Müğənniləri qınamıram, həzin musiqiləri harada səsləndirək?

0
676

 İllərin dostluğu vardı aramızda. Və bu üzdən söhbətimizin çox səmimi və içdən olacağını bilirdim. Kiçik yaşlarından yorğun qanadları ilə mücadilə aparmışdı sənət meydanında. Ürəklərə məlhəm olan ifa etdiyi musiqilər həm də şirinliyi ilə el məclislərinin yaraşığı olub. Həyatında ümidlə acdığı qapılar onu heç vaxt xəyal qırıqlığına uğratmayıb. Çünki ümidlərinin üfüqlər kimi işıq saçacağına çox inanıb. Ona görə də bu gün ötənlərə qayıdan qonağım ona sənətdə əl uzadanları unutmur.

Həmsöhbətim əməkdar artist, mahir qarmon ifaçısı Gülbahar xanım Şükürlüdür.

 –Gülbahar xanım, niyə görünmürsünüz?

 – Bilirsiz, bəzən biz sənət adamları da yoruluruq. O üzdən yay fəslində hamı kimi yorğun iş rejimindən sonra dincəlirik. Daha sonra məhərrəm ayında fasilə etmək məcburiyyətindəyik. Amma dəvət aldığım bir çox verilişlərdə çıxış edirəm.

Son vaxtlar efirlərdə o qədər yeni oxuyanlar peyda olub ki, düşünürəm onlara da yol vermək, onları da tanıtmaq lazımdı. (gülür) Onlar üçün şərait yaradırıq.

 

– Ümumiyyətlə, bu gün şou-biznesdəki durğunluq nə ilə əlaqədardır?

 – Mən deməzdim durğunluqdu. Sənət qazanında hamı qaynayır.

-Axı şikayət edirlər ki, toy yoxdur?

 

– Düzdür, toylar əvvəlki kimi yoxdur. Amma toylar az olsa da, müğənnilər şou proqramlara gedirlər. Şou proqramlara yazılmamışam. Lakin restoranlarda məclis yiyələri tərəfindən banketlərə dəvət alıram. Həzin musiqilərə həsrətəm. Artıq diskoteka mahnılarına meyllənən gənclərimiz çoxalıb. Beyinlər yüklənib belə musiqilərlə. Ona görə də müğənniləri qınamıram. Amma bir şey çox maraqlıdır, həzin musiqiləri harada səsləndirək?

 

-Analı günlərin hansı xatirəsini hələ də unuda bilmirsiniz?

 

– …Anam, atam, bacımın həyat yoldaşı altı ayın ərzində dünyadan köçdülər. Çox yükləndim… Bu itkilər məni elə sarsıtmışdı ki, qəlbim fəryad edirdi. Eşitmişdim ki, ana rəhmətə gedəndə əgər qızı onu son mənzilə yola salmaq üçün yuyarsa, o dünyada deyirlər ki, ” bəxtəvər ana gəlir”. Mən də son dəfə anamı yudum və həmin vaxt üzümü anama tutub dedim ki, “ay ana, qoy desinlər bəxtəvər ana gəlir”. (göz yaşlarını tuta bilmədi…) Anam musiqini çox sevərdi. İfalarımdan zövq alardı. Həmişə məni telekanallarda görəndə çox sevinirdi. 2009-cu ildə mən əməkdar artist adına layiq görüləndə anamın sevinci yerə-göyə sığmırdı. O, musiqiçi olmasa da, çox güclü musiqi duyumu var.

 

-Bəzi sənət adamları var ki, onlar nənəlik, babalıq sevinclərini cəmiyyətdən gizlədirlər. Səbəb toylara dəvət olunmamaq qorxusudur. Siz isə əksinə, bu sevinci ilk olaraq mətbuatla bölüşdünüz.

 

– Bu nə deməkdi? Onda biz nə üçün yaşayırıq?! Valideyn illərlə övladının xoşbəxt olacağı günü gözləyir, toyuna dəvət etdiyi dostlarla qol götürüb oynayır, hər kəslə bu sevinci paylaşır. Səbirsizliklə gözlədiyin o günün şirinliyini necə gizlətmək olar?! Üç nəvəm var, heç biri də mənə nənə demir. Gülü deyə çağırırlar.

 

-Nədən yorulmusunuz?

 

– Mən onuncu sinifdə oxuyandan el şənliklərinə gedirəm. Zəhmətin nə olduğunu yaxşı bilirəm. Qayğıkeş övlad olmuşam. Amma itkilərdən, haqsızlıqlardan, paxıl insanlardan çox yorulmuşam. Bəzən deyirlər ki, yola ver getsin. Necə yola verim? Bu söz mənə yaddır. İnanın ki, hər kəsin sevincinə ürəkdən sevinirəm. Qoy sənin süfrən bol olsun, mən də gəlib o süfrədə əyləşim. Bunun nəyi pisdir?

 

-Haqsızlıqlar sizi dostlarınızdan ayırmadı ki?

 

– Elə də çox dostlarım olmayıb. Sənət adamları ilə mehriban münasibətim var. Mənim yeganə dostum, yaxın sirdaşım olan Gülnarə  var ki, məni məndən çox istəyir. Əgər mənim yanımda yaxşı dost yoxdursa, deməli mən özüm də yaxşı insan deyiləm.

 

-Sevinmək üçün Gülbahar xanıma nə lazımdı?

 

– Əgər desəm ki, nəyimsə çatmır, naşükürlük olar. Övladlarımın toyunu Allah mənə qismət eləyib. Üç nəvəm var. Məni başa düşən həyat yoldaşım həmişə arxamdadır. Təmirli evimiz, bağımız, maşınımız. İnsana daha nə lazımdı? Uşaqlarım, nəvələrim bizə gələndə ailəliklə bir stol arxasında əyləşib söhbət etməyin özü böyük sevincdir. Mən həyatımdan çox razıyam. Saf, təbii, səmimi insanlar görəndə sevinirəm. Çünki belə insanlar çox azalıb.

 

-Deyəsən sevincinizin üstünə daha bir sevinc əlavə olub. Eşitdiyimə görə Türkiyədə ev almısınız?

 

– Doğrusunu desəm, Türkiyədə bir necə evə baxmışam. Sadəcə həyat yoldaşımın təyyarəyə fobiyası olduğu üçün hələlik bu məsələni ertələmişik. Uşaqlarımın da sevdiyi bir ölkədir. Dinimiz bir, dilimiz birdir. Ən əsası budur.

 

-Sizcə cənnət qapıları üzünüzə acıqdır?

 

-(gülür). Nə bilim, vallah. Yəqin cənnətin qapısı açılmasa da, foyesinə keçə bilərəm.

 

-Gülbahar xanım, toy olmasa sənət adamları necə maliyyələşər? Məsələn, qarmon ifaçısı olmasaydınız, kim olardınız?

 

– Allah, həyat yoldaşımın canını sağ eləsin, çalışır, ailəni dolandırır. Elə bilirəm qarmon ifaçısı olmasaydım, qarmon olardım. (gülür) Çünki özümü başqa sənətdə təsəvvür eləmirəm. Hər kəs öz sənətində istedadlıdır. Asan iş yoxdur. Hər bir işin çətinliyi var. Mən də el şənliklərində zəhmətimlə çörək pulu qazanıram.

 

-Qarmon ifaçıları arasında dostluq var, yoxsa rəqabət?

 

– Zənnimcə dostluqdan çox rəqabət var. Amma “mənim rəqibim yoxdur” fikriylə də razı deyiləm. Çünki bu söz çox böyük səslənir. Daha doğrusu yekəxanalıq çıxır.

 

-Ümumiyyətlə, sənətdə sizə maneçilik törədənlər olubmu?

 

– Sənətə yeni qədəmlərimi qoyanda mane olan da olub, irəli aparan da. Həmişə Kəmalə xanım Rəhimlini efirdə görəndə düşünürdüm ki, görəsən nə vaxtsa onu həyatda görə biləcəm? O, əlçatmaz müğənnidir. Hər toyda görünməzdi. Kəmalə xanıma görə hətta toy sahibləri toyun vaxtını belə dəyişərdilər.

Bir dəfə mənim Buzovna kəndində dəvət aldığım toya yaşlı bir müğənni də dəvət olmuşdu. Lakin mənə bildirdilər ki, həmin müğənni toya öz qarmon ifaçısını gətirmək istəyirmiş. Amma toy sahibi mənim iştirakımı arzulayıb. Mən onuncu sinfi yenicə bitirmişdim. Sənətdə ilk addımlarım idi. Bakı kəndlərinə el şənliklərinə gedirdim. Artıq gələcək həyat yoldaşımı tanıyırdım. Sən demə onun da anası həmin toydaymış. Təsəvvür edin ki, ifa zamanı o müğənni məni çətin notlara saldı. Çətin muğam ifa edir və tez-tez arxaya acıqla baxırdı ki, ”məni müşayiət elə”. Həyəcandan əl-ayağım əsir, sifətim qıpqırmızı yanırdı. Elə pis vəziyyətdəydim ki, tez məclisdən çıxmaq istəyirdim. Səsimi çıxara bilmirdim. Kimə şikayət edib nə deyəcəkdim?! Gənc olduğum üçün məni yola verməliydi. Növbəti dəfə Kəmalə Rəhimli ilə bir məclisə düşdük. Sevincimin həddi-hüdudu yox idi. Kəmalə xanım məni elə istiqanlı qarşıladı ki, ruhlandım. Gözəl ifalar etdim. İfam o qədər xoşuna gəlmişdi ki, məni ertəsi gün dəvət aldığı toyda görmək istədiyini bildirdi. Kəmalə xanımın qarşıma çıxması mənə həm bu sənəti sevdirdi və həm də bütün həyatım dəyişdi.

 

-Bəs sonralar sizə mane olmağa çalışan həmin müğənni ilə rastlaşmadınız?

 

– Artıq 5-6 il keçmişdi. Mən ailə həyatı qurmuşdum, uşaqlarım vardı. İllər sonrası mən populyarlaşdım, ona artıq tələbat olmadı. Daha sonralar Zöhrə xanım Abdullayeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova kimi sənətkarları müşayiət elədim. Bu mənimçün böyük etimad idi. Zöhrə xanım sonralar məni efirə çıxartdı. Həyatımda bu hadisələrdən sonra dönüş yarandı. Zöhrə xanımın köməkliyilə 1993-cü ildə ilk dəfə Az TV – də mənim solo- konsertim baş tutdu. Sonralar “Aytac”, “Rusif” rəqsi, daha sonra da iki rəqs musiqisini yazdım. Əgər həmin vaxt anam mənə təsəlli olmasaydı, sənəti atacaqdım.

 

-Gerçəklərin dilə gəldiyi yerdə xatirələrlə üzləşdi. Analı-atalı günlər onun uşaqlıq bağçasını cənnətə çevirmişdi. Həyatındakı vaxtsız itkilər, gördüyü haqsızlıqlar bahar nəfəsli gəncliyinə bir məyusluq gətirsə də, illər bəzən onu sarsıtsa da, bəzən uşaq təki ağlayıb ötənlərin acısını çıxarmaq istəsə də cavabsız suallarının cavabını nəğmələrində tapmışdı. Xoşbəxtlikdən ağız dolusu danışırdı. Buna haqqı da vardı. Çünki üzünü daim güldürən, qəlb bağçasına ümid çiçəkləri düzdürən övladları, nəvələri və ən başlıcası hər zaman arxasında dayanan həyat yoldaşı vardı. Baxmayaraq ki, bu gün şirin, lakin gerçək nağıllarının  baş qəhrəmanı həyat yoldaşı Zahid, yanında sərkərdəsi özü idi…

 

Mətanət Şamilqızı

 

 

 

 

BIR CAVAB BURAXIN