“NKVD”nin “Maq” ləqəbli cəlladı – 12 min insanı “həvəslə” güllələyən Pyotr Maqqo…  

0
258
Onların peşəsi ölüm hökmünü icra etməkdən ibarət olub. Daha dəqiq desək ölüm hökmünə məhkum olunanları güllələməkdən. Və onların bu işi haqqında, hətta ailə üzvləri belə xəbərsiz olublar. Müxtəlif illərdə bu vəzifə “NKVD”nin ştat cədvəlində başqa adlarla öz əksini tapıb. Əvvəllər Lubyanka türməsinin əməkdaşları, daha sonra “NKVD” komendaturasının zabitləri və s. Bu ad dəyişmələrinə baxmayaraq, onların heç vaxt dəyişməyən bir adı olub – CƏLLAD…

Modern.az saytı daha bir “NKVD” cəlladı, milliyətcə latış olan “Maq” ləqəbli  Pyotr Maqqo haqqında yazını təqdim edir.

 

Öz işinin peşəkarı olan Maqqo “NKVD” tarixində ən həvəsli və ehtiraslı cəllad kimi qalıb. Cəmisi iki-üç sinif bitirən, heç bir siyasi fəaliyyəti olmayan, danışmağı sevməyən, ətrafda baş verən hadisələrə laqeyd yanaşan, heç nəyə reaksiya verməyən Maqqo imkanlı kəndli ailəsində böyüyüb. Yeniyetməlik illərində atasının təsərrüfat işlərini davam etdirib, ən ağır illərdə belə ehtiyacsız yaşayıb.

 

Birinci Dünya Müharibəsinə könüllü yollanan Maqqo məhz elə həmin dövrdə zabit rütbəsi alıb, bolşeviklər partiyasına üzv olub. Daha sonra isə o, “ÇK”nın xüsusi dəstəsinə qəbul olunub. Maqqo bu dəstədə Dzerjinskinin şəxsi mühafizəsində xidmət edib. Bu xüsusi dəstənin digər bir funksiyası isə ölüm hökmünə məhkum olunanları güllələməkdən ibarət olub.

 

Vəzifəsinin ikinci hissəsini daha yaxşı icra etdiyinə görə Maqqo vəzifə pillələrini sürətlə irəliləyib. O, Lubyankadakı türməyə nəzarətçi, daha sonra isə rəis vəzifəsinə təyin edilib.

 

Maqqo amansızlığı, ölüm hökmlərini böyük həvəslə icra etməyi ilə fərqlənib. O hətta bayram və istirahət günləri də xidməti vəzifəsinin başında olub, hər gün 10-15 nəfər güllələməklə “rahatlığını” tapıb. Arxiv materiallarına görə 11 il ərzində Pyotr Maqqo 12 min nəfərə yaxın insanı tapançasının “altından keçirib”.

 

Maqqonun “siyahısından” sıravilərdən tutmuş ordenli, medallı dövlət məmurları, tanınmış ədəbiyyat və incəsənt xadimləri, yüksək rütbəli hərbçilər, siyasətçilər keçib. Zinovyev və Kamenevi Maqqo şəxsən güllələyib. Zinovyevi hökmün icrasına gətirərkən o, ayaqüstə dayana bilməyib. Maqqo amansızcasına onu saçlarından tutub qaldırdıqdan sonra tapançasını işə salıb.

 

Onun amansızlığı artdıqca rütbəsi də artıb, “siyahısı” çoxaldıqca təltifləri də çoxalıb. Məhz o, bu “xüsusi” xidmətlərinə görə, iki dəfə Qırmızı Bayraq və Lenin ordenləri ilə təltif olunub. Müharibəyə qədərki dövrdə bu mükafatlara sahib olmaq üçün göstərdiyin xidmət haqqında şəxsən Stalinin məlumatı olmalıydı və rəhbər təltif haqqında göstəriş verməliydi.

 

Çox sonralar Pyotr Maqqo ilə eyni dövrdə xidmət etmiş “NKVD”nin yüksəkçinli məmurlarından biri onun haqqında fikirlərini belə bildirib:

“Maqqo xüsusi amansızlığı ilə fərqlənirdi. Sözsüz ki, ölüm hökmünü kimsə icra etməliydi. Digərləri bunu xidməti vəzifəsi kimi həyata keçirirdi, Maqqo isə bunu sanki mənəvi borcu sayırdı. Buna görə o rəhbərlik tərəfindən “qiymətli kadr” kimi dəyərləndirilirdi. O, hədsiz dərəcədə içkiyə aludə idi. Hər güllələnmə prosesindən sonra əvvəlcə qurşağa qədər odelakonla yuyunurdu, qan və meyit qoxusunu yalnız bu vasitə ilə qismən də olsa, yox etmək olardı. Sonra isə elə xidməti kabinetində içməyə başlayırdı. Bəzən elə içirdi ki, onu sürüyə-sürüyə maşınla evlərinə aparırdılar. İçki haqqında ona irad bildirəndə isə bir cümlə ilə cavab verirdi: “Mən mühüm dövlət tapşırığını yerinə yetirirəm, vəzifəmi layiqincə yerinə yetirdikdən sonra içməyə haqqım var, iş belə tələb edir…”

 

Pyotr Maqqonun xidmətlərindən biri də gənc əməkdaşları peşəkar cəlladlığa öyrətməsi idi. O, gənc əməkdaşlara atəşin boyun nahiyəsinə açılmasını tövsiyə edirdi və başa salırdı ki, güllə boğazdan dəyəndə daha az qan çıxır və üst-başına qan sıçramır, beləliklə də, evdəki xanımlarınız qanlı köynək yumaqdan azad olurlar…”

 

 

Bəzi hallarda ölümə məhkum olunanlar güllələnməkdən bir neçə saniyə əvvəl son sözləri kimi “Stalinə eşq olsun”, “Yaşasın Stalin” kimi ifadələr işlədiblər. Bu “NKVD” rəhbərliyinin xoşuna gəlməyib, belə əsaslandırıblar ki, ölümə məhkum olunanların rəhbərin adını çəkməyə haqqı yoxdur. Bu işin həllini də Maqqoya tapşırıblar. Belə ki, o, ölüm hökmünü icra etməmişdən əvvəl güllələnəcək şəxslərlə söhbət aparmalıymış. Maqqo bu işin də öhdəsindən layiqincə gəlməyə cəhd etsə də, bir çox hallarda cəhdləri boşa çıxıb. 10-15 dəqiqədən sonra öləcəyini bilən bir şəxslə aparılan söhbət nəticəsiz qalıb. Belə faktlar da var ki, bir neçə dəfə Maqqo apardığı söhbətin nəticə vermədiyindən əsəbləşərək həmin şəxsi elə yerindəcə güllələyib.

 

“NKVD”nin Yaqoda və Yejov dövrünün ən “məhsuldar cəllad”ı olan Pyotr Maqqo 1940-cı ildə Beriyanın quruma rəhbərliyi dövründə sevimli işindən uzaqlaşdırılıb. Beriya “NKVD”nin ştat strukturunda “cəllad” vəzifəsini ləğv edib. Ölüm cəzasını isə növbə ilə komendaturanın zabitləri həyata keçiriblər.

 

Pyotr Maqqo öz sədaqətinin müqabili qarşısında Beriyanın onu işdən azad etməsini haqsızlıq sayıb və onun haqqında Stalinə dəfələlə şikayət dolu məktublar göndərib. Təbii ki, həmin məktubların hamısı cavabsız qalıb.

 

Minlərlə insanın həyatına son qoyan Maqqo bu münasibətdən sonra içkiyə daha çox aludə olub. O, 1940-cı ildə qaraciyər serrozu xəstəliyindən ölüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four − three =