Müsavat Partiyasından növbəti istefalar başladı

0
582

Müsavat partiyasının sədri Arif Hacılı ilə “Yeni Müavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında baş verən son qalmaqaldan sonra partiyadan növbəti istefalar baş verib.

APA-nın məlumatına görə, qəzetin əməkdaşları, yazar Elşad Paşasoy və baş direktor Ələsgər Süleymanov partiyadan istefa verdiklərini açıqlayıblar.

E. Paşasoy qeyd edib ki, onlar “illər ərzində “Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymayıblar”.
R. Arifoğlu özü də partiyanı tərk edəndə onlara seçim etməklə bağlı heç bir təklif irəli sürməyib: “Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında “Ya Müsavat, ya “Yeni Müsavat” seçimi qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq. Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm”.
Ələsgər Süleymanov da 21 ildir Müsavat Partiyasının üzvü olduğunu xatırladıb: “Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, “mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?” Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!”

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı ötən gün “strateq.az” və “xural.com”saytlarına müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hakimiyyətə təslim olmaqda ittiham edib, “Yeni Müsavat” qəzetini hakimiyyətin kursunu dəstəkləməkdə ittiham edib, 2008-ci ildən etibarən bu qəzetlə münasibətlərini kəsdiyini bildirib. Rauf Arifoğlu isə A. Hacılının ittihamlarına sərt yazı ilə cavab verib, onun yalan danışdığını qeyd edib, bir neçə fakt göstərib. R. Arifoğlu yazısında Arif Hacılının ondan məhbus həyatı yaşayan Tofiq Yaqubluya maliyyə yardımını dayandırmağı tələb etdiyini də vurğulayıb.
“Arif, mən sizə daim yaxşılıq, İlham Əliyevə daim pislik etmişəm. Sizdən ancaq pozitiv şeylər yazmış, tribuna, maddi dəstək vermiş, İlham Əliyev və iqtidarına isə daim tənqid, olar-olmaz şeylər yazmışam. Onun hakimiyyətdən getməsi üçün ciddi fəaliyyətlər göstərmişəm. Lakin bunca xidmətlərin müqabilində xoşunuza gəlməyən bir yazı, qardaşımın, yaxud da qəzet əməkdaşlarının bir statusu, laykı ilə mənə düşmən kəsilmisiniz. İlham Əliyevsə mənimlə işləməyi, ona etdiklərimi unutmağı seçdi. İsa Qəmbər demişkən, barışdı mənimlə. İndi ağıllı müşahidəçilər yaxşı görür, kimin böyük olduğunu, kimin əsil dövlət adamı olduğunu, kimin böyük siyasətçi olduğunu” deyə qeyd edən Arifoğlu daha sonra yazıb: “Mən əslində sizlərlə bağlı bütün gözləntilərimə təslim olmuşam”.

BIR CAVAB BURAXIN