“Leyli rolunu oynaya-oynaya, özüm də bilmədən leyliləşmişəm”

0
594

 

Yanvar ayının 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək. Tamaşada Leyli rolunu Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova, Məcnun rolunu isə məşhur xanəndə Arif Babayevin tələbəsi Elnur Zeynalov ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevdir. Hazırda tamaşanın son məşqləri gedir. “Leyli və Məcnun” operasının növbəti tamaşası barədə “Yeniavaz.com”a açıqlama verən Gülyaz Məmmədova: “Bu günə kimi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ölməz sənət əsəri olan “Leyli və Məcnun” operasında 100 dəfədən çox Leyli rolunu ifa etmişəm. Lakin hələ də Leyli rolunu oynamaqdan yorulmamışam. Hər dəfə də səhnəyə çıxarkən Leylini yalnız oynamamışam, həm də onu sözün əsl mənasında yaşamışam. Necə deyərlər, Leyli rolunu oynaya-oynaya, özüm də bilmədən leyliləşmişəm. Mənim xoşbəxtliyim həm də tərəf-müqabillərimin respublikamızın tanınmış opera ifaçıları olması olub. Səhnədə tərəf müqabillərin oynadığı rolu nə qədər yaşaya bilirsə, sən də o qədər oynadığın rolu yaşaya, yaşada bilirsən. Bu dəfəki tərəf müqabilim gənc opera ifaçısı Elnur Zeynalovdur. Məşq prosesində Elnur Məcnun rolunu özünəməxsus bir şəkildə ifa edir və “məcnunlaşa” bilir. Ona görə də “Leyli və Məcnun” operasının növbəti tamaşasının da uğurla keçəcəyinə, tamaşaçı alqışlarını qazanacağımıza əminəm. Nəhayət mən “Leyli və Məcnun”operasının quruluşçu rejissoru Hafiz müəllimə belə bir gözəl tamaşanın hazırlanmasında çəkdiyi əziyyətlərə görə təşəkkür edirəm”,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN