Lüdviq van Bethoven: zirvəyə aparan məşəqqətli yol (2)

0
774

Əziz Mustafa

20 yaşlarından başlayaraq Bethovendə karlıq əlamətləri özünü göstərməyə başlamışdı; o isə bundan əsəbiləşir, ancaq dərdini heç kimə deyə bilmirdi. Çünki bəstəkar həqiqəti etiraf etməyə özündə cəsarət tapa bilmir və bundan utanırdı. Bununla belə, o, gizlicə dərdini həkimlərə deməyə məcbur oldu. Çünki get-gedə eşitmək qabiliyyətini itirməkdə idi. Bethoveni o dövrün ən yaxşı həkimləri uzun-uzadı müalicə etdilər, sonda isə belə bir qərara gəldilər: Məşhur bəstəkardakı karlıq hansısa bir xəstəliyin deyil, onun uşaqlıqda başından aldığı zədələrin nəticəsdir.

Ata “yadigarı”

Bethoven hələ uşaq ikən atası gecəyarısı sərxoş halda evə gələrək onu yuxudan oyadırdı. Sonra da balaca Lüdviqi pianinonun arxasında oturmağa məcbur edirdi. Lüdviq çalan zaman hər hansı bir səhvə yol verəndə isə atası onun başına-başına vururdu. Nəticədə aldığı zərbələrdən onun eşitmə orqanları zədələnmişdi. Nə qədər ki, uşaq idi və onda inkişaf gedirdi, karlıq ona güc gələ bilmir, geri çəkilirdi. Ancaq Bethovenin fiziki inkişafı yavaşıyan kimi xəstəlik hücuma keçdi. O, yavaş-yavaş karlıq əlamətlərini hiss etməyə başladı. Həkimlərin onu müalicə etmək üçün göstərdiyi bütün səylər də boşa çıxırdı. 28 yaşına gələndə o, artıq tamamilə kar olmuşdu və ətrafındakıları eşidə bilmirdi. Bundan üzülən Bethoven artıq konsert vermirdi, o, hamıdan uzağa qaçır və heç kimlə danışmırdı. Hətta ən yaxın dostları ilə belə əlaqələrini kəsmişdi. Özü üçün belə ağır və üzücü günlərdən birində o, evlərindəki mətbəxə getdi və orada işləyən aşpaz qadının hərəkətlərindən daha da əsəbiləşdi. Qadına düzgün yemək hazırlamadığını söyləyərək onun üstünə qışqırmağa, onu ən ağır sözlərlə təhqir etməyə başladı. Aşpaz qadın da ona borclu qalmadı və Bethovenin üstünə qışqıraraq mətbəxdə yemək hazırlamaq üçün istifadə etdiyi alətləri onun üzərinə tulladı: -Bacarırsan, al, özün yeməyini hazırla.

Sonra da əsəbi halda qapını çırparaq otaqdan çıxdı. Bəstəkar də eyni şəkildə, əsəbi halda yeməyi hazırlamağa başladı. Lakin sonda onun bişirdiyi yeməyi heç kim yeyə bilmədi, üstəlik, onun özü də mətbəxin his-pasına bulaşaraq tanınmaz bir hala düşmüşdü. Özünün pis hala düşdüyünü, üstəlik, bişirdiyi yeməyi heç kimin yeyə bilmədiyini görən bəstəkar dərhal barmağını dişlədi və uca səslə otaqda olan ailə üzvlərinə: “Anladım. Demək, hər bir adam öz işi ilə məşğul olmalıdır”,-dedi. Bunun ardınca keçib yenidən pianinonun arxasında oturdu və heç kəsin bu günə kimi görmədiyi həvəs və şövqlə onu çalmağa başladı. Mətbəxdə baş verən hadisə Bethoven üçün bir ibrət dərsi oldu. O sanki yenidən inadkar uşaqlıq illərinə qayıtmışdı. Bundan sonra onun həyatında ikinci bir çiçəklənmə dövrü başladı. Qulaqları eşitməyən, kar Bethovenin bəstələdiyi əsərlər Avropanı ayağa qaldıraraq onu yenidən silkələmişdi. Hamı kar bəstəkarın bəstələdiyi heyrətamiz əsərlərdən danışırdı. Bethoven dünyanı fəth edən əsərlərini də məhz kar olandan sonra bəstələdi. O artıq bu vəziyyəti ilə barışmış, həyata tamam başqa gözlərlə baxmağa başlamışdı. Əvvəlki təkəbbürlülüyündən də əsər-əlamət qalmamışdı. Həmin dövrdə o yaxın dostlarından birinə yazırdı: “Həyat mənim üçün bir işgəncəyə çevrilmişdi və bir arada hətta intihar belə etmək istədim. Son anda fikrimdən vaz keçdim. Onda hiss etdim ki, məni yalnız bu dünyada sənətim xilas edə bilər. Anladım ki, hələ son sözümü deməmişəm və istədiyimi bəstələyə bilməmişəm. İradəmi toplayaraq yeni əsərlər bəstələməyə başladım. Düzdür, ətrafda danışılanları eşitməmək məni çox incidir. Onların mən eşidə bilməyim üçün var gücləri ilə hündürdən danışmaları məni çox üzür. Amma şükürlər olsun Allaha ki, karlığım yeni əsərlər bəstələməyimə mane ola bilməyib”.

Şöhrət gətirən sonata

O, bəstələdiyi son əsərlərini tamaşaçılara çatdırmaq üçün xüsusi konsert gecəsi təşkil etmişdi. Gecədə salon ağzına kimi dolmuşdu və iynə atsaydın, yerə düşməzdi. Tamaşaçılar Bethovenin ilhamla səsləndirdiyi son əsərlərindən heyrətə düşmüşdülər. O, bir anda öz bəstəsi ilə tamaşaçılarının qəlblərini ovsunlamışdı. O, yeni bəstələdiyi “9-cu simfoniya”sını ifa edərkən isə salonda qəribə bir sakitlik əmələ gəlmişdi. Sonra Bethoven ona dünya şöhrəti gətirən “Ay işığı” sonatasını ifa etdi. Bu dəfə əsərin təsiri altında coşan salondakı tamaşaçılar ayaq üstə Bethoveni alqışlayırdılar. Qulaqları eştiməyən kar bəstəkar isə bundan xəbərsiz idi və çalmaqda davam edirdi. Bunu görən orkestrdə çalanlardan biri Bethovenin yanına gələrək, ona heyranlıqlarını ayaq üstə əl çalmaqla bildirən tamaşaçıları göstərdi. Bethoven onu ayaq üstə alqışlayan tamaşaçıları görəndə anladı ki, o özünün ən yaxşı əsərlərindən birini bəstələyib və bununla da adını dünya korifeyləri sırasına yazdırıb. O, heyranlıqla tamaşaçılarına baş əyirdi, ancaq onu alqışlamaqda davam edirdilər. Bethoven anladı ki, tamaşaçılarına nə isə deməlidir və əks halda, salondakı coşqunu sakitləşdirə bilməyəcək. Amma nə desin, onlara təşəkkürmü etsin, yoxsa bəstələdiyi “Ay işığı” sonatasından daha yaxşısını yazacağını vəd etsin. Nəhayət, özünü ələ alaraq sözə başladı və həmin an bütün salonda alqış səsləri kəsildi. İndi salondakılar nəfəslərini belə çəkmədən onun nə deyəcəyini gözləyirdilər. Bethoven: “Mən şadam ki, bu gün sizin sevginizi və rəğbətinizi qazana bilmişəm. Dünyada insana bu qədər alqışlanmaqdan böyük mükafat ola bilməz. Yaxşı bəstələnmiş əsər və ya musiqi elə gücə sahibdir ki, o, kişilərin ürəyindən alov, qadınların isə gözlərindən yaş çıxarar və onları ağlamağa məcbur edər. Mən insanlar arasında musiqi qədər sevgi və məhəbbət doğuran böyük bir qüvvə tanımıram. Sevgi və dostluq məhəbbət olmayan yerdə insanlıq da olmaz, böyük əsərlər də bəstələnməz. Ən böyük dahilik əsl insan olmaqdır və məni bu dərəcədə alqışladığınıza, mənə yeni ilham verdiyinizə görə sizlərə ömrümün sonuna kimi özümü borclu biləcəyəm,”-dedi.

O, sözlərini bitirəndə salon yenə də onu alqışlamağa başladı və bu alqışlar dayanmaq bilmirdi. Bu səhnəni Bethoven ömrünün sonuna kimi unutmadı. Anladı ki, bəstələdiyi “Ay işığı” sonatası ilə dünya musiqisinin şah əsərini yaradıb və sənətin əlçatmaz zirvələrindən birinə ucalıb. Bethoven həmişə dünyanın xoş gələcəyini insanların bir-birilərini yaxından tanımasında və sevməsində gördüyünü vurğulayırdı. O, insanları sevgi və məhəbbətlə birləşdirəcək qüvvənin isə musiqi olduğu qənaətində idi. Bethoven: “Sevmək istəyirsinizsə, musiqi dinləyin, sevilmək istəyirsinizsə, yenə də musiqi dinləyin. Kədər və qəmi birdəfəlik ruhunuzdan qovmaq istəyirsinizsə, yenə də musiqi dinləyin, ucalmaq və ucaltmaq istəyirsinizsə, yenə də musiqi dinləyin. Musiqi insan üçün səadət mələyidir, bu mələyi əldən buraxsanız və ona biganə qalsanız, bir daha onu tuta bilməyəcəksiniz. Amma musiqini anlamaq lazımdır, anlamaq üçünsə insana incə hisslər, zövq ala bilmək bacarığı lazımdır. Musiqi çalınanda bütün ruhun oynayıb hərəkətə gəlmirsə, demək onda sənin bu həyatda yaşamağı boş-boşunadır. Ürək qapılarını musiqi aça bilməyən insanlar bu həyatda canlı ölülərdən başqa bir şey deyillər”, – deyirdi.

Bethoven eyni zamanda insanlara dönə-dönə səslənirdi ki, iradələrinə hakim olsunlar və son məqsədlərinə gedən yolda dağları, dənizləri belə aşmağa hazır olsunlar. Bethoven ətrafındakılara: “Hansı insan öz iradəsinə hakimdirsə, onu öz yolundan ölümdən başqa heç bir qüvvə saxlaya bilməz. Mən həyatım boyu iradəli insanlar qarşısında boyun əydim. Zira məni də milyonlara sevdirən öz iradəmə hakim olmağım səbəb oldu. Əks halda, mən məhv olub gedəcəkdim və milyonların qəlbini oxşayan əsərlər bəstələyə bilməyəcəkdim”,-demişdi. Həqiqətən də Bethovenin həyatı insanlar üçün bir nümunədir, o, ömrünün bir mərhələsini təzadlı şəkildə keçirdi və təkəbbürlü olması, hamıya üstdən aşağı baxması və onlarla kobud şəkildə rəftar etməsi ilə yadda qaldı. Lakin kar olandan sonra sanki onun bəsirət gözü açıldı və o, dəyişilərək tamam başqa bir adam oldu və iradəsini ələ alaraq özünü milyonlara sevdirəcək dahi əsərlər, o cümlədən bəstəkara dünya şöhrəti gətirən “Ay işığı” sonatasını yazdı. Bununla da o sübut etdi ki, zirvələrin fəthinə yol hər bir insanın özündən keçir.

BIR CAVAB BURAXIN