NATO üzvü olmaq istəyən Çernoqoriya Rusiyaya ‘əlini çək’ deyir

0
594

Çernoqoriyanın baş naziri Dusko Markovic Rusiyaya "əlini çək" deyir

Çernoqoriyanın baş naziri Dusko Markovic Rusiyaya “əlini çək” deyir

Çernoqoriyanın baş naziri Dusko Markovic “Rusiyaya və onun Çernoqriyadakı əlaltılarına” Podqoritsanın NATO-ya üzvlük niyyətinə qarşı etiraz adı altında ölkəni qarışdırmaqdan çəkinməyə çağırıb.

Fevralın 14-də çıxış edən baş nazir Markovic deyib ki, “Çernoqoriyada və onun ətrafında üsyanla hədələyənlər ölkəmizdən əllərini çəkməlidirlər”.

AzadlıqRadiosu bildirir ki, baş nazirin bu bəyanatından az əvvəl Çernoqoriyanın baş prokuroru iki rusiyayönlü müxalifət liderinin parlament toxunulmasızlığından məhrum edilməsinə çağırıb.

Kremlyönlü Demokratik Cəbhənin liderləri Andrija Mandic və Milan Knezevic iddia olunduğuna görə 2016-cı ilin oktyabrında Çernoqoriyada rusiyayönlü çevriliş etmək, ovaxtkı baş naziri devirməklə ölkənin NATO-ya qoşulmasının qarşısını almaq cəhidndə ittiham olunurlar.

Prokuror Milivoje Katnic bu liderlərin parlament toxunulmazlığının qaldırılmasını istəyir ki, onları həbs etmək və “Çernoqoriyanın konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı cinayət əməlində ittihamla mühakiməyə çıxarmaq” mümkün olsun.

Parlament immunitetin qaldırılması məsələsini fevralın 15-də keçiriləcək sessiyasında müzakirə edəcək.

Prokuror rusiyayönlü müxalifətçilər Andrija Mandic və Milan Knezevic-in immunitetinin qaldırılmasını istəyir

Prokuror rusiyayönlü müxalifətçilər Andrija Mandic və Milan Knezevic-in immunitetinin qaldırılmasını istəyir

Rusiyayönlü müxalifət fevralın 15-də parlamentin binası qarşısında etiraz mitinqinə çağırıb.

Mandic və Knezevic ittihamları rədd ediblər.

AzadlıqRadiosu bildirir ki, Mandic bu yaxınlarda bir neçə dəfə Moskvaya səfər edib və özünün anti-NATO mövqeyinə görə Kremldən dəstək alıb.

Müxalifətçi xəbərdarlıq edir ki, Çernoqoriyanın NATO-ya üzv olması vətəndaş müharibəsi ilə nəticələnə bilər.

Lakin Markovic hökuməti Qərblə münasibətlərə sadiq qaldığını bildirir.

Çernoqoriyada ötən il iddia edilən çevriliş cəhdi ilə əlaqədar iki Rusiya vətəndaşı da daxil 20 nəfər həbs olunub. Digər həbs edilənlər rusiyapərəst serb millətçiləridir.

Kreml Çernoqriyanın daxili işlərinə qarışdığını inkar etsə də, bu ölkədə NATO üzvlüyünə qarşı çıxan qrupları açıq şəkildə dəstəkləyir.

NATO hazırda Çernoqoriyanın üzvlüyü üçün ABŞ da daxil alyans üzvlərinin razılığını gözləyir.

NATO-nun 28 üzvündən 24-ü Çernoqoriyanın üzvlüyünə hələ 2016-cı ilin iyulundan razılığını verib.

NATO-nun baş katibi Jens Stoltenberg fevralın 15-də Brüsseldə keçiriləcək sammit ərəfəsində deyib ki, qalan 4 üzvün Çernoqoriyanın ərizəsini nə vaxt ratifikasiya edəcəyini bilmir.

Hələlik münasibətini bildirməyən 4 ölkədən biri də ABŞ-dır.

Lakin Stoltenberg deyib ki, ABŞ administrasiyasından bu üzvlüyün əleyhinə heç bir mövqe bildirilməyib.

Baş katib deyib ki, Senatda və onun Xarici Münasibətlər Komitəsində Çernoqoriyanın NATO üzvlüyünə hər iki partiyadan geniş dəstək var.

Lakin bundan əvvəl Donald Trump-ın NATO-nu “köhnəlmiş təşkilat” adlandırması Çernoqoriya rəsmilərinin narahatlığına səbəb olmuşdu.

BIR CAVAB BURAXIN