NATO generalının Obamaya qarşı qəsdi üzə çıxdı

0
541

Bu günlərə qədər NATO-nun Avropadakı qoşunlarının komandanı, Amerika generalı Filip Bridlavın prezident Barak Obamaya qarşı qəsdi üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, aviasiya generalı Bridlav ABŞ prezidentinin Ukraynaya görə Rusiya ilə hərgi gərginliyi artırmamaq səylərini gizlicə heçə endirməyi planlaşdırırmış və Birləşmiş Ştatların Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girməsinə çalışırmış.

Generalın bu planı onun DC Leaks adlı saytda yayılmış elektron yazışmalarından məlum olub. Filip Bridlav ənənəvi olaraq Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır və o, NATO qüvvələrinin komandanı olarkən dəfələrlə Rusiyanın hərbi təhdidi barədə bəyanatlarla çıxış edib. NATO-nun Rusiyaya qarşı daha sərt mövqe tutmalı olduğunu bildirib.

ABŞ-ın “The İntercept” nəşrinin yazdığına görə Rusiya Krımı ilhaq edəndə və Donbassda separatçılara hərbi dəstək verəndə Obama Konqresdəki və Pentaqondakı “qırğıların” Ukraynaya silah vermək barədə təzyiqlərinə boyun əyməmişdi. Çünki ehtiyat edirdi ki, bu, qanlı toqquşmaları daha da şiddətləndirəcək və nəticədə Putin Ukraynaya müdaxiləni genişləndirmək üçün bəhanə əldə edəcək.

Həmin vaxt Konqresdəki çıxışı zamanı Bridlav Obama administrasiyasının mövqeyinə zidd gedib, nəticədə jurnalistlər generalla prezident arasında ixtilaf barədə yazıblar. Lakin generalın hakerlər tərəfindən ələ keçirilmiş Gmail yazışmaları daha dramatik mənzərəni ortaya qoyur. Məlum olur ki, general Bridlav Obama administrasiyasını Ukraynada Rusiya ilə bilavasitə müharibəyə başlamağa məcbur etmək üçün xəlvəti lobbiçilik edirmiş.

2014-cü ildə yazılmış elektron məktublarda Bridlavın keçmiş dövlət katibi Kolin Pauellə görüş imkanı axtardığı məlum olur. Pauellə yazdığı məktublardan birində o, xahiş edir ki, keçmiş dövlət katibi Obamanı Rusiyaya qarşı daha aqressiv mövqe tutmağa məcbur etmək üçün məsləhətlərini versin.

“Mən səhvə yol verə bilərəm…Lakin bunu görmürəm ki, həmin Ağ Ev əslində NATO/Avropa ilə əməkdaşlığa can atır. Düzünü desəm mən hesab edirəm ki, biz ölkənin müharibəyə cəlb olunması təhdidi ilə bağlı…”narahatıq”-Bridlav Pauellə yazıb. Pauell generalla görüşə və məsələni müzakirə etməyə razılıq verib.

“Mənə iki məsələhədə məsləhət lazımdır. İndiki, hamının ancaq İŞİD haqda düşündüyü bir vaxtda bu məsələyə diqqəti necə cəlb etmək olar və şəxsən POTUS-la (President of the United States, Obamanın ləqəbi) necə işləmək olar?”-general keçmiş dövlət katibinə yazıb.

Belə məlum olur ki, Bridlav Amerika administrasiyasın bir neçə kanalla təsir göstərməyə çalışıb. O, alimlərə və istefada olan hərbçilərə yazıb, o cümlədən NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Uesli Klarkla yazışmalar aparıb. Xahiş edib ki, Ukrayna ordusuna hücum silahlarının verilməsinə dair təşəbbüsü dəstəkləsinlər.

“Deyəsən POTUS bizi təhdid hesab edir və bu təhdidi minimallaşdırmağa çalışır…yəni deyir ki, məni bu müharibəyə qatmayın???”-Bridlavın Atlantic Council analitik mərkəzinin baş məsləhətçisi Harlan Ullmana yazdığı məktubda bildirilir. Məktubda general Kolin Pauellin Ukrayna məsələsində dəstəyini almaq üçün göstərdiyi səylərdən ətraflı bəhs edir.

Generalla müntəzəm yazışan araşdırmaçı-alim Filip Karber təsdiq edib ki, Bridlava Ukrayna məsələsinə dair məsləhətlər verib. O, təsdiq edib ki, Bridlav elektron poçtunun sındırıldığını bildirib və bu haqda hökuməti məlumatlandırıb. “Onunla sonuncu söhbətimizdə general bildirdi ki, bir neçə dəfə poçtuna müdaxilə ediblər”-Kerber deyib.

2015-ci ilin fevralında Kerber Bridlava yazıb ki, Pakistan xəlvəti olaraq Ukraynaya 500 tank əleyhinə raket kompleksi TOW-II (çiyində daşınan modifikasiyası) və bu kompleksə aid 8000 raket təklif edib. “Bununla belə ABŞ razılıq verməsə Pakistan silahları çatdırmayacaq. Üstəlik bilsə ki, ABŞ buna icazə verməyəcək, heç icazə barədə əvvəldən xahiş etməyəcək”-Kerber yazıb.

Nəşr yazır ki, Pakistan Ukraynaya həmin silahları verməyib.

Avropa mətbuatı general Bridlavın Rusiyaya qarşı sərt mövqeyi haqda çoxdan yazırdı. Almaniya mətbuatının yazdığına görə Bridlav Rusiyanın Ukrayna ilə sərhəddə 20 minlik hərbi qüvvə cəmləşdirdiyi barədə şişirdilmiş məlumat verib. Kəşfiyyat araşdırıb ki, əslində həmin qüvvələrin bir qismi müharibədən əvvəl də sərhədə yaxın dislokasiya olunmuşdu.

Bridlav habelə Rusiyanın NATO-ya qarşı nüvə silahından istifadə edə biləcəyinə dair dəfələrlə bəyanatlar verib, bildirib ki, alyans bu təhdidi nəzərə alaraq Rusiya ilə nüvə müharibəsinə hazır olmalıdır. Habelə general Bridlav NATO-nun Baltik ölkələrində və Şərqi Avropada hərbi qüvvələr cəmləşdirməsinin əsas tərəfdarlarından biri olub. Hazırda NATO bu istiqamətdə öz qüvvələrini cəmləşdirir və Rusiya buna sərt reaksiya verir.

Virtualaz.org

BIR CAVAB BURAXIN