Özəl şirkətlərin borcu 11 milyard dollar artdı, kreditlərin həcmi 7,9 trln. dollara çatdı

0
593

Yola saldığımız həftə mərkəzi bankların qərarları ilə yadda qaldı. Yaponiya Mərkəzi Bankı (BOJ) uçot dərəcələrini -0,1% həddində saxlanılmasına qərar verdi. Qurum monetar ekspansiya proqramı çərçivəsində dövlət istiqrazlarını bazardan geri alaraq pul kütləsini ildə 80 trln. yen (786,43 mlrd. ABŞ dolları) artırmaq qərarına gəldi. Mərkəzi Bank bəyan etdi ki, inflyasiyanın 2% hədəflənməsi fonunda 10 illik müddətə faiz həddini 0%-də saxlamağa çalışacaq.

 

Bank həmçinin lazım gələrsə, uçot dərəcələrini, uzunmüddətli faiz hədəfini azalda biləcəyini, monetar ekspansiyanın həcmini artıra biləcəyini vurğuladı. Qeyd edək ki, BOJ-un açıqlamalarından sonra yapon yeni dollarla müqayisədə ucuzlaşdı. Halbuki investorlar BOJ-un heç bir qərar qəbul etməyəcəyini ehtimal edərək yenin möhkəmlənəcəyini gözləyirdilər.

 

FED fürsəti əldən buraxdı

 

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) də yola saldığımız həftə toplandı. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxladı.

 

Xatırladaq ki, ötən il dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırsa da, sonra keçirilən iclaslarda uçot dərəcəsini dəyişdirmir. FOMC-ın iclasından sonra mətbuat konfransı keçirən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin direktoru Canet Yellen bildirdi ki, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir: “Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki, gözləməyə qərar verdik”.

 

Yellenin bildirdi ki, iqtisadiyyat qarşıdakı bir neçə ildə mötədil (nə çox, nə az) artacaq: “Müəssisə investisiyaları zəif qalmaqda davam edir. İnflyasiyanın 2-3 ildə 2 faiz hədəfinə çatacağını gözləyirik. İşsizlik göstəriciləri daha çox adamın iş axtardığına işarə edir. Daha çox insanın iş axtarması müsbət inkişafdır. Şəxsi istehlak xərcləri qiymət inflyasiyası (PCE) hazırda 2 faiz hədəfindən aşağıdır. İqtisadi artım və məşğulluq artımı faizin qaldırılması üçün vəziyyəti gücləndirir. Yaxşılaşmaya dair daha çox fakt görmək üçün gözləməyi seçdik. Faizin artırılması sürəti məlumatlara reaksiyaya görə dəyişəcək”.

 

Nəzərə çatdıraq ki, FED-in Açıq Bazar üzrə Federal Komitəsinin üzvlərinin əksəriyyəti  uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər.

“Morgan Stanley” maliyyə-investisiya qrupu Federal Ehtiyat Sisteminin (FED) bu il uçot dərəcəsini artırmasının gözlənilmədiyini açıqladı. “Morgan Stanley” maliyyə-investisiya qrupunun qlobal strateji valyutalar blokunun rəhbəri Hans-Günter Redeker qarşıdakı 2 ay ərzində dolların 4-5% ucuzlaşacağını deyir. O qeyd edib ki, yapon yeni dollara qarşı 97-ci ilin səviyyəsinədək bahalaşa bilər.

 

“Moody’s Analytics”in  baş iqtisadçısı Mark Zandi isə ABŞ Mərkəz Bankının (FED) faiz artımına getmək üçün fürsəti olduğunu, lakin bunu qaçırdığın bəyan etdi. M.Zandi FED-in son qərarını səhv kimi dəyərləndirdi: “ABŞ və Avropada keçiriləcək seçkilər, geopolitik gərginliklər və maliyyə dalğalanmaları FED-in faiz artımını yenidən təxirə salmasına yol açacaq. Məncə, çərşənbə günü faizi artırmalı idilər. Çünki maliyyə bazarları sakitdir, qlobal iqtisadiyyatda sabitlik nəzərə çarpır. FED-in əlinə faizləri  artırmaq üçün əhəmiyyətli  fürsət keçmişdi, amma bunu qaçırdı. Məncə, bu bir səhv idi.”

 

Onun sözlərinə görə, bazarlarla FED arasında məsafə yaranıb. Bunun səbəbi də FED-in hər dəfə faizləri artırmaq barədə qərarını dəyişdirməsidir: “Artıq investorlar FED-in bu il faiz artımına gedəcəyinə inanmırlar”.

 

FED-in qərarı haqqında deyəcəklərimiz bu qədər…Bir qədər də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatından bəhs edək. Təşkilat  2016-cı ildə dünyada iqtisadi artım tempi üzrə proqnozunu 0,1% bəndi azaldaraq 2,9%-ə saldı. OECD-in iyun ayında açıqladığı hesabatda təşkilat bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 3% artacağı qeyd olunub.

 

Təşkilat öz hesabatında həmçinin 2017-ci il üçün də iqtisadi artım proqnozunu 0,1% bəndi azaldaraq 3,2%-ə endirdiyini bəyan edib. Xatırladaq ki, 2015-ci ildə qlobal ÜDM 3,1% artım nümayiş etdirib.

 

OECD ekspertlərinin sözlərinə görə, “inkişaf etmiş ölkələrdəki daha zəif iqtisadi şərait və “Brexit”in mənfi nəticələri əsasən, əmtəə hasilatçısı olan inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının bərpa olunması ilə kompensasiya ediləcək”.

 

Hesabatda qeyd olunur ki, dünya iqtisadiyyatının zəif iqtisadi artım proqnozları ÜDM-in artmasına mənfi təsir edir: “Nəticədə, ticarət, investisiyalar, məhsuldarlıq və əmək haqları mənfi təsirə məruz qalıb.

 

Dövrünün ən uzun ressesiyasından çıxmağı bacaran Rusiyada vətəndaşların real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalıb. Bununla da, əhalinin real gəlirlərindəki azalma tempi 7 illik maksimuma çatıb. Bildirək ki, 2009-ci ilin avqust ayında Rusiya vətəndaşlarının gəlirləri illik müyqayisədə 8,2% azalma nümayiş etdirib. Sonuncu dəfə isə gəlirlərdə artım 2014-cü ilin oktyabr ayında qeydə alınıb. Hazırda əhalinin real gəlirlərində azalma getdikcə sürətlənir. Belə ki, iyun ayında illik azalma azalma 4,8%, iyul ayında isə 7,3% təşkil edib.

 

Dünya dövlətlərinin kredit dərdi

 

Beynəlxalq Hesablaşmalar Bankı (BİS) ölkələrin kredit borclarını hesabladı. Məlum oldu ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çində kreditləşmənin həcminin sürətlə artması ən böyük risk olaraq qalır. BİS-in hesabatına görə, kredit portfelinin həddindən artıq böyüməsi gec-tez dünyanın ikinci ən böyük iqtisadiyyatında böhrana səbəb olacaq, bu isə fəlakətə gətirib çıxaracaq.

 

Hesabatda qeyd olunub ki, 2016-cı ilin ilk rübündə Çində bank stressinin xəbərdarlıq göstəricisinin rekord səviyyəyə yüksəlməsi bu ölkənin korporativ borcunun nəinki özü üçün, bütün dünya üçün risk amilinə çevrilməsinə səbəb olacaq.

 

BİS mütəxəssislərinin fikrincə, Çində kreditləşmə artım tempi ilə ümumi daxili məhsulun (ÜDM) artım tempi arasında fərq 30,1%-ə çatıb. Bu isə 1995-ci ildən bəri ən yüksək hədd hesab olunur və Çinin maliyyə dairələrində aktiv şəkildə müzakirə edilir.

 

Kreditləşmənin həcminə qiymət vermək çətin olsa da, onun müqayisəli təhlili Çinin maliyyə vəziyyətini aydın şəkildə əks etdirir. BİS-in hesabatında bildirilib ki, sözügedən göstəricinin artması, yəni kreditləşmə ilə ÜDM artımı arasında fərqin böyüməsi bank böhranı barədə xəbərdarlıq siqnalı və yaxud sektorda ciddi problemlərin olması kimi qiymətləndirilir. Fərqin 10%-dən çox olması yüksək risklərin yarandığından xəbər verir. Hesabatda qeyd edilib ki, adətən bu haldan 3 il sonra ağır maliyyə böhranları baş verir.

 

Buna baxmayaraq, BİS-in hesabatına görə Çində bu göstərici 2009-cu ilin ortalarından etibarən təhlükəli həddə çatıb. Amma bu ölkədə heç bir böhran baş verməyib. Lakin BİS xatırladır ki, 2016-ci ilin ilk rübündə adıçəkilən göstərici gözlənilmədən kəskin artıb və 41 ölkədən, o cümlədən avrozonadan yüksək olub.

 

Bu arada qeyd edək ki, Çin Xalq Bankına (Çin Mərkəzi Bankı) görə, avqust ayında Çində yeni kreditlərin həcmi 948,7 mlrd. yuan və ya 141,6 mlrd. ABŞ dolları təşkil edib. Əlbəttə, bu, yanvar ayında qeydə alınmış 2,5 mlrd. yuan və ya 154 mlrd. ABŞ dolları göstəricisindən az olsa da, iyul ayındakı yeni kreditlərdən (463,6 mlrd. yuan və ya 70,5 mlrd. ABŞ dolları) 2 dəfə çoxdur.

 

Kreditdən söz düşmüşkən, BİS-in rüblük hesabatında dünya ölkələri üzrə nə qədər dollar krediti verildiyi də qeyd edilib. Bildirilib ki, ilin 1-ci rübünün yekununda ABŞ istisna olmaqla, dünya ölkələrində dollarla verilən kreditlərin ümumi həcmi 7,9 trln. dollar təşkil edib. Hesabata əsasən, dollarla kreditlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb. Qlobal dollar kreditləşməsnini həcmindəki azalma ABŞ istisna olmaqla 2007-2009-cu il böhranından sonra ilk dəfə qeydə alınıb.  İnkişaf etməkdə olan ölkələrdə dollar kreditlərinin həcmi 2016-cı ilin yanvar-mart aylarında 3,2 trln. təşkil edib ki, bu da 2015-ci il II rübünün sonunda qeydə alınan maksimal rekord həddən 137 mln. dolllar və ya 4,1% azdır.

Martın sonuna avro ilə avrozona xaricində verilən kreditlər isə son 2 ildə ilk dəfə azalma nümayiş etdirib. BİS bunu avrozona banklarının maliyyə vəziyyətinin zəifləməsi ilə izah edib.

Özəl sektorun borcu 206,6 milyard dollara yüksəlib

 

Türkiyədə özəl sektorun xaricdən cəlb etdiyi uzun vədəli kredit borcu isə iyulda 2015-ci ilin sonu ilə müqayisədə 11,2 milyard dollar artaraq 206,6 milyard dollara yüksəlib.Türkiyə Mərkəz Bankının (TCMB) hesabatında qeyd edilir ki, özəl sektorun xaricdən cəlb etdiyi uzun müddətli kredit borcu iyulda keçən il sonu ilə  müqayisə  11,2 milyard dollar artaraq 206,6 milyard dollara yüksəlib. Bu dövrdə özəl sektorun qısa müddətli  kredit borcu (ticari kreditlər xaric) isə 1,9 milyard dollar azalaraq 18,6 milyard dollara geriləyib.

 

İş dünyası- Avropa və ABŞ-ın biznes davası

 

ABŞ ilə Avropa Birliyi (AB) arasındakı ticari çəkişmələr davam edir. Avropa Birliyi bu dəfə  560 milyon dollarlıq vergi borcu səbəbindən  “McDonalds”la üz-üzə gəldi. Birliyin rəqabətdən məsul komissarı Margreze Vestager bildirdi ki, Amazon kimi bir çox ABŞ şirkəti  haqqında araşdırma aparılıb: “ Bu siyahı  uzundur. Nəzərə çatdıraq ki, keçən həftə AB Komissiyası tərəfindən “Apple”ə qarşı tətbiq edilən 14 milyard dollarlıq vergi cəzası əks-səda doğurmuşdu.

 

Yeri gəlmişkən, ABŞ da bu qərara cavabsız qalmadı. Elə həmin həftə Ədalət Nazirliyi Almaniyanın “Deutsche Bank”ına  manipulyasiya səbəbiylə 14 milyard dollarlıq cəza tətbiq etdi. AB-nin budəfəki vergi cəzasına ABŞ-ın nə ilə cavab verəcəyi hələ bəlli deyil. “McDonald’s”a qarşı tətbiq edilən vergi cəzasında bildirilir ki, şirkət 30 faiz vergi ödəmək əvəzinə 1.49 faiz vergi ödəyir. Onu da bildirəki ki, restoranlar şəbəkəsinin AB üzrə gəlirlərinin həcmi 1.8 milyard dollardır.

Bu arada Avropa Birliyinin milyard dollarlıq vergi cəzası  tətbiq etdiyi  ABŞ şirkətlərinin  bazar dəyəri davamlı olaraq artır. Mütəxəssislər bazarların birliyin vergi cəzalarını ciddi qəbul etmədiyini irəli sürür.

 

Onun-bunun pulunu sayan “Forbes” Rusiyanın 200 ən böyük şirkətinin siyahısını açıqladı. Siyahıda “Lukoyl” birinci sırada yer aldı. Şirkətin bazar kaptalizasiyası 2 500 milyard rubl təşkil edir. İşçilərinin sayı isə 106 200 nəfərdir. “Lukoyl”  ötən bir ildə 476 milyard dollar gəlir əldə edib. İkinci yerdə “Surqutnefteqaz” şirkəti gəlir. Şirkətin bazar kaptalizasiyası1100 milyard rubl, işçilərinin sayı 115218 nəfərdir. Üçüncü sırada  “Maqnit”,  dördüncü “X5 Retail Group”, beşinci “Vimpelcom” şirkəti olub. Azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Group” qiymətləndirmədə 172-ci sıraya layiq görülüb. Şirkətin bir ildə gəliri 8,1 milyard rubl artıb.

 

Azərbaycan

 

Gəldik çatdıq güllük-gülüstanlıq olan öz ölkəmizə. Qeyri-neft sektorunun inkişafı sahəsində iri addımlar atan ölkəmiz “ağ qızıl” potensialını bərpa etməyə qərar verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncamda məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasıdır.

 

Sənədə əsasən, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulur, həmçinin subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

 

 

Daha bir mühüm xəbər növbəti il üçün nəzərdə tutulan büdcəmizlə bağlıdır. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edildi. “Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alındı.

 

Məndən bu qədər…

Leyla

Publika.az

BIR CAVAB BURAXIN