KQB-nin İspaniyadan gətirdiyi qadın agentin – Şok dosyesi

0
1015

Dünya xüsusi xidmət orqanları tarixinə öz möhürünü vuran yüzlərlə xanım casuslar, kəşfiyyat mütəxəssisləri var.

Arazinfo.com teleqraf.com-a istinadən casuslardan biri olan xanım polkovnik Afrika de Las Erasın dosyesini təqdim edir.

Afrika 1909-cu aprelin 26-da Ceutda (İspaniya Marokkosu) doğulub. Hərbçi atası qızına Afrika qitəsinin şərəfinə Afrika adını verib. Anası isə evdar xanım olub.

Afrika orta təhsilini aldıqdan sonra 1923-cü ilə qədər Madrid kollecində oxuyub, daha sonra Melilya şəhərində monastır məktəbində təhsil alıb. Ancaq evin böyük qızı olan Afrika tezliklə sərbəst yaşamağa məcbur olub, səbəb onun atasının vaxtsız vəfat etməsi idi.

1933-cü ildə İspaniyaya gələn Afrika Madriddə geyim fabrikində işləməyə başlayıb. Elə Kommunist Partiyasına da burada daxil olub və Asturiya üsyanın hazırlanmasında fəal iştirak edib.

Məhz bu ərəfədə Afrika ən təhlükəli və məsuliyyətli tapşırıq alıb: silahların müxtəlif qruplar arasında bölüşdürülməsi və onlar arasında əlaqənin koordinasiyasını qurmaq. Üsyan yatırıldıqdan və kommunistlərin planı baş tutmadıqdan sonra Afrika bir il qeyri-leqal vəziyyətdə yaşayıb və zirzəmilərdə qalıb.

1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayanda Afrika cəbhəyə gedərək, respublika tərəfdarı kimi vuruşub. 1937-ci ildə isə SSRİ xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq etməyə başlayıb.

Həmin vaxt Madriddə sovet kəşfiyyat xidmətinin rezidenti Aleksandr Orlov idi. Məhz bu dövrdə Afrika kəşfiyyatla əməkdaşlığa başlayır və ona kəşfiyyat fəaliyyətində “Patriya” (ispanca “Vətən”) kod adı verilir. İndinin özündə də Patriyanın şəxsən iştirak etdiyi əməliyyatların çoxu məxfi qrif altında mühafizə olunur.

1938-ci ildə Sovet kəşfiyyatının Madrid rezidenti Orlov SSRİ-də baş alan və bütün strukturları əhatə edən repressiyalardan ehtiyat edərək, ölkəyə gəlməkdən imtina edir. Orlovun Madriddə qalmasından dərhal sonra Afrikanın ifşa ediləcəyindən ehtiyat edən sovet xüsusi xidmət orqanı qadını Moskvaya gətirir. Burada sovet vətəndaşlığını alan Afrika tikiş və geyim fabrikdə işləməyə başlayır.

SSRİ ilə Almaniya arasında müharibə başlayan kimi Afrika cəbhəyə göndərilməsini xahiş edir. Afrika Xalq Daxili İşlər Komissarlığının xüsusi təyinatlı motoatıcı briqadasının xüsusi tibbi bölməsinə göndərilir. 1942-ci ilin yazında rabitə kursunu uğurla bitirib rabitəçi olur və xüsusi təxribat-diversiya əməliyyatları keçirən “Qaliblər” partizan dəstəsinə göndərilir. Rabitəçi Afrika de Las Eras doğma ispan dili ilə yanaşı fransız və rus dillərini mükəmməl bilirdi.

Həmin ərəfədə birbaşa Moskva ilə əlaqəyə cəmi 3 rabitəçi çıxırdı, hansı ki, bu rabitəçilər döyüş qrupları ilə birlikdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərirdi.

“İş eyni zamanda müxtəlif dalğalarda başlayırdı. Birimiz ötürmə cihazını aparırdıq, iki başqa şəxs isə bizi daima təqib edən düşmənin izini azdırmaq üçün işləyirdi. Əlaqəni təşkil etmək bizim əsas vəzifəmiz idi”,- Polkovnik Afrika xatirələrində qeyd edirdi.

Afrika ay yarım Sidora Kovpakanın dəstəsinin rabitəçisi kimi çalışır və SSRİ-nin ən güclü radisti reputasiyasını möhkəmlətməyə nail olur.

Yeri gəlmişkən, bu dəstədə gələcək Sovet İttifaqı qəhrəmanı, məşhur kəşfiyyatçı Nikolay Kuznetsev də fəaliyyət göstərirdi. Afrikanın bu məşhur kəşfiyyatçı ilə əlaqələri yüksək səviyyədə idi və onun əldə etdiyi informasiyaları mərkəzə “xüsusi” qrfi altında çatdırırdı.

“Döyüşçülər məni Marusya kimi tanıyırdı. Mən əsasən, Kuznetsovla işləyirdim. Ancaq o zaman bilmirdim ki, Nikolay adlı-sanlı kəşfiyyatçıdır. Kuznetsov məni “mənim rabitəçim” deyə çağırırdı”,- Afrika SSRİ-nin ən güclü kəşfiyyatçısı ilə birgə fəaliyyəti haqqında danışarkən deyirdi.

Afrika partizan dəstəsinin rabitəçisi olmasına baxmayaraq, bir neçə əməliyyat zamanı döyüşlərdə iştirak etməyə məcbur olub və hər dəfə xüsusi fəallığı və peşəkarlığı ilə seçilib. Məhz bu səbəbdən də Afrika Böyük Vətən Müharibəsinin II dərəcəli mükafatı və Qırmızı Ulduz ordeni ilə təltif edilib. Həmçinin fədərkarlıq və şücaətinə görə döyüşçü medallarına layiq görülüb.

1944-cü ildə təcili Moskvaya dəvət edilən Afrikaya sovet xüsusi xidmətinin xarici kəşfiyyat idarəsinin qeyri-leqal bölümünə keçməsi təklifi edilir. Afrika üçün bu yeni həyatın qaydaları çox amansız idi. Kəşfiyyatçı ispan dostları və qohumları ilə əvvəlki əlaqələri silir. Daha onun haqqında ən yaxın qohumları belə heç nə bilmirdi. Yeni fəaliyyətində Patriya 22 il işləyib. 1946-cı ilin yanvarında Patriya Berlinə və Parisə atılır və buradan Moskva ilə rabitə əlaqəsinin qurulmasını təşkil edir.

1947-ci ildə mərkəz Patriyanın Latın Amerikası ölkələrindən birində kəşfiyyatı koordinasiya işinə göndərmək haqqında qərar qəbul edir.

1948-ci ildə Latın Amerikasına getmək üçün yola çıxan Patriya ömrünün düz 20 ilini buradakı kəşfiyyat fəaliyyətinə həsr etdi. Bütün bu 20 il ərzində Patriya kəşfiyyat informasiyalarının yığımı və mərkəzə ötürülməsi işini qüsursuz həyata keçirə bilir. İşindəki uğurlara görə, Patriya ikinci dəfə “Qırmızı Ulduz” və “İgidliyə görə” medalları ilə təltif olunur.

1956-cı ildə Patriya Moskvadan xüsusi tapşırıq alır: onun yanına keyfiyyətli rezident – “italiyalı yoldaşı” istiqamətləndirilir.

Sonradan bəlli olur ki, bu şəxs təcrübəli kəşfiyyatçı Covanni Antonio Bertonidir. Bertoni “Marko” təxəllüsü ilə tanınırdı və Böyük Vətən Müharibəsi dövründə almanların arxasında SSRİ-ni kəşfiyyat informasiyaları ilə təmin edən azsaylı peşəkarlardan biri idi. Covanni müharibədən sonra İtaliya və Meksikada qeyri-leqal kəşfiyyat fəaliyyətinə cəlb edilir

Mərkəz Patriyanın Covanni ilə işçi münasibətlərinin saxlanılması şərti ilə onların “ər-arvad” olmasını təklif edirdi. Patriya bu təklifi rədd etmədi. Az sonra Moskvada Covanni üçün hazırlanan operativ tərcümeyi-hal gəldi və cütlük Montevideo kilsəsində nikaha daxil oldular.

İki məşhur kəşfiyyatçının birinci görüşü isə çox maraqlı oldu. Tapşırığı aldıqdan sonra Patriya qonşu dövlətlərin paytaxtına gəzintiyə çıxır və bir neçə gün ərzində şəhərin mərkəzi küçələri ilə gəzir, mağaza vitrinlərinə baxır, sol əlində sarı üzlü kitab, çiynində ağ çanta saxlayırdı. Əlində və çiynindəki nişanələr gələcək “ərinin” onu tanıması üçün idi. Cütlük ilk dəfə 1956-cı ilin iyunun əvvəlində görüşdü.

Sonradan Moskva bu cütlüyün fəaliyyəti haqqında qiymətləndirmə hazırladı: “Onların birgə işinin nəticəsində rezident məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldi. Biz hesab edirik ki, bu iki il ərzində cütlük ciddi iş görüb. Onlar ölkədə bərkidilər, ikitərəfli radioəlaqəni qaydaya saldılar, etibarlı sığınacaq təşkil etdilər. Mərkəzin bir sıra başqa ölkələr üzrə informasiya alması təmin olundu, əhəmiyyətli tapşırıqlar yerinə yetirildi. Bu əlaqə bizim üçün faydalı oldu”.

Antikvar ticarəti ilə məşğul olan ər-arvad qədim əşyaların satışı və alışı hesabına hakimiyyət və elita arasında faydalı əlaqələr qura bildi. Həmçinin Patriya və Marko SSRİ-nin qərb yarımkürəsində işləyən ilk sovet qeyri-qanuni agentləri oldu. Beləcə, SSRİ Latın Amerikası ilə ikitərəfli fasiləsiz radio əlaqəni qaydaya sala bildi.

Patriya və Markonun mehriban “ailə” birliyi 8 il davam etdi. 1964-cü il sentyabrın 1-də Bertoni xidməti vəzifəsini yerinə yetirərkən, qəfil vəfat etdi.

Ərinin vəfatı bu təcrübəli kəşfiyyatçını sındırmadı.

“Ölkədə indi son dərəcə gərgin vəziyyət var və hərbi çevriliş qaçılmazdır. Mənim əvvəlki maraqlı əlaqələri inkişaf etdirmək imkanım var. Hesab edirəm ki, fəaliyyətimi davam etdirməyi bacararam və mənim əhval-ruhiyyəm normaldır”,- Patriya ərinin ölümündən sonra mərkəzə göndərdiyi mesajında qeyd edirdi. Sovet kəşfiyyatçısı ərinin ölümündən 3 il sonra fəaliyyətini davam etdirdi və 1967-ci ilin payızında Latın Amerikasını tərk etdi.

Moskvaya qayıtdıqdan sonra Patriya qeyri-leqal kəşfiyyat fəaliyyətini davam etdirdi və daha üç dəfə xarici ezamiyyətlərdə oldu. 1971-ci ildə Patriya qiymətsiz təcrübəsini gənc sovet kəşfiyyatçılar nəsli ilə bölüşməyə və onların tərbiyəsində fəal iştirak etməyə başladı. Moskva Patriyanın layiq olduğu istirahətə (təqaüdə) 1985-ci ildə 76 yaşında çıxmasına icazə verdi.

Polkovnik Afrika de Las Eras 1985-ci ildə Vətən qarşısında xidmətlərinə görə Lenin mükafatı ilə qiymətləndirildi.

1988-ci ilin martın 8-də təcrübəli kəşfiyyatçı vəfat etdi. Baxmayaraq ki, həmin tarixdə SSRİ KQB-si polkovnik Afrika de Las Erası “Dövlət təhlükəsizliyinin məsuliyyətli əməkdaşı” döş nişanı ilə təltif etməyi planlaşdırmışdı.