Milyonlar xərclənsə də, Bakı-Tbilisi-Qarsın bəxti açılmır

0
613

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun bəxti, deyəsən, bu il də açılmayacaq. Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi 2017-ci ilin birinci rübündə işə salınacaq. Çox yox, 2 ay öncə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan dəmiryolun bu ilin sonu açılacağını deyirdi.

Layihənin təməli qoyulandan – 2007-ci ildən, demək olar ki, hər ilin əvvəli dəmiryolun ilin sonunda, ilin sonunda isə «gələn ilin əvvəlində istismara veriləcək» deyilib.

LAYİHƏ NECƏ BAŞLADI

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi barədə danışıqlar 1993-cü ilin iyulunda Ankarada, Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanmışdı. 2002-ci ilin iyulunda İstanbulda Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin gerçəkləşməsi barədə protokol da imzalandı.

Nəhayət, dəmir yolu xəttinin layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə, prezidentlər İlham Əliyev, Mikheil Saakashvili və Türkiyənin ozamankı baş naziri Recep Tayyip Erdoğan imzaladı və həmin il noyabrın 21-də təməli qoyuldu.

XƏRCLƏNMİŞ MİLYONLAR

Layihənin maliyyələşmə yükü də Azərbaycanın üzərinə düşüb. Uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan 775 milyon ABŞ dolları ayırmağı öhdəlik götürüb.

Dövlət Neft Fondunun (DNF) məlumatına görə, oktyabrın 1-nə cəmi 619.8 milyon ABŞ dolları, o cümlədən bu ilin 9 ayı ərzində 31.5 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihədə çox maraqlıdır. Çünki Ermənistandan yan keçir deyə, Qərb dairələri BTQ-yə dəstək verməmişdi.

Azərbaycan Dövlət Dəmir Yolunun məlumatına görə, ilkin qiymətləndirmə göstərib ki, yolun tikilməsinə 250 milyon ABŞ dolları gərəkəcək. Bunun da 200 milyon ABŞ dolları Türkiyə sahəsinə, 50 milyon ABŞ dolları Gürcüstan sahəsinə yönəldiləcək. Lakin layihənin toplam dəyəri 400 milyon ABŞ dolları həcmində dəyərləndirilir. Amma DNF-nin də məlumatı göstərir ki, artıq ilkin dəyərləndirmədən də çox pul xərclənib.

Azadliq.org

BIR CAVAB BURAXIN