Məşhur futbolçular, ağlasığmaz maaşlar… – Yeni “Futbol Eldoradosu”nda

0
658

Ötən ildən başlayaraq çinli iş adamları ölkədə futbolu inkişaf etdirmək məqsədilə idmanın bu növünə külli miqdarda pul xərcləyirlər. Çin artıq dünyada yeni “Futbol Eldoradosu” kimi tanınır. Hazırda bu ölkədə dünyanın ən məşhur futbolçuları top qovurlar. Onların aldıqları maaşlar isə ağlasığmaz rəqəmlərlə ölçülür.

AZƏRTAC hazırda Çində top qovan və dünyanın ən çox qazanan məşhur futbolçularının ilk beşliyini təqdim edir:

Karlos Tevez (illik 38 milyon avro). Karyerasının son illərini yaşayan futbolçu Çindən gələn təklifə müsbət cavab verməklə ildə 38 milyon və yaxud ayda 3,2 milyon, həftədə 735 min, gündə 105 min, saatda 4400, dəqiqədə 73 və saniyədə 1,2 avro qazanır.

Ezekel Lavezzi (illik 26 milyon avro). “Napoli” və “PSJ”nin keçmiş üzvü yayda Milanın “İnter” klubuna transfer edilməyə yaxın olsa da, sonda Çindən gələn cəlbedici təkliflə razılaşdı.

Oskar (illik 25 milyon avro). Braziliya millisindəki yerini riskə atan “Çelsi”nin sabiq futbolçusu keçmiş komandasına 70 milyon avro qazandırdı.

Halk (illik 20 milyon avro). 2012-ci ildə “Portu”dan “Zenit”ə transfer olunan futbolçunu daha çox Rusiya çempionatının “korladığı” istedad da hesab edirlər. Onun Çin klubuna keçidi “Zenit” komandasına 55 milyon avro xeyir verib.

Cervinyo (illik 18 milyon avro). İtaliyanın “Roma” klubunda üç mövsüm keçirdikdən sonra Cervinyo da bir sıra digər futbolçular kimi Çinə üz tutdu. Bununla da Kot-d’İvuar millisinin üzvü dünyada ən çox maaş alan afrikalı futbolçu oldu. Keçmiş “Roma”lı keçirdiyi hər oyuna görə 58 min, vurduğu hər qola görə isə 150 min avro qazanacaq.

BIR CAVAB BURAXIN