Özbəkistan İslam Kərimovun siyai varisini seçir

0
579

11

Özbəkistanda prezident seçkilərinin birinci mərhələsi başa çatıb.Musavat.com xarici mətbuata istinadən verdiyi xəbərə görə ölkə vətəndaşları İslam Kərimovun ölümündən sonra boşalan prezident kürsüsünə yeni adamı “seçəcəklər”.
Təbii ki, qələbə üçün bütün şanslar ölkənin faktiki rəhbəri, baş nazir Şavkat Mirzəyayevə aid edilir.
Baş nazir Şavkat Mirzəyayev Özbəkistanın mütləq lideri İslam Kərimovdan sonra yerli klanların maraqları arasında balansı qorumağa və sistemi sabitləşdirməyə müvəffəq olub.
Özbəkistanda birbaşa səsvermə dekabrın 4-də baş tutacaq.
Lakin üzrlü səbəbdən həmin gün səs verə bilməyənlərin bu həftə ərzində və dekabrın 2-nə qədər seçkidə iştirak etmək hüququ var.
Buraya əsasən xaricdə yaşayan özbəklər aiddir. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, tək Rusiyada 1,5 milyon özbək yaşayır.
Ölkənin birinci şəxsi olmaq uğrunda 4 namizəd yarışır.
Bunlar Özbəkistan Liberal-demokrat partiyasını, habelə Sahibkarlar və iş adamları hərəkatını təmsil edən Şavkat Mirzəyayev, Milli-demokrat partiyadan Hatəmjon Ketmonov, “Milli Tiklaniş” partiyasından Sərvər Otamuradov və “Ədalət” partiyasından Nəriman Umarovdur.

Siyasi müşahidəçilər əslində seçkilərin formal xarakter daşıdığını və Şavkat Mirzəyayevin ölkənin yeni lideri olacağına şübhə etmirlər.
Onların rəyinə görə, Özbəkistanın siyasi elitası olduqca qapalı və bir-biri ilə gərgin rəqabət vəziyyətindədir.
Bu səbəbdən 13 il ölkənin baş naziri olmuş Mirzəyayevin namizədliyi bütün yerli klanları təmin edir.
Rusiyalı politoloq Andrey Qrozinin fikrincə, Kərimov öz hakimiyyəti dövründə iki siyasi klanı,
Daşkənd və Səmərqəndi bir araya gətirməyi bacara bilib.

Bundan başqa, Şavkat Mirzəyayev ölkənin əsas güc sahibi, Milli Təhlükəsizlik Xidmətinin rəisi Rüstəm İnoyatovun da dəstəyini qazanıb.
İslam Kərimovun vaxtilə faktiki xanlıq kimi idarə etdiyi Özbəkistana bu dövrlərdə müəyyən qədər seçki ab-havası gəlib. Seçkiləri müşahidə etməyə gələn ATƏT müşahidəçiləri namizədlərin xalqla daha sıx təmas qurduğuna diqqət çəkiblər.
Lakin hətta qanunla belə təmin edilən bir sıra prosedurların, o cümlədən siyasi debatların keçirilməsindən söhbət belə gedə bilməz.
Seçki öncəsi hər hansı bir siyasi təlatüm qeydə alınmayıb.
Yalnız İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri seçkiqabağı vəziyyəti bir qədər qarışdırıb.
Buna rəğmən 44 yaşlı Gülnarə Kərimovanın ölümü həm yaxın çevrəsi, həm də Londonda yaşayan 23 yaşlı oğlu tərəfindən inkar edilib.
Ekspertlərin rəyincə isə, bu xəbər əslində Mirzəyayevin rəhbərlik etdiyi sistemin möhkəmliyini yoxlamaq üçün ortaya atılan piardan başqa bir şey deyil.
Mütəxəssislər bütün regionun Özbəkistandakı siyasi sabitlikdən asılı olduğunu qeyd edirlər. Özbəkistanda baş verən istənilən siyasi titrəmə həm Qazaxıstan, həm də Qırğızıstan və Tacikistanda hiss edilir.
Özbəkistanın yeni rəhbərliyi ölkənin dünyadakı imicini düzəltmək və informasiya müharibəsindən zərər görməməsi üçün cüzi addımlar atıb.
Buna ən böyük örnək olaraq vaxtilə İslam Kərimovun tutdurub 23 il həbsdə saxladığı Səməndər Kukanovun azad edilməsini göstərmək olar.
Bu hadisə Mirzəyayevin Qərbə münasibətləri yenidən başlamaq yolunda mesajı kimi təqdim edilir.
Lakın Özbəkistanda hakimiyyət idarəçiliyinin bütün metodları əvvəlki kimi qüvvədədir. Köhnə dövrlərdə olduğu kimi, hərbi qulluqçulardan tutmuş müəllimlərə qədər hər kəs zorla pambıq yığmağa aparılır.
Bundan başqa, hər hansı demokratik azadlıqlıq və hüquqların təmin edilməsi üçün yaxın illərdə hər hansı bir addımın atılacağı gözlənilmir.

BIR CAVAB BURAXIN