Naşükürlük faciəsi…

0
542

Hər gün ətrafımızda elə hadisələr baş verir ki, istər-istəməz onlara biganə qala bilmirsən. Bu baxımdan ətrafımdakıların öz həyatlarından narazılıq etmələri, imkanı olanın da, olmayanın da az qala yaylıq götürüb ağlaması, sızlaması həmişə məndə xoşagəlməz izlər buraxıb. Bəzən isə bu narazılıqlar ifrat həddə çatır və insanda ikrah doğurur. Bir də görürüsən, salamlaşdığın hansısa tanışlarından biri hal-əhval soruşmadan başlayır həyatından narazılıq etməyə. Səbəbini soruşunda da ya maaşının azlığından, ya da ona qarşı işdə haqsızlıq edildiyindən, çox işləyib az pul almasından şikayətlənir. Deyəndə ki, ay qardaş Allahına şükür elə, ətrafında minlərlə işsiz var, qayıdıb cavab verir ki, bu halımla nəyə görə şükür etməliyəm ki… Yenə izah etməli olursan ki, ay qardaş, maşının var, evin var, işləyirsən, 100-ündən pis dolanırsansa, 1000-dən yaxşı yaşayırsan. Allahına şükür elə. Qayıdır ki, yəqin sənin ağzın isti yerdədir, mənim kim olsan belə danışmazdın… Ancaq o özü də yaxşı bilir ki, mənim də onun kimi imkanım olsaydı, bəlkə də elə ən azından avtobusla işə getməzdim. Onunla müqayisədə kasıb yaşasam da, buna gündə min yol şükür edirəm. Amma onun evi də var, maşını da, iş yerində də məndən az qala 4 dəfə çox maaş alır. Lakin yenə də naşükürlük edir, çünki gözü acdır, ətrafındakı insanların çoxun özündən qat-qat pis vəziyyətdə yaşadığını görmək istəmir. Naşükürlüyün az qala milli faciəmizə çevrilməyə başladığını isə addımbaşı hiss edirsən. Məsələn, bu yaxınlarda 199 saylı avtobusla işə gələndə oturacaqda yan-yana oturan iki qadının danışığının şahidi oldum. Qadının biri o birinə dolanmağın çox çətin olduğundan narazılıq edirdi. Əlbəttə, obyektiv və subyektiv səbəblərdən əhalinin maddi vəziyyətinin müəyyən qədər ağırlaşdığı heç kəsə sirr deyil. Bunu harada isə təbii qarşılamaq olar. Ancaq istəmədən qulaq asmağa məcbur olduğum iki qadından birinin, maddi vəziyyətindən şikayət edənin evdə 4 nəfər işləyənə ayda 2000 min manat aldıqlarını və bununla dolanmağın mümkün olmadığını dediyini eşidəndə, gözlərim kəlləmə çıxdı. Amma həyatından narazılıq edən qadına yanındakının da cavabı gözlənilməz oldu. O 5 nəfərlik ailədə yalnız bir nəfərin işlədiyini və onun da ayda cəmisi 400 manat aldığını deyərək, buna da min dəfə şükür etdiyini deyəndə, o biri qadın əsəbiləşdi. Dedi ki, ay bacı siz yaşamırsınız, sürünürsünüz. Amma 400 manat maaşla dolandıqlarını deyən qadın “yağlıya da, yavana da öyrəşmişik”, deyə ona cavab verdi. Bu cavabı gözləməyən narazı qadın istehzaedici tərzdə üzünü başqa tərəfə döndərərək susdu… Zənnimcə mənəvi baxımdan aza da, çoxa da şükür edən qadın, həyatından, dolana bilməməyindən şikayət edəndən qat-qat yuxarıda dayanıb və uca Yaradan harada olmasından asılı olmayaraq onun ruzisini yetirəcək.

Məsələ ilə bağlı digər bir fakta da diqqəti cəlb etmək istəyirəm. Bu da son illərdə belə demək mümkünsə daha yaxşı dolanacaq dalınca Avropa ölkələrinə, o cümlədən Kanadaya, hətta uzaq Avstarliyaya üz tutanların sayının çoxalmasıdır. Bu yaxınlarda  ali təhsilli uzaq tanışlarımdan birinin oğlunun əvvəlcə Amerikaya, oradan da Kanadaya yaşamağa getdiyini eşitdim. Səbəbini soruşanda dedilər ki, o vətəndə dolana bilmirdi. Soruşdum ki, indi Kanadada nə işləyir, Dedilər ki, çox da böyük olmayan sexlərdən birində fəhləlik edir. Kanada ilə Azərbaycan arasında yaşayış fərqlərini və qiymətlərini müqayisə etdikdə məlum oldu ki, onun orada ilə burada əvvəlki işlədiyi yerdə aldığı maaş arasında ciddi fərq yoxdur. Halbuki ali təhsilli tanışımın özü kimi ali təhsilli oğlu burada ziyalı kimi tanınırdı və ona desəydilər ki, get fəhləlik elə, daha çox pul qazan, onda özünü təhqir edilmiş hesab edərdi. Amma o buradakı iş yerini, evini, onu gələcəkdə gözləyən vəzifədə ucala bilmək perspektivinin üstündən birbaşa xətt çəkmişdi. Amma tale ona yenə demək olar burada aldığı qədər maaş almaq, qisməti nə qədərsə, o qədər də ruzi yemək nəsib edib. Vaxtı ilə hələ SSRİ dövründə rəhmətlik atam deyərdi ki, bala, ruzi qazanmaq üçün səy elə, işlə, ancaq unutma ki, Allahın sənə verdiyindən artıq yeyə bilməyəcəksən, onda əsəbiləşirdim. Amma uzun illər ötəndən sonra başa düşdüm ki, rəhmətlk atam haqlı imiş və sən qismətində olandan artıq ruzi yeyə bilməzsən. Bu da Allahın sirridir və hansı bəndəsinə az, hansınasa da çox ruzi qismət etdiyinin səbəbini yalnız Uca Yaradan bilir. Bu baxımdan mənə elə gəlir ki, uca Allahın verdiyi qismətdən, ruzidən naşükürlük etməkdən böyük günah, faciə yoxdur. Naşükürlük isə həmişə insanı faciələrə aparır. Mənə elə glir ki, günümzdə başımıza gələn fəlakətlərin də böyük əksəriyyətinin əsasında məhz naşükürlük faciəsi dayanır…

BIR CAVAB BURAXIN