NATO Rusiya ətrafında mühasirə halqasını daraldır/ Əziz Mustafa

0
760

NATO Rusiya ətrafında mühasirə halqasını daraldır

Əziz Mustafa

Rusiyanın hərbi gücünü ildən-ilə atırmaqda davam etməsi və Qərb üçün yenidən qorxulu təhlükə mənbəyinə çevrilməsi başda ABŞ olmaqla Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Bu müstəvidə də Rusiyadan gələn təhlükəyə qarşı cavab tədbirləri həyata keçirən NATO Polşa və Pribaltika ölkələrində əlavə hərbi qüvələr yerləşdirməyi planlaşdırıb. Bu barədə məlumat verən ABŞ müdafiə nazirinin müavini Robert Uorkun sözlərinə görə Polşa və Pribaltika ölkələrində əlavə hərbi qüvvələr yerləşdirilməsi Rusiyadan adı çəkilən ölkələrə gələn təhlükənin ildə-ilə artması ilə bağlıdır. Robert Uork: “ABŞ özünün NATO üzrə müttəfiqləri olan Almaniya və Böyük Britaniya ilə birgə Pribaltika ölkələrinə və Polşaya sayı 4 min nəfər olacaq 4 batalyon göndərəcək”,-deyib.

Bununla bağlı “The Wall Street Journal”ın yazdığına görə,4 batalyondan ikisi ABŞ, ikisi isə Almaniya və Böyük Britaniya hərbçilərindən ibarət olacaq. Uork xatırladıb ki, son illərdə Rusiya, Litva, latviya, və Estoniya sərhədlərində qəfildən çoxsaylı hərbi təlimlər keçirir: “Belə vəziyyət isə ABŞ-ı narahat etməyə bilməz. ABŞ NATO üzrə müttəfqilərinin təhlükəsizliyini müdafiə etməyə  borcludur və bununla bağlı müvafiq öhdəliklərimiz var”.

Xatırladaq ki, hələ ötən ay Uork bəyan etmişdi ki, Pentaqon daimi əsasda özünün Şərq sərhədlərində əlavə hərbi qüvvələr yerləşdirmək niyyətindədir. Bu müstəvidə də o, Polşa və Pribaltika ölkələrində 4,2 min nəfər canlı qüvvə, 250 ədəd zirehli texnika, o cümlədən “Paladin” tipli qaubitsa və “PDM Bradley”lərin  yerləşdiriləcəyini istisna etmədiyini söyləmişdi. Buna paralel olaraq ABŞ müdafiə nazirinin müavini bölgəyə “Humvee” tipli 1750 ədəd yüngül zirehli texnika göndəriləcəyini də vurğulayıb. Qeyd edək ki, hələ 2014-cü ilin fevral ayının 10-da keçirilən NATO sammitində  “XXI əsrin müdafiəsi, düşmən hücumunun qarşısının alınması” proqramı çərçivəsində bölgə ölkələrinin təhlükəsizliyini təmin etmək üçün əlavə hərbi qüvvələr yerləşdirilməsi barədə qərar qəbul etmişdilər. Lakin bu proqramda nəzərdə tutulanların həyata keçirilməsinin ləngidilməsi Polşa və Pribaltika ölkələrində narazılıqla qarşılanmışdı. Xüsusi ilə Rusiyanın Krımı işğal edərək Donbasda və Luqanskda qondarma qurumlar yaradaraq oradakı separatçılara hərbi yardımlar etməsi Polşa və Pribaltikada xüsusi təşvişlə qarşılandı. Ona görə də bu ilin iyul ayında Varşavada keçiriləcək NATO sammiti ərəfəsində adı çəkilən proqramın həyata keçirilməsi istiqamətində nəhayət ki, müvafiq addımlar atılmağa başlanıb.

Moskva qərbi günahlandırır

NATO-nun Şərqdə yenidən hərbi baxımdan fəallaşması Rusiyada özünəməxsus şəkildə əks-səda verməkdədir. Təsadüfi deyil ki, Rusiya xarici işlər naziriliyinin silahlar üzərində nəzarət və onun yayılmasının qarşısının alınması departamentinin direktoru Mixail Ulyanov deyib ki, NATO-nun ölkəmizin sərhədləri yaxınlığında fəallaşması beynəlxalq hüquq normalarının pozulması və bununla bağlı tərəflər arasında imzalanan müvafiq anlaşmaların tapdalanması anlamına gəlir. Mixail Ulyanov xatırladıb ki, 1997-ci ildə Rusiya ilə NATO arasında hərbi qarşıdurmadan çəkinməni nəzərdə tutan və Rusiyanın sərhədləri yaxınığında Şimali Atlantika Paktı qüvvələrinin yerləşdirilməməsi barədə anlaşma imzalanıb. Amma  son hadisələr göstərir ki, NATO artıq bu anlaşmalara əməl etmək niyyətində deyil”,-deyib.

Öz növbəsində aprelin 27-də Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya müdafiə naziri Serqey Şoyqu Qərbin müxtəlif bəhanələrlə Rusiyanın sərhədləri yaxınlığında əlavə hərbi qüvvələr yerləşdirmə siyasətini həyata keçirməkdə günahlandırmışdı. Şoyqu Qərbi Rusiyanın sərhədləri yaxınlığında hərbi güc nümayiş etdrmə siyasətinə son qoymağa çağırmışdı. Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın və Qərbin hərbi güc nümayiş etdirməklə Rusiyanı guya şantaj etdiyini iddia etmişdi. Halbuki NATO-nun Rusiyanın sərhədləri yaxınlığında yenidən fəallaşmasının arxasında Kreml tərəfindən əvvəlcə Gürcüstan, sonra isə Ukrayna ərazilərinin bir hissəsini işğal edilməsinin dayandığı heç kimə sirr deyil. Digər tərfdən də Rusiyanın Suriyada hərbi hava əməliyyatlarını həyata keçirməklə Qərbə qarşı yeni savaş açması da Qərb-Şərq münasibətlərinin yenidən gərginləşməsində katalizator rolunu oynadı.

 

Rusiya itirdiklərini geri qaytarmaq istəyir

Rusiya ilə Qərb arasında davam etməkdə olan gərginlik tərəflərin bir-birərini ittiham etməsi ilə müşayiət olunmaqdadır. Belə ki, ötən gün NATO-nun Avropadakı Birləşmiş Komandanlığının rəisi, general Filip Bridlav deyib ki, Rusiya soyuq müharibə başa çatandan sonra dünyanın yenidən bölüşdürülməsinə baxılmasını və bununla bağlı özünün keçmişdəki hərbi təsir dairələrinin bərpa edilməsinə baxılmasını istəyir. Filip Bridlav: “Soyuq müharibə qurtardı, divarlar uçdu, Sovet İttifaqı dağıldı. Təbii ki, Rusiyanın nəzər nöqtəsinə görə, qaydalara yenidən baxılmalı və bu qaydalar yenidən qurulmalıdır. Belə bir iddia isə Avropa dövlətlərinin, o cümlədən Rusiyanın qonşusu olan müstəqil ölkələrin müstəqilliyini şübhə altına alıb”,-deyib.

Onun sözlərinə görə, Rusiya mövcud qaydaların pozulmasında maraqlı deyil, çünki onların necə yenidən yazılmasına əhəmiyyət vermir. Sadəcə olaraq, onların yenidən yazılmasını istəyir. İki ölkə arasında son günlərdə əmələ gələn gərginliklərdən biri də Rusiya hərbi təyyarələrinin Baltik dənizindəki ABŞ-ın hərbi obyektlərinin üzərində təhlükəli uçuşlar həyata keçirməsidir. Bununla bağlı açıqlama verən ABŞ hərbi dəniz əməliyyatlarının komandanı admiral Con Riçardson “Azadlıq” radiosuna açıqlamasında deyib ki,

Rusiya təyyarələrinin ABŞ-ın hərbi obyektlərinə yaxınlaşması “səhv” riskini artırır. Onun sözlərinə görə, Rusiya hərbi təyyarələrinin Baltik dənizində ABŞ-ın hərbi obyektlərinə təhlükəli yaxınlaşması taktiki hesablamalarda səhv riskini artırır. Amerika admiral Rusiya qırıcılarının “səhvən” vurula biləcəyini bildirib: “Ümid edirəm ki, biz Rusiya qırıcılarının hərəkətlərini dayandıra biləcəyik. Bu, regionda ümumi gərginliyi artırır. Düşünürəm ki, onlar siqnalı göndərmək istəyirlər”.

Xatırladaq ki, aprelin 29-da Rusiyanın “Su-27” təyyarəsi Baltik dənizində Amerika təyyarəsinin 30 metrliyindən uçub. Aprelin 13-də isə Rusiya qırıcıları Baltik dənizində olan “Donald Cook” Amerika esminesinin uzərindən uçuşlar həyata keçiriblər. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisələri “təhlükəli və qeyri-peşəkar” adlandırıb. Moskvadan isə bildiriblər ki, ABŞ-ın özü təyyarələri və gəmiləri Rusiyanın sərhədlərinə yönəldərək Rusiya hərbçilərini təhrik edir.

 

Birgə hərbi təlimlər təhlükəsizlik səddidir

Rusiyadan gələn təhlükəyə qarşı Qərb ölkələri öz müttəfiqlərinin müdafiəsi məqsədi ilə son illərdə çoxsaylı birgə hərbi təlimlər keçirirlər. Hərbi  təlimlər zamanı qarşı tərəfdən gələn təhlükənin qarşısının alınmasına xidmət edən müxtəlif hərbi taktikalar sınaqdan çıxarılır. İlk baxışdan bu hərbi təlimlərdə canlı hərbi qüvvə və müxtəlif təyinatlı döyüş texnikasının sayının az olması çoxsaylı suallar ortaya çıxarır. Bununla belə hərbi ekspertlər belə hərbi təlimləri düşmən tərəfinşn hücumunun qarşısının alınmasıan xidmət edən kiçik döyüş modeli, hesab edirlər. Belə bir fikir vurğulanır ki, birgə hərbi təlimlərin azsaylı olmasına  baxmayaraq bu sahədə təcrübə əldə edilir. Bu da gələcəkdə düşmən hücumlarının qarşısının alınması zamanı daha iri hərbi əməliyyatların həyata keçirilməsinə imkan verəcək.

Bu müstəvidə də ötən gün Estoniyada 6 min hərbçinin iştirakıilə  başlayan NATO-nun “Spring storm” təlimləri diqqəti cəlb edib. Təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edirlər. Hərbi təlimlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrini əhatə edir. Mayın 19-dək davam edəcək təlimlərə həmçinin Polşadan “Su-22” qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə “F-15” qırıcıları, “CH-47 Chinook” hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən “Bell V-22 Osprey” konvertoplanları cəlb edilib.

Bu gün isə Moldovada “Dragon Pioneer-2016” adlı ABŞ-Moldova birgə hərbi təlimləri başlayacaq. Mayın 20-nə kimi davam edəcək hərbi təlimlərdə hərbi hava quru qoşunlarının minaxtaranlar alayları iştirak edəcəklər. Məqsəd müharibə başlayacağı təqdirdə düşmən hücumunun qarşısını almağa xidmət edən ərazilərin minalanması ilə bağlı taktikanı sınaqdan çıxarmaqdır. Beləliklə, ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiya ətrafında mühasirə halqasını daraltmaqda davam edirlər. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə istənilən an bəşəriyyətin nüvə müharibəsinə sürüklənməsinə gətirib çıxara bilər…

 

 

 

 

 

BIR CAVAB BURAXIN