Kreml Paşinyana qarşı Vanetsyan kartını işə salır

0
402

Ermənistanda baş verən hakimiyyətdaxili çəkişmələr yeni mərhələyə qədəm qoymaqdadır.  Buna da səbəb Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın açıq şəkildə Paşinyana qarşı mübarizəyə başlamasıdır. Vanetsyanın Paşinyanı ölkəni idarə edə  bilməməkdə və onu xaosa sürükləməkdə günahlandırması əslində kifayət qədər əsaslı hesab edilə bilər. Çünki  hakimiyyətə gəldiyi ilk günlərdən özünü Qərb tərəfdarı kimi göstərməyə cəhd edən və eyni zamanda Rusiya ilə münasibətlərdə də analoji əlaqələri qoruyub saxlamağa cəhd edən Nikol Paşinyan faktiki olaraq hər iki tərəfin etimadını itirmiş olub. Əksər tanınmış politoloqların da dediyi kimi Paşinyanın Qərbə və Rusiyaya münasibətdə “bir əldə iki qarpız tutmaq” və ya eyni zamanda “ iki kürsüdə oturmaq” siyasəti nəinki beynəlxalq səviyyədə, həm də ölkə daxilində onu özünə qarşı çevrilib. Üstəlik Paşinyanın məsuliyyətsiz çıxışları, o cümlədən ölkə daxilində iqtisadi sahədə hər hansı uğurlara nail ola bilməməsi də ona ən yaxın adamlarda belə məyusluqla qarşılanmaqdadır. Hər halda Paşinyanın hakimiyyətdəki əsas dayaqlarından biri hesab edilən  Artur Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimi olduqca məsul bir vəzifədən istefa verməsi Ermənistanın yuxarı dairələrində tədricən siyasi böhranın yetişməkdə olduğunu göstərir. Məhz bu baxımdan Vanetsyanın tutduğu vəzifəsindən istefa verməsini Paşinyanın mühüm dayaqlarından birini itirməsi kimi dəyərləndirilə bilər.

Diqqəti cəlb edən bir məsələ də Artur Vanetsyanın demarş xarakterli bəyanatla çıxış edərək bu vəzifədə qalmasını zabit şərəfi ilə uyğun gəlməyən məsələ adlandırmasıdır. Bu isə o deməkdir ki, Paşinyan Vanetsyandan siyasi rəqiblərinə qarşı özünün çirkin məqsədləri üçün hansısa  səviyyədə istifadə etmək istəyib. Bu baxımdan Vanetsyanın istefası ilə bağlı bəyanatında hamını oyanmağa çağırması da olduqca ciddi şəkildə əks-səda verib. Belə başa düşmək olar ki, Vanetsyan bununla da Paşinyan komandasının üzvlərini baş nazirin xoşagəlməz əməllərinə qarşı üsyana, daha dəqiq desək istefalara səsləyib.

Vanetsyanın gözlənilməz istefası ilk vaxtlar onunla Paşinyan arasında Qarabağa görə fikir ayrılıqlarının olması kimi dəyərləndirildi. Lakin siyasi müşahidəçilərin əksəriyyəti Ermənistanın iki yüksək vəzifəlisi arasında Qarabağ problemin ə hər hansı problemin olmadığını bəyan etdilər. Məsələyə münasibət bildirən ermənipərəst  “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov hesab edir ki, Vanetsyanın Qarabağa dair yaranmış ixtilaflara görə istefa verməsini o qədər də ağlabatan hesab etmir. Çünki onun yaydığı bəyanatda Qarabağ mövzusuna dair hər hansı eyham yoxdur. Kolerov bununla belə deyib ki, Artur Vanetsyanın istefası ilk iri istefadır və Paşinyanın hökumətində baş vermiş böyük çatdır.

Əslində  Vanetsyanla Paşinyan arasında Qarabağa münasibətdə hansısa fikir ayrılığının olmasından  danışmaq düz də deyil. Belə ki, Vanetsyan Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin azad edilməyəcəyini, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını, Arazboyu ərazilərın məskunlaşdırılacağını və oraya Ermənistandan yol çəkiləcəyini bəyan etmişdi. Qeyd edək ki, Vanetsyanın istefası ilə bağlı mətbuata verdiyi açıqlamasına o dövrdə Nyu-Yorkda olan Paşinyan tərəfindən sərt cavab verilmişdi.

Paşinyan  Los-Ancelesdə keçirdiyi mətbuat konfransı zamanı Vanetsyanın istefası ilə bağlı bəyanatına münasibət bildirərkən demişdi ki, o, bu bəyanatla ali baş komandana, Baş nazirə qarşı çıxıb. Paşinyan bütün bunları Vanetsyan tərəfindən  zabit paqonlarının zibil qabına atilması kimi dəyərləndirib. Öz növbəsində Vanetsayn dərhal onun bu açıqlamasına reaksiya verərək  demişdi ki,  istefa verməyimə baxmayaraq, o (Paşinyan) yenə də mənim yanıma vəziyyətin sakitləşməsi üçün bir müddət susmağım xahişi ilə adamlar göndərir:  “Ermənistan Respublikasının Konstitusiyasına görə Baş nazir müharibə vəziyyəti olmadığı təqdirdə Ali Baş Komandan deyil. Təəssüf edirəm ki, hər şey belə çox uzağa getdi. Mənim istefamla bağlı bəyanatımı diqqətlə oxuyan nəyi dediyimi anlayar. Ona görə də cəsarətlə deyirəm, zaman kimin və ya nəyin zibillikdə olduğunu göstərər”.    

 Ermənistanın özündə də Vanetsyanın istefa verməsi və onunla Paşinyan arasında ziddiyyətlərin dərinləşməsi  hakimiyyət daxilində baş verən çatların böyüməsi kimi dəyərləndirilir.  Məsələyə münasibət bildirən       Ümumerməni Sasna tsrer partiyasının katibliyinin üzvü Vaaqn Avakyan “1in.am”a verdiyi müsahibəsində deyib ki, problem Vanetsyanda və başqa birisində deyil:  “Əgər Artur Vanetsyanın yerinə Poqos Poqosyan təyin edilsəydi, müəyyən bir müddətdən sonra sistem onu mövcud hökumətin əleyhinə işləməyə məcbur edəcəkdi”.

Avakyan daha dərinliklərə gedərək qeyd edib ki, hakimiyyət dəyişsə də  sistem əvvəlki kimi qalıb. Onun sözlərinə görə, bu sistem Rusiyaya xidmət etmək üçün formalaşdırılıb: “Rusiyanın sərəncamında olan, Ermənistan Respublikasının maraqlarına qarşı fəaliyyət göstərən adamlar var. Narahatlıq varmı? Birmənalı vardır. Həll yolları tapmaq lazımdır, lakin onlar şəxslərin digər şəxslərlə əvəzlənməsilə bağlı deyil. Bu həll yolları sistem xarakteri daşımalı, mövcud müstəmləkə sisteminə qarşı olmalıdır. Nəticədə erməni xalqının siyasi iradəsinə xidmət edən sistem yaradılmalıdır”.

 Avakyanın açıq şəkildə mövcud sistemin Rusiyaya xidmət etdiyini söyləməsi və onu müstəmləkə sistemi adlandırması Vanetsyanın istefasının arxasında Moskvanın dayana bilməsi ehtimalını gündəmə gətirib. Ermənistanda Rusiyaya xidmət edən sistemin dəyişdirilməsinin vacibliyi məsələsi “Demokratik Vətən” partiyasının sədri Petros Makeyan tərəfindən də gündəmə gətirilib. O “1in.am”la müsahibəsində bununla əalqədar deyib ki, Vanetsyanın istefasının arxasında ölkədən kənaq güclərin əli var: “Mən hələ İcevan hadisələrindən sonra dedim ki, MTX və polis öz yerində deyil. Osipyanla bağlı mən əvvəllər də demişəm, MTX ilə əlaqədar isə mən məhz həmin dövrdə öz fikrimi bildirmişəm. Bu hadisəyə gəldikdə isə, məncə, bu, ikitərəfli qeyri-ciddilikdir, birincisi Vanetsyan özünü düz aparmadı”.

Makeyanın sözlərinə görə onu (Vanetsyanı) haradansa istiqamətləndirirlər: “20 il sistemdə işləyən biri bilməlidir ki, elə sərhədlər var, onu keçmək olmaz. O, Paşinyanı tərbiyə etməyə cəhd etdi. Paşinyan bu sistemdən deyil, o isə 20 ildir ki, bu sistemdədir, belə qeyri-ciddi və məsuliyyətsiz davranışa necə yol verə bilər?”.

  Hadisələrin gedişi göstərir ki, Avakyan və Makeyanın Vanetsyanın xaricdən istiqamətləndirilməsi barədə dedikləri heç də təsadüfi deyil . Bunu Vanetsyanın Moskvaya səfəri və orada apardığı danışıqlar da bir daha sübut etməkdədir. Moskvaya səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş sədri oradakı nüfuzlu erməni oliqarxlarla əlaqəyə girərək onlarla Ermənistandakı son durumu müzakirə edib. Bununla bağlı mətbuata sızan bəzi məlumatlara görə, Vanetsyan erməni oliqarxlardan Paşinyana qarşı mübarizədə dəstək alıb. Bütün bunlar da Vanetsyanın son istefasının arxasında Moskvanın dayandığını və Kremlin ondan Paşinyana qarşı mübarizədə güclü siyasi fiqur kimi istifadə edəcəyini göstərir.  Öz növbəsində  erməni mediası A.Vanetsyanın ölkəni tərk edə bilməsində Rusiya izi olduğunu istisna etmir. Belə bir fikir vurğulanır ki, Vanetsyan Paşinyanın bütün sirlərini bilir və Kreml üçün göydəndüşmə fiqurdur.  Yeri gəlmişkən qeyd edək ki, Kremlin Paşinyanı hakimiyyətdən salmaq üçün ermənilərin  hamısı tərəfindən qəbul edilən siyasi fiqur axtarışında olduğu əvvəllər də məlum idi. Belə ki, eks prezidentlər Köçəryan və Sarkisyanın yenidən hakimiyyətə qaytarılması çətin məsələdir. Adıçəkilən hər iki şəxsi xalqın yenidən qəbul edə biləcəyinə Moskvada da inanmırlar. Bu baxımdan Vanetsyan Paşinyana qarşı mübarizədə Kremlin siyasi kriteryalarına hazırda cavab verən yeganə siyasi fiqur hesab  edilir.

 Məsələyə münasibət bildirən erməni politoloq Armen Badalyan belə hesab edir ki, Vanetsyan əlində Paşinyana qarşı mübarizədə güclü siyasi silah ola bilər.

Badalyan Paşinyana qarşı mübarizədə Vanetsyanın həm Kreml, həm Rusiyadakı erməni oliqarxlar, həm də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, həmçinin Köçəryan və Sarkisyan tərəfdarları tərəfindən dəstəklənəcəyini və onun güclü siyasi fiqur kimi ortaya çıxacağını istisna etmir.

Hadisələrin  xoşagəlməz istiqamətdə inkişaf etməsi və Vanetsyanın Moskva tərəfindən özünə qarşı istifadə edilə biləcəyini Paşinyan da hiss etməkdədir. Bunu onun Nyu-Yorkda Rusiyaya istiqamətlənən isti açıqlaması da təsdiq etməkdədir. Belə ki, Paşinyan BMT Baş Məclisindəki çıxışında deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir.

Lakin Paşinyanın Rusiyaya “ sədaqətini” nümayiş etdirmə cəhdi kifayət qədər gecdir. Hadisələrin  axarı göstərir ki, Kreml Vanetsyanın simasında Paşinyana qarşı güclü  siyasi fiqur görür. Ona görə də Putin rejiminin Paşinyanı devirmək üçün Vanetsyan kartından sona kimi istifadə edəcəyi şübhə doğurmur.

Emin Axund

Arazinfo.com