Kreml çaş-baş qaldı: Bu axmaq baş nazir seçilsə… – İsti şərh

0
619

Moskva Serj Sərkisyanın arxasında dayanmadı, amma belə görünür ki, postsərkisyan dövrünü yaxşı planlaşdıra və ssenariləşdirə bilməyib. Əgər baş rolda xalq çıxış etmirsə, o planları və ssenariləri gerçəkləşdirmək çətin olur. Rusiya xalqlar və sivil toplumlarla deyil, hər zaman hökumətlərlə, elitalarla işləməyə üstünlük verib və bunun acı nəticələri ilə üzləşməyə davam edir.

Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Ermənistanda Rusiyanın A planı Karapetyan idi, amma alınmadı:

“B planına keçərək, Ermənistanın ən zəngin adamı Çarukyanı qabağa vermək istədilər, onu Moskvaya dəvət etdilər. Bu da alınmadı və parlamentdə 2-ci böyük fraksiyaya sahib olan Çarukyan Paşinyanı dəstəklədi. C planının olub-olmadığını parlamentin yeni baş naziri seçmək üçün toplaşacağı 1 may tarixində görəcəyik. Mümkündür ki, çoxluğa malik Respublika Partiyası tam heyətdə Paşinyanın əleyhinə səs versin və nəticədə parlament seçkilərinə qədər hazırkı status-kvo (Karapetyanın müvəqqəti baş nazirliyi) davam etsin. Amma xalqın basqısı altında bu variantın baş tutması və hakim partiyanın öz monolitliyini qoruması çox çətindir. Paşinyanın indi 47 səsi var və baş nazir olmaq üçün cəmi 6 səsə ehtiyac duyur. RP-dən bu sayda deputatın dəstəyini alması imkansız deyil”.

Politoloq vurğulayıb ki, Paşinyan Moskvaya isti mesajlar ünvanlasa da, Moskvanın adamı olmadığı üçün Kreml onun baş nazir seçilməsinə əvvəldən bəri soyuq yanaşır:

“Paşinyanın son günlərdəki davranışları isə Rusiyanı qıcıqlandırmağa başlayıb. Məsələn, Dövlət Dumasının 9 nəfərlik nümayəndə heyəti iki gündür İrəvandadır və sabah geri qayıdacaqlar. Amma Paşinyan onlarla görüşmədən əyalətə gedib mitinqlər və Ukraynadakı Avtomaydanı xatırladan avto-yürüşlər keçirir. Paşinyanın Rusiyanın Ermənistandakı səfiri ilə görüşdə sərgilədiyi hal və tövr, eləcə də Rusiya mətbuatına verdiyi müsahibələr də rusların xoşuna gəlməyib. Səfir görüşdə şikayətlənib ki, yolları bağlayırsınız, nəticədə nəqliyyatın hərəkəti dayanır, səfirliyin avtobusu 3 saat yolda qalıb. Paşinyan isə cavab verib ki, piyada gəzmək xeyirlidir”.

Politoloqun sözlərinə görə, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov qəzəbini gizlədə bilməyərək deyib ki, bu axmağı baş nazir seçmək olmaz:

“Dumanın üzvü Konstantin Zatulin isə bildirib ki, qeyri-qanuni hakimiyyət dəyişikliyi baş versə (tərcüməsi: Paşinyan deputatlara təzyiq göstərərək zorla özünü hökumət başçısı seçdirsə), Rusiya bu durumu qəbul etməyəcək və yeni baş nazirin legitimliyini tanımayacaq. Rusiyanın Paşinyanın baş nazirliyinə qarşı çıxmasının digər səbəbi budur ki, postsovet məkanında xalq inqilabı yolu ilə növbəti hakimiyyət dəyişikliyinin uğurla baş tutması məqsədəuyğun deyil. Bu presedent indiyədək kifayət qədər Moskvanın başını ağrıdıb. Üstəlik, belə bir hadisənin Rusiyanın dayaqlarının ən güclü olduğu bir ölkədə gerçəkləşməsi xarizmanın cızılması deməkdir”.

Politoloq bildirib ki, amma Ermənistanın Rusiyadan uzaqlaşmaq kimi bir lüksü yoxdur:

“Ən qatı qərbyönlü adam da iqtidara gəlsə, Ermənistanın Rusiyadan qopması ən azı hazırkı mərhələdə mümkün deyil”.

Qeyd edək ki, bu gün hakim Respublika Partiyası 1 mayda keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini açıqlayıb. Parlamentdə ana müxalifət Çarukyan Bloku “xalqın namizədini”, Respublika Partiyası ilə koalisiyadan ayrılan və hökumətdəki nazir vəzifələrini boşaldan Daşnaksütyun isə Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləyəcəyini bildirib.

BIR CAVAB BURAXIN