıxılan da sənsən, duran da sənsən,
Vurulan da sənsən, vuranda sənsən,
Özünə bu qədər nifrət hardandır,
Hardandır, hardandır, can Məsimoğlu?