Mauqli uşaqların taleyi necə oldu?/Əziz Mustafa

0
1198

İnsanı insan edən və onun yetişməsində ən mühüm rol oynayan faktorlardan biri də onu əhatə edən mühitdir. Bu baxımdan insan uşaqlıqdan hansı mühitdə böyüyürsə, həmin mühitin təsiri altında onun şəxsiyyəti formalaşır. Hər halda uşaq ikən hansısa bir “təsadüf” nəticəsində insanların deyil, heyvanların arasında yaşamağa məcbur olanların taleyi də bunu sübut etməkdədir. Onlar kiçik yaşlarından heyvanların arasında yaşadıqları üçün tədricən insana məxsus sifətlərini itirirlər. Vəhşilər arasında yaşayan və buna görə “Mauqli sindromu” adı alan bu uşaqların bütün hərəkətləri heyvanlar mühitini xatırladır və onlardan heç nə ilə fərqlənmirlər. Onlar insanlar arasına qayıtdıqdan sonra belə yeni mühitə uyğunlaşa bilmir, heyvanlara xas olan bütün hərəkətləri davam etdirir, yalnız çiy qida ilə qidalanmağa üstünlük verirlər. Tarixdə belə hadisələr kifayət qədərdir. Ona görə də, mauqlilərin sonrakı həyatlarının necə olduğu barədə bəzi məlumatlara diqqətinizi cəlb etmək istəyirik.

Tarixdə ilk dəfə heyvanların insanı tərbiyə etməsi ilə bağlı əfsanəyə “Romul və Rem”də rast gəlinir. Əfsanəyə görə, Romul və Remi uşaqlıqdan canavar yedizdirib. Sonra çoban onları taparaq böyüdüb. Nəticədə, Romul Roma şəhərinin əsasını qoyub. Hazırda Roma şəhərinin emblemi da Romul və Remə süd verən ana canavar emblemidir. Lakin canavarın körpə uşaqlara süd verərək onları bəsləməsi yalnız Romul və Remdə deyil, qədim türk əfsanələrində də əksini tapıb. Rəvayətə görə düşmən Aşina soyundan olanların hamısını qırıb, ancaq “təsadüf” nəticəsində körpə bir oğlan uşağı sağ qalıb. Bu uşağı tapan ana canavar onu südlə bəsləyərək böyüdüb. Oğlan böyüyəndən sonra yenidən Aşinanın nəslini davam etdirib. Ona görə də, lap qədim dövrlərdən, “Romul və Rem”dən əvvəl türklərdə canavar totem hesab edilib. Belə güman edilir ki, “Romul və Rem” əfsanəsi, canavarın körpə uşaqları öz südü ilə bəsləməsi də Orta Asiyada Kiçik Asiya vasitəsi ilə İtaliyada məskunlaşan və qədim sivilizasiya quran etrusk türkləri tərəfindən bölgəyə gətirilib və yerli əhali arasında yayılıb. Hər halda “Romul və Rem” əfsanəsinin etrusk türklərinin bölgəyə özləri ilə gətirdikləri və onların danışdıqları rəvayətdən qaynaqlana biləcəyi istisna edilmir. Çünki türklərlə müqayisədə italyanlar sonralar heç vaxt canavarı özləri üçün totem hesab etmədilər. Buna səbəb isə çox güman ki, “Romul və Rem”in onların mifologiyasına kənardan gətirilməsi olub. Amma türklərdə boz qurda, canavara məhəbbət günümüzdə belə davam etməkdədir.

Məşhur yazıçı Redyar Kiplinq tərəfindən təsəvvür edilən və heyvanlar arasında yaşayan, ancaq ayaqüstə gəzməyi və danışmağı bacaran Mauqliyə gəlincə, bu, müəllifin fantaziyasından başqa bir şey deyil. Belə ki, adətən körpəlikdən heyvanlar arasına düşən və onlar arasında yaşamağa məcbur olan insanların heç biri sonralar danışmağı bacarmır.

“Romul və Rem” əfsanəsi ilə müqayisədə Almaniyada baş verən hadisə əfsanə deyil həqiqətdir. 1341-ci ildə Almaniyanın Hessen şəhərində canavarın uşağa süd verərək böyütməsi barədə hadisə qeydə alındı. Canavar ovuna çıxan ovçular onların arasında 4 ayaqları üstündə qaçan, tullanan, heyvan səsləri çıxaran, tutanda dişləyən 8 yaşlı bir oğlan uşağı aşkar etdilər. Onu tutan ovçular evə gətirdilər. Bir müddət 8 yaşlı uşağa danışmaq öyrətmək, onu adamların yaşadığı mühitə alışdırmaq istədilər. Ancaq heç cür onu bu mühitə alışdıra bilmədilər. Uşaq ev yeməkləri yemir, yalnız çiy ətlə qidalanmağa üstünlük verirdi. O hər vəchlə meşəyə qaçmağa cəhd edirdi. Lakin ona meşəyə qaçmağa imkan vermədilər. Nəticədə, insanlar arasında yaşamağa heç cür öyrəşə bilməyən uşaq xəstələnərək vəfat etdi.

Averondan olan “vəhşi”

Heyvanlar arasında yaşayaraq onlar kimi hərəkət edən digər bir uşaq 1797-ci ildə Fransanın Averon adlı ərazisində aşkar edildi. Bir “təsadüf” nəticəsində kəndlilər meşədə özünü vəhşi heyvanlar kimi aparan 12-13 yaşlı uşağı tutdular. Uşaq özünü əsl vəhşi kimi aparmaqda idi. O danışmağı bacarmır, boğazından qəribə səslər çıxarırdı. Uşaq bir neçə dəfə meşəyə qaçmağa nail oldu. Lakin hər dəfə də onu tutaraq geri qaytardılar. Vəhşi uşaqla bağlı məlumatlar o dövrün alimlərinə də gedib çatdı. Onlardan biri Pyer Jozef Bonnaterre vəhşi uşaqla şəxsən məşğul olmağa başladı. Uşağı müşahidələri əsasında o, “Averondan olan vəşi haqqında qeydlər” adlı yazı qələmə aldı. Bonnaterre yazırdı ki, uşaq isti və soyuq havaya həssas deyil, özü başa düşən dildə xüsusi vəhşi səslər çıxarır, paltar geyməkdən imtina edirdi. Alimlərin bütün səylərinə baxmayaraq Viktor adı verilən uşağa danışmaq və insanlar arasında yaşamağı öyrətmək mümkün olmadı. “Averon vəhşisi” 40 yaşında dünyasını dəyişdi. Sonralar “Averon vəhşisi” haqqında “Vəhşi uşaq” adlı film çəkildi.

İki bacı

Mauqli həyatı yaşayan digər uşaqlara isə Hindistanda rast gəlinib. 1843-1933-cü illərdə Hindistanda 15 vəhşi uşaq aşkar edilib. 1867-ci ildə aşkar edilən və tutularaq insanlar arasına gətirilən və Dina Saniçar adlandırılan vəhşi uşağı canavarlar bəsləyərək böyütmüşdülər. Uşaq elə canavar yuvasında da yaşayırdı. Uzun səylərdən sonra uşağa iki ayaq üstə yeriməyi, paltar geyməyi, qabdan yemək yeməyi öyrədə bildilər. Lakin ona heç cür danışmağı öyrədə bilmədilər. Dina Saniçar 34 yaşında dünyasını dəyişdi.

Hindistanda digər analoji hadisə 1920-ci ildə baş verdi. Yerli kəndlilər cəngəlliklərdə canavarlarla birlikdə yaşayan iki “kabus uşağa” rast gəldilər və bir müddət onların qorxusu altında yaşadılar. Nəhayət, ovçular cəsarətə gələrək uşaqları izləyə və onları tuta bilidlər. Vəhşilər arasında yaşayan iki bacının 8 yaşı olardı. Bacılara Kəmalə və Amalə adı verdilər. Uşaqlar dörd ayaqları üstə gəzir, heyvan səsləri çıxarır, ancaq çiy ət yeyirdilər. Amalə insanlar arasında cəmi bir il yaşaya bildi. Kəmalə isə 17 yaşında vəfat etdi. O vəfat edəndə zehni baxımdan 4 yaşlı uşaq səviyyəsində idi.

1975-ci ildə İtaliyada canavarlar arasında 5 yaşlı uşaq aşkar etdilər. Onu tutaraq Uşaq Psixiatriyası İnstitutuna təhvil verdilər. Rono adı verilən bu uşaq heç cür yeni mühütə uyğunlaşa bilmədi. Nəticədə, uşaq ona zorla yedirilən insan yeməklərinə uyğunlaşa bilməyərək öldü.

Ümumiyyətlə, nəinki canavarlar, həm də meymunlar, pələnglər, kenqurular, şirlər arasında yaşayan onlarla uşaq aşkar edilib. Onları insanlardan fərqləndirən ən mühüm amil isə çox sağlam olmalarıdır. Ancaq hələ ki, bu uşaqları heç cür normal həyata uyğunlaşdırmaq mümkün olmayıb.

 

BIR CAVAB BURAXIN