Leninin yandırılan sonuncu  vəsiyyəti – 23 dekabr 1923-cü il…  

0
684

Vladimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta o, hakimiyyəti ələ keçirmək üçün proletariatın rəhbərini bütün siyasi proseslərdən təcrid edərək, həbs vəziyyətində saxlayıb.

 

Arazinfo.com Modern.az saytına istinadən Lenin-Stalin münasibətlərindəki  maraqlı məqama diqqəti cəlb edir .

 

1922-ci ilin may ayında bolşeviklərin lideri Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə, Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib.

 

Bu məsələdə Lenin fikrini açıq bildirib, Stalinin partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə edib (o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi). Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını verib: “Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb”.

 

Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın Mərkəzi Komitəsi, şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə, proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar.

 

Beləliklə, Leninin taleyi Stalinin iradəsindən asılı vəziyyətə düşüb, inqilabın rəhbərləri isə həmin vaxt bu situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə, o cümlədən Trotskinin də cəhdləri mənasız olub.

 

1922-ci il dekabrın 21-də Lenin həyat yoldaşına Trotskiyə ünvanlanmış məktubu yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb:

“Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”.

 

Lenin həmçinin məktubda Trotskidən ona telefonda cavab verməsini də xahiş edib. Çox maraqlı və qəribə bir faktdır ki, Trotski gecənin bir aləmi həmin məktubun məzmunu haqqında Siyasi Büronun digər bir üzvü Kamenevə məlumat verib və ondan xahiş edib ki, bu barədə Stalini məlumatlandırsın.

 

Məktubun məzmunundan xəbərdar olan Stalin hədsiz dərəcədə qəzəblənib:

“Qoca (Stalin Leninə belə ləqəb qoyub) qadağaya baxmayaraq, Trotskiyə necə məktub göndərə bilib?”.

 

Daha sonra Stalin Leninin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib.

 

Dekabrın 22-dən 23-nə keçən gecə növbəti dəfə Leninin beyninə qan sızanda o, Stalin tərəfindən göstərilən təzyiqdən şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan-döşəyə düşmüş Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib.

 

 

1923-cü il dekabrın 23-də ölümünün yaxınlaşdığını hiss edən Lenin katibəyə öz şəxsi siyasi vəsiyyətinin birinci hissəsini, qurultaya göndərəcəyi məktubu diqtə edib. Həmin məktubda Lenin partiyanın Mərkəzi Komitəsinin heyətinin genişləndirməyi təklifini irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu oxuyan Stalin Leninin səhhəti ilə maraqlanıb, daha sonra soyuqqanlı şəkildə katibəyə əmr edib: “Yandırın məktubu!”. Qız əmri yerinə yetirsə də, Leninin seyfində həmin məktubun dörd əlavə nüsxəsinin saxlanması faktını Stalindən gizlədib.

 

24 dekabrda, “Qoca” öz məktublarını diqtə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və Siyasi Büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib:

“Lenin hər 5-10 dəqiqədən bir diqtə etmək hüququna malikdir, lakin onun diqtə etdiyi qeydlər məktub xarakterinə malik olmamalıdır və o, öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdırlar”.

 

Elə həmin gün Lenin öz məktubunda aşağıdakı məzmunda qeydlərini diqtə edib:

“Baş katib vəzifəsinə gələn Stalin öz əlində qeyri-məhdud hakimiyyət cəmləşdirmişdir və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm”.

 

Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etməyin zəruriliyini vacib sayıb. Ancaq nə fayda…

 

21 yanvar 1924-cü ildə Lenin vəfat edəndə Stalin Roma imperiyasına layiq təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Ən populyar bolşevik sayılan Lev Trotski dəfn mərasimində iştirak etməyib. Stalinin teleqramında dəfn mərasiminin tarixi qəsdən səhv göstərilməsəydi, Trotski orada iştirak edə biləcəkdi. Lenin vəfat edən vaxt Trotski Tiflisdə olub və Stalin ona məlumat verib ki, dəfn şənbə günü olacaq. Trotski bu müddətdə Moskvaya qayıda bilməyəcəyini başa düşərək, Tiflisdə qalmağa qərar verib. Halbuki, əslində, dəfn bazar gününə, 27 yanvara təyin edilmişdi.

 

Stalinin fikrincə, proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenin xalqın sitayiş etməli olduğu Allaha çevrilib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyuması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.

BIR CAVAB BURAXIN