NƏ DEYİM, NƏ DEYİM, NƏ DEYİM SİZƏ…

0
46


Dərədən, təpədən, dağdan küsənlər,
Fağırın başını daldan kəsənlər,
Zalımın önündə tir- tir əsənlər,
Nə deyim, nə deyim, nə deyim sizə.

Qəflət yuxusundan oyanmayanlar,
İman boyasına boyanmayanlar,
Haqqın tərəfində dayanmayanlar,
Nə deyim, nə deyim, nə deyim sizə.

Günahı savaba əyənməyənlər,
Dostları dost kimi öyənməyənlər,
Çıxdıqları qını bəyənməyənlər,
Nə deyim, nə deyim, nə deyim sizə.

Yalanın caynağı, dişi olanlar,
Şeytanla şərikli işi olanlar,
Arvad hesabına kişi olanlar,
Nə deyim, nə deyim, nə deyim sizə.

Nəlbəki içində nərə salanlar,
Xoruzun üstünə fərə salanlar,
Xeyri addımaşı şərə salanlar,
Nə deyim, nə deyim, nə deyim sizə.

Bir qarın çörəyə zəmi satanlar,
Seçki qutusuna haram qatanlar,
Seçib seçilənə şıllaq atanlar,
Nə deyim, nə deyim, nə deyim sizə.

Davayla, dərmanla bitişməyənlər,
Heç vaxt dəyməyənlər , yetişməyənlər,
Xalqın harayını eşıtməyənlər,
Nə deyim, nə deyim, nə deyim sizə.