Krımın insanı heyrətə salan yeraltı xəzinələri – FOTOLAR

0
625

 

Hazırda Rusiyanın işğalı altında olan, ancaq min illər boyu türkün ana yurdundan biri hesab edilən Krım nəinki təbii gözləlliyi, həm də ara-sıra aşkar edilən yeraltı xəzinələrilə də məşhurdur. Hər il Krımın hansısa yerində təsadüfi qazıntılar zamanı dəyəri indiki pulla yüz minlərlə dollar ölçülən xəzinələr aşkar edilməkdədir. Təsadüfi deyil ki, ötən əsrin 30-cu illərində Krımda aparılan arxeoloji qazıntılarda iştirak edən məşhur tarixçi alim Lev Qumilyov : “Krımın harasını qazsanız oradan hökmən ya xəzinə, ya da burada vaxtı ilə yaşayan insanlara aid maddi mədəniyyət nümunələri tapa biləcəksiniz. Krım həm maddi mədəniyyət abidələri, həm də çoxlu sayda xəzinələrlə zəngindir. Sadəcə olaraq onları taparaq üzə çıxarmaq lazımdır”,-demişdi. Krımda həm də vaxtı ilə Qızıl Orda türk dövlətinə məxsus olan xəzinənin qalıqlarına rast gəlinir.

Simferopol xəzinəsi

1967-cı ildə Simferopol (keçmiş Ağməscit şəhəri) şəhəri ətrafında qazıntılar aparılarkən gözlənilmədən xəzinə aşkar edildi. Araşdırmalar zamanı məlum oldu ki, bu xəzinə Krımda gizlədildiyi ehtimal edilən Qızıl Orda dövlətinə məxsus xəzinənin bir hissəsidir. Xəzinə böyük həcmdə qızıl bəzək əşyalarından ibarət idi. Xəzinədə 328 ədəd qiymətli-daş-qaş vardı və onların hər birinin dəyəri tarixi baxımdan on min dollarla ölçülürdü. Təxminən 2,6 kiloqram çəkisi olan xəzinə Qızıl orda xanlarının həyatını və o dövrü öyrənmək üçün böyük önəm daşıyırdı. Xəzinənin təxminən 1395-ci ildə məşhur türk sərkərdəsi və hökmdarı Teymurun Krıma hücumu zamanı gizlədildiyi ehtimal edilir. Xəzinədəki qızıl bəzək əşyalarının bəziləri Çindən, Hindistandan, İrandan, bəziləri də Avropa ölkələrindən, o cümlədən Venesiya və Genuyadan gətirilmişdi. Bu da Qızıl Orda dövlətinin adı çəkilən ölkələrlə sıx ticari əlaqələrdə olduğunu göstərir. Xəzinədə həmçinin gümüş qablar, başında insan fiquru olan qələm, qasıq-abgərdən, qiymətli daş-qaşla bəzənən 19 qizil üzük vardı.

Simferopoldakı xəzinədən danışarkən qeyd edək ki, bu şəhərin tarixi eramızdan əvvəlki minilliklərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı məlum olub ki, eramızdan 3 əsr əvvəl burada türk-skiflərin inkişaf etmiş mədəniyyəti meydana gəlmiş və bura müəyyən vaxt onların paytaxtları olub. Şəhərin cənub-şərqində skiflərin antik, daxili hissəsi yerləşirdi. Burada şəhərin yaxınlığında, təqribən ondan 5 km aralıda ötən əsrdə Tunc dövrünə aid Qızıl kurqan abidəsi aşkar edilib. Bu, kurqan skif əyanının qəbridir. Kurqandan skif incəsənət nümunələri olan çoxlu qızıl əşyalar, üstü qızıl işləməli, eləcə də qızıl-gümüşə tutulmuş silahlar, daha qədim dövrlərlə səsləşən çoxlu sayda tunc ucluqlu oxlar və başqa ibtidai, lakin kamil silahlar aşkar edilıb. Sonralar e.ə. V əsrdə isə kurqanın digər hissəsində skif döyüşçüsü dəfn olunub. Bu baxımdan min illərboyu türk mədəniyyətinin, türk sivilizasiyasınn beşiyi hesab edilən Krımın yeraltı xəzinələrlə zəngin olmasını təsadüfi hesab etmək olmaz.

Qırx yer xəzinəsi

2002-ci il mart ayının 20-də Ukrayna Arxeologiya İnstitutunun Krım filialı və yerli turizm mərkəzinin əməkdaşları tərəfindən Çufut-qala adı verilən mağara-şəhərin girişində aparılan qazıntılar orta əsrlərə aid daha bir xəzinənin aşkar edilməsinə səbəb oldu. 45 sm dərinlikdə tapılan xəzinədə 4256 gümüs sikkə, bir mis və əskiyə bükülən 30 qızıl sikkə vardı. Xəzinənin ümumi çəkisi isə 5 kiloqram idi. Xəzinədən aşkar edilən qızıl sikkələrdən 29-u Venesiya krallarına və Misir sultanlarına aid olub. Xəzinədəki gümüş sikkələr isə XIV-XVI əsrlərdə zərb edilib. Xəzinə tapıldığı yerin adı ilə Qırx yer ( Kırk er) adlandırıldı və Simferopol diyarşünaslıq muzeyinə verildi.

Mirmekey xəzinəsi

2003-cü ildə Krımın Mirmekey şəhərciyi ətrafında Ukrayna arxeoloqları tərəfindən aparılan qazıntı işləri zamanı Qizik şəhərində zərb edilən elektro sikkələrin (qızıl və gümüşin qatışığı) olduğu daha bir xəzinə aşkar edildi. Xəzinədə 99 elektro sikkə vardı. Xəzinə bürünc qaba – olpa (bardaq) qoyularaq gizlədilmişdi. Bardağın üzərini şir rəsmi bəzəyirdi. Araşdırmalar zamanı bardağın eramızdan əvvəl V-IV əsrlərdə hazırlandığı üzə çıxdı. Elektro sikkələrin birinin ağırlığı 16 qram idi. Onun tərkibində 53 faiz qızıl qatışığı müəyyən edildi. Elektro sikkələrin üzərində yunan ilahələrinin rəsmi təsvir olunmuşdu. Xəzinənin eramızdan əvvəlk IV əsrdə gizlədildiyi ehtimal edilir. Bu xəzinə isə Kerç muzeyinə verildi.

Feodosiya xəzinəsi

2007-ci ildə Feodosiya yaxınlığındakı Təpə-Oba dağındakı meşədə bağ sahibləri tərəfindən aparılan təsadüfi qazıntılar zamanı içində 10168 sikkə olan 6 kiloqram ağırlığında gil bardaq aşkar edildi. Gil bardaqdakı sikkələr Krım xanları Sahib Giray, Dövlət Giray və II Mehmet Giray dövrünə aid idi. Bu sikkələr mis və gümüşün qatışığından hazırlanmışdı. Onların bəziləri korroziyaya uğramışdı.

Artezian xəzinəsi

2009-cu ildə Artezian Arxeologiya ekspedisiyası əməkdaşları qədim Artezian qalasının ərazisində iki xəzinə aşkar etdilər. İki xəzinədə birlikdə 255 sikkə vardı. Onlar eramızdan əvvəl Bosfor çarı Aspurqun, VIII Mitridatın və çariça Qepepiriyanın dövründə zərb edilmişdilər. Sikkələr bürünc və gümüşdən hazırlanmışdı. Bardaqların birində həmçinin bürünc güzgü, qizil üzüklər, həmçinin Afrodita ilahəsinin təsviri olan dairəvi sancaq vardı. Bardaqların birinin üzərində qəmli, digərində isə gülümsəyən insan sifəti həkk edilmişdi. Krımın Rusiya tərəfindən 2014-cü ildə işğal edilməsindən sonra burada aparılan arxeoloji qazıntılar müvəqqəti olaraq dayndırılıb. Lakin arxeoloji qazıntılar davam etdiriləcəyi təqdirdə Krımda qiymətli-daş-qaşlarla daha zəngin xəzinələrin aşkar ediləcəyi istisna edilmir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN