Mikayıl Müşfiqin əleyhinə donos yazanlar

0
1362


Arazinfo.com Moderator.az-a istinadən Azərbaycan ədəbiyyatının ən nakam şairlərindən olan cəmi 29 il ömür sürən Mikayıl Müşfiqin üzləşdiyi təqiblərdən bəhs edən yazını təqdim edir.
Burada biz Müşfiq əleyhinə yazılan çoxsaylı yazıların qısa siyahısı ilə tanış olacaq, birinin üzərində isə dayanacağıq.
Professor, Müşfiq irsinin mahir bilicisi Abbasqulu Nəcəfzadə onun barəsində yazılan tənqidi yazıların siyahısını bu cür qeyd edir:”  Mikayıl Müşfiqin mətbuatda əleyhinə yazılmış məqalələrin sərlövhələri işin əsas mahiyyətini açır. Məsələn, Məmməd Rahim “Kontrrevolüsioner, kandrabançı, oğru” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ə.Əkbər “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” (“Kommunist” qəzeti 20 iyun 1937), Abdulla Faruq “Sonadək ifşa etməli” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Məmməd Səid Ordubadi “Təmizliyə başlamalıdır” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüseyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Osman Sarıvəlli “Nizamnamə təhrif edilmişdir” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Cəfər Xəndan “Sıralarımızı təmizləyəlim!” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüsyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937),Səməd Vurğun “Səhvlərimiz haqqında” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Seyfulla Şamilov “Sayıqlığın kütləşdiyi yerdə” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Mikayıl Rəfili, Süleyman Rüstəm və b. Bu tənqidi məqalələrin müəlliflərinin əksəri həm istedad, həm də bədii yaradıcılıq baxımından Müşfiqdən çox-çox zəif olublar. Həmin ədiblərin bir qismi (H.Zeynallı, M.Quliyev, Ə.Nazim) yanlış yolda olduğunu bilib, sonradan səhvlərini düzəltməyə çalışarkən özləri də 37-nin qurbanına çevriliblər”.
O zaman üzə duranlar üç qrupa bölünürdü: məcburən bu işə təhrik olunanlar, rəhbərliyin yanında  yerlərini yaxşı etmək üçün bu işi görənlər və paxıllıq girdabına düşdüyü üçün bu işə qol qoyanlar.
Deyilənə görə, Mirmehdi Seyidzadə birincilərdən imiş. Amma heyhat! Məktubda heç 30 il ömür sürməyən, nakam taleli Müşfiq elə təhqir olunub ki, onu yazıb təqdim etmək belə, çətindir! Lakin bu tarixdir!
Yazılmalıdır ki, tarixdə necə hadisələrin olması, Müşfiq, Cavid kimi insanların necə əzab çəkmələri bilinsin. Elə məktubun yer aldığı nəşr – arxiv bilicisi və araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabı da bu məqsədlə yazılıb. Tarix, keçmiş bilinməlidir. İbrət dərsi üçün bilinməlidir!
“Sizin tələbinizə görə, …. kontrrevolyusioner (nöqtələrin yerinə Cavid və Müşfiqin şanına yaraşmayan söz yazıldığı üçün silmək qərarına gəldik. E.N.)  Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm:
…. Mikayıl Müşfiqi mən Yazıçılar Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında danışmaq istəmişəm, iki dəfə sədrə yanaşmışam da, mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra Rahim yoldaş (Məmməd Rahim – A.K.) məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”.
Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı хatirə insanda ikrah hissi doğurmaya bilmir:
“… Müşfiq bəzən gecələr də bizdə qalırdı”.
“Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”.
“1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və aхşamlar dəniz sahilinə gedərdik”.
Bu, M.Seyidzadənin daхilindən gələn həqiqi səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi. Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün “danos” yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən “söz ustadı” Məmməd Rahim həmin materiallardan “lazımınca” bəhrələnməyə  müvəffəq olur.
Elmin Nuri

BIR CAVAB BURAXIN