Mariya Zaxarovanın Azərbaycan düşmənçiliyi

0
576

Bir neçə gün öncə Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın hər hansı diplomatik etikaya sığmayan hərəkətə baş vurması və Dilqəm Əsgərovla bağlı ona ünvanlanan suala cavabında Azərbaycan mətbuatını açıq-aşkar şəkildə təhqir etməsi yeni qalmaqala səbəb olub. Rusiya XİN rəsmisinin Azərbaycan mətbuatını təhqir etməsi isə öz növbəsində Mətbuat Şurası və Xarici işlər nazirliyi mətbuat xidməti tərəfindən narazılığa gətirib çıxarıb. Xarici İşlər nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı verdiyi bəyanatında Dilqəm Əsgərov məsələsinin Azərbaycanın xüsusi diqqət mərkəzində oduğunu və bunu unudumamasını Zaxarovaya tövsiyə edib. Öz növbəsində Mətbuat Şurasının məsələ illə bağlı verdiyi bəyanatında isə Zaxarovanın bu hərəkəti qeyri-peşəkarlıq, diplomata yaraşmayan hərəkət kimi dəyərləndirilib. Zaxarovanın belə bir mövqeyini qəti şəkildə pisləyən Mətbuat Şurası onun son açıqlamasının Azərbaycanla Rusiya arasında yüksək səviyyəli əlaqələrə uyğun gəlmədiyini qeyd edib və məsələ ilə ilə bağlı Rusiyanın xarici işlər nazirliyini müvafiq ölçü götürməyə çağırıb.

Əslində son aylarda Rusiya Xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri xanım Mariya Zaxarova dəfələrlə Azərbaycana müasibətdə qeyri-obyektiv, mən deyərdim ki, erməni mövqeyindən çıxış edərək iki ölkə əlaqələrinə heç də başucalığı gətirməyən açıqlamalar verib. Nədənsə hər dəfə onun Rusiya Xarici İşlər nazirliyində mətbuat üçün keçirdiyi brifinqdə ölkəmizi ittiham etmə cəhdləri müvafiq qurumların diqqət mərkəzindən kənarda qalıb. Təkcə aprel döyüşlərinin ildönümü ərəfəsində Mariya Zaxarovanın Azərbaycanı baş verən hadisələrdə günahlandırması və bu məsələdə açıq-aşkar erməni mövqeyindən çıxış etməsi Bakı-Moskva münasibətlərində qalmaqal yaranması üçün kifayət idi. Eyni sözləri Aleksandr Lapşinin həbs edilərək Azərbaycana ekstradisiyasından sonra Mariya Zaxarovanın bunun ətrafında böyük ajiotaj qaldırması, kəlməbaşı ölkəmizi buna görə ittiham etməsi və mütəmadi olaraq bu məsələyə diqqəti cəlb etməsi haqqında da demək olar.

Bəlkə də iki və üç ölkə vətəndaşı olan Lapşinə göstərdiyi marağı Zaxarova Dilqəm Əsgərova münasibətdə də nümayiş etdirsəydi, onun tərəf tutmadığını düşünmək olardı.

Lakin belə olmadı və xanım Zaxarova Rusiya xarici işlər nazirliyində ermənilərin mövqeyini açıq şəkildə müdafiə etdiyini nəinki gizlətmir, əksinə onu addımbaşı nümayiş etdirir. Hər halda bunu Zaxarovanın qondarma erməni soyqırımına münasibətində də aydın görmək oldu. Qondarma soyqırımı üçün gözyaşları axıdan Zaxarovanın hələ ABŞ-da, Nyu-Yorkda işləyərkən erməni kilsəsinə getdiyini və “soyqırımı”qurbanları üçün göz yaşları axıtdığını yazması da onun anti Azərbaycan mövqeyinin təsadüfi olmadığını göstərir.

Belə bir vəziyyətdə Azərbaycan ictimaiyyətində Zaxarovanın simasında erməni tərəfdarı kimi mənfi imicin formalaşması təbii qəbul edilə bilər. Hər halda yuxarıda da qeyd edildiyi kimi Zaxarovanın istər Dilqəm Əsgərov, istərsə də Azərbaycana münasibətdə xoşagəlməz mövqe nümayiş etdirməsi şübhəsiz ki, yüksək səviyyəli Bakı-Moskva əlaqələrinin ruhuna uyğun deyil. Əksinə bu, Zaxarova tərəfindən iki ölkə arasında heç nədən gərginlik yaratmaq, düşmənçiliyi körükləmək cəhdi kimi dəyərləndirilə bilər. Bəlkə də Zaxarova peşəkar diplomat ailəsində anadan olmasaydı, uzun illər Rusiya xarici işlər nazirliyində işləməsəydi, ölkəsini xaricdə təmsil etməsəydi, onu bəlkə də qınamağa dəyməzdi. Amma Moskva Dövlət Universitetini Beynəlxalq jurnalistika ixtisası üzrə bitirən, 1998-ci ildən Rusiya xarici işlər nazirliyi nəşriyyat və informasiya departamentində işləməyə başlayan və ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə layiq görülən Zaxarovanı qeyri-peşəkarlıqda günahlandırmaq çətindir. Onun diplomatiya sahəsində geniş təcrübəsi var. Bu baxımdan bütün hallarda Zaxarovanın məsələyə qeyri-peşəkarcasına yanaşmasını onun ermənilərin təsiri altına düşməsi ilə izah edilə bilər. Əlbəttə, bu mənim şəxsi qənaətimdir və bütün hallarda diplomatiya sahəsində yeni adam olmayan Zaxarovanın ölkəmizə xoşagəlməz münasibətini başqa cür dəyərləndirə bilmirəm.

Konkret desək M.Zaxarova yalnız Azərbaycan mətbuatını deyil, həm də diplomata yaraşmayan qeyri-etik açıqlaması ilə həm ölkəmizi, həm də iki ölkə münasibətlərini hədəfə alıb.

Amma o da aydındır ki, Zaxarova istəsə də, istməsə də vaxtı ilə erməni muzdlusu kimi hərəkət edən ikinci Starovoytova ola bilməyəcək. Məsələnin mahiyyətində də məhz bu dayanır…

BIR CAVAB BURAXIN