“Oxu məni” qəzeti rəy sorğusuna görə ən çox oxunan qəzet idi

0
1449

Azərbaycan mətbuatında özünəməxsus şərəfli bir iz buraxan və milli mətbuatımızın inkişaf etdirilməsinə böyük  töhfələrdən birini verən “Oxu məni” qəzeti ötən əsrin 90-ci illərinin ortalarından başlayaraq respublikamızda ən çox oxunan və satılan qəzetlərdən biri kimi məşhurlaşmışdı. Təsisçisi və baş redaktoru Emin Axund olan “Oxu məni” qəzeti qısa müddətdə oxucuların ən sevimli qəzetinə çevrilməyi bacarmışdı. Həmin dövrdə satışına və tirajına görə bütün qəzetləri özündən geridə buraxan “Oxu məni” qəzeti bununla da milli mətbuat tariximizdə özünəməxsus bir rekorda imza atmışdı. “Oxu məni” qəzetinin hər səhifəsində, hər rubrikasında milli, mənəvi dəyərlərimizə sadiqlik, dövlətçiliyimizin müdafiəsi, müstəqilliyimizin qorunması təbliğ edilirdi. Qəzetimizin oxucular arasında böyük təsir gücünüə malik olduğunu, ən çox oxunan qəzet kimi sevildiyinə adi bir misal kimi 1999-cu ilin oktyabr ayında  Media rating araşdırmalar mərkəzinin oxucular arasında keçirdiyi rəy sorğusunu göstərə bilərik. Bu rəy sorğusu qəzetimizin o dövrdə ən çox oxunduğunu da bir daha təsdiq edir. Rəy sorğusu nəticəsində “ Oxu məni” qəzeti  “Yeni Müsavat”la birgə bütün nəşrləri özlərindən xeyli geridə buraxaraq müvafiq olaraq 13 və 13,2 faiz səslə birinci-ikinci yerləri bölüşdürmüşdü. Bu, Azərbaycanda o dövrdə nəşr edilən qəzetlər arasında  “Oxu məni” qəzetinin nə qədər yüksək yer tutduğunun, sevildiyinin parlaq nümayişi demək idi. Futbol termini ilə desək, 1994-2000-ci illərdə “Oxu məni” qəzeti çempion və vitse çempion olaraq  uzun müddət bu birinciliyi qoruyub saxlaya bildi.

Yeri gəlmişkən onu da qeyd edək ki, həmin dövrdə “Oxu məni”  qəzetlər qrupuna daxil olan “Super-krossvord”, qəzeti rəy sorğusunda 7 faiz səslə 4-cü  olmuşdu. Bu isə olduqca böyük uğur idi.

Bir sözlə “Oxu məni” qəzeti müəyyən problemlərin ortaya çıxmasına baxmayaraq sonralar da uzun müddət respublikamızda çıxan KİV-lər arasında liderliyini qoruyub saxlaya bildi. Günümüzdə obyektiv və subyektiv səbəblər, onlayn medianın sürətli inkişafı ilə bağlı  bütün mətbuatımızın yaşadığı problemlər nəticəsində  “Oxu məni” qəzeti də məyyən çətinliklər yaşamaqdadır. Bununla belə qəzetimiz təsisçi və baş redaktor Emin Axundun gərgin səyləri nəticəsinda yaşamaq uğrunda mübarizəsini davam etdirir. Ümid edirik ki, “Oxu məni” qəzeti  çətinliklərin öhdəsindən uğurla gələrək yenidən respublikamızda ən çox oxunan mətbu orqanlardan birinə çevrilə biləcək.

Səda