Köçkünlərdən ‘sayğaca yox’ aksiyası

0
638

Köçkünlər yataqxanada işıq sayğacı quraşdırılmasına etiraz edir.

Köçkünlər yataqxanada işıq sayğacı quraşdırılmasına etiraz edir.

«Əvvəl zəhmət çəkib binanı qazlaşdırsınlar, sonra işığa sayğac qoysunlar».

Fevralın 6-da səhər saatlarından Nərimanov rayonu, Malik Məmmədov küçəsi 4-də (Təfəkkür Universitetinin yaxınlığı) yataqxanaya gələn «Azərişıq» ASC-nin işçiləri çarəsiz duruma düşüblər. Onlar yataqxana binasında sayğac quraşdırmağa çalışsalar da, saatlardır ki, köçkünlər dirəniş göstərib imkan vermir. Sayğac quraşdıranlar binaya yaxın buraxılmır.

AYA 200-300 MANAT İŞIQPULU

Bu yataqxanada Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş 150 ailə məskunlaşıb. Bina qəzalıdır və indiyədək köçkünlər başqa yerə köçürülmələri üçün hökumətə dəfələrlə müraciət ediblər. Sayğaca qarşı çıxmalarının da səbəbləri var. Köçkün Cavid Mehralıyev AzadlıqRadiosuna bu səbəblərdən danışır: «Binada heç vaxt qaz olmayıb. Canımızı elektrik cihazlarıyla isidirik, məişətdə elektrikdən istifadə edirik. Bir sözlə, hər işimiz elektriklədir. Biz sayğaclaşmanın əleyhinə deyilik, ancaq əvvəl gətirib binaya qaz çəksinlər, xərcimiz yüngülləşsin, sonra işığa sayğac qoysunlar. Axı hökumət nəzərə almalıdır ki, qəzalı yataqxanada məskunlaşan, işsiz, köməksiz köçkün ailələri hər ay 200-300 manat işıqpulunu ödəyə bilməyəcək».

Köçkün Lətifə Ağayeva: «Binada hökumətin hesabına istilik sistemi olsaydı, bu qədər narahat olmazdıq. Yataqxanadakı elektrik naqilləri qəzalıdır. Camaat soyuqdan donmamaq üçün öz bildiyi kimi işıq xətti çəkib. İndiyədək işıq idarəsi deməyib ki, gedim bir bu qədər ailənin qaldığı binanın işıq xəttini yeniləyim, sabah bir faciə baş verər… İndi gəliblər sayğac quraşdırmağa. Əleyhinə deyilik, binanı mavi yanacaqla təmin etsinlər, mərkəzləşdirilmiş istilik sistemi qursunlar, sonra gəlib işığa sayğac quraşdırsınlar».

Yataqxana

Yataqxana

«POLİS DƏYƏNƏYİ İLƏ SUSDURACAQLAR?»

Köçkün Afət Səfərova deyir, işıq idarəsinin sayğac quraşdırmağa gələn işçilərini binaya buraxmadıqları və köçkünlərin binanın qarşısına toplaşdığı üçün əraziyə polis qüvvəsi göndərilib: «Neyləyəcəklər? Köçkünü polis dəyənəyi ilə susduracaqlar? 30 ildir susmuşuq, yetər. Biz sayğac quraşdırılmasına sonadək imkan verməyəcəyik. Polislə, dövlət məmurlarıyla yarana biləcək hər hansı qarşıdurmaya görə bu oyunu başımıza açanlar cavabdehlik daşıyacaq. İndi də sayğaclaşmanı ortalığa atıb köçkünləri dövlətə, prezidentə qarşı qaldırırlar. Köçkünə əvvəl iş, maaş, normal yaşayış yeri versinlər, sonra sayğac quraşdırsınlar. Boğaza yığılmışıq».

Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, məsələ köçkünlərlə «Azərişıq» arasında çözülməlidir, qurumun qarışacağı və məsuliyyəti yoxdur.

Nərimanov rayon Enerji Satışı və Təchizatı İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, sayğaclaşma işləri qanunauyğun həyata keçirilir. Məcburi köçkünlərin etirazlarına baxmayaraq, sayğacların quraşdırılması vacibdir.

BIR CAVAB BURAXIN