Olimpiya çempionu: “Ermənistanla Azərbaycan arasında olan problem vecimə də deyil”

0
604

 

Qılıncoynatma üzrə ikiqat olimpiya çempionu Yana Yeqoryan Ermənistanla Azərbaycan arasında olan problemlərin ona dəxli olmadığını söyləyib. O hər iki xalqın uzun illər dostluq etdiyini, ancaq indi onların bir-birlərinə nifrət etməsinin səbəblərini anlamaqda çətinlik çəkdiyini bildirib: “Biz elə bir sosial mühitdə yaşayırıq ki, insanlar sürü kimi bir-birlərinə öyrəşiblər. Mənim iki ölkə qılıncoynadanlarının uzun illər dostluq etdiklərindən, ancaq indi onların bir-birlərinə nifrət etdiklərindən xəbərim var. Bu, ağılsızlıqdır. Əslində hər şeyi siyasətçilər həll edir, əvəzində sadə adamlar bundan əziyyət çəkirlər. Amma belə hesab edirəm ki, hər bir insanın öz mövqeyi olmalıdır. Məsələn, mən milliyətcə erməniyəm. Ancaq belə alınıb ki, çoxlu sayda azərbaycanlı dostlarım var. Ermənistanla Azərbaycan arasında yüksək səviyyədə olan hər hansı problem heç vecimə də deyil. Mən kiminlə istəyirəm, onunla da dostluq edəcəyəm”.

İkiqat Olimpiya çempionu həmçinin deyib ki, hazırda Yerevanda yaşayan atası Karapet Alaverdyanla 17 ildir görüşmür. Belə ki, onun 6 yaşı olanda valideynləri ayrılıblar. Yana Yeqoryanın anası isə qızının atasının familiyasını daşımamasına belə aydınlıq gətirib: “Yana vaxtından əvvəl dünyaya gəlib. Belə ki, 1993-cü ildə yeni il qabağı Yerevanda mağazalar boş olduğunan biz ərzaq üçün Tbilisiyə dostlarımızgilə qonaq getməli olduq. Biz ertəsi gün səhər qayıtmaq istəyəndə məni ağrı tutdu. Nəticədə məni doğum evinə aparmalı oldular. Yana da orada anadan oldu. Bizim rəsmi nikahımız olmadığından mən Yanaya öz soyadımı verməli oldum”.

Xatırladaq ki, Yana Yeqoryan 2016-cı ildə Braziliyada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində şəxsi və komanda hesabında qılıncoynatma yarışlarının ikiqat çempionu olub. O həmçinin 2016-cı ildə “Rusiyanın fəxri” nominasiyası üzrə “İlin idmançısı” hesab edilib. 2016-cı il avqust ayının 25-də isə prezident Putin tərəfindən Yana Yeqoryana “Şöhrət ordeni” təqdim edilib.

“Yeniavaz”

BIR CAVAB BURAXIN