Kiyev Azərbaycanlıları Konqresi tərəfindən Kiyev şəhərində Novruz bayramı təntənəli şəkildə qeyd edilib-Video

0
118

Ukraynanın paytaxtı Kiyev şəhərində Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə dünya azərbaycanlılarının Novruz bayramı ilə bağlı tədbiri keçirilib. Arazinfo.com-un verdiyi xəbərə görə, Ukraynanın tanınmış sımalarının da iştirak etdiyi bayram tədbirində qonaqlara Azərbaycanın ləziz mətbəxinin yeməkləri təqdim edilib. Tədbirin təşkilatçısı və təşəbbüskarı, Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri Oleq Krapivin Ukraynanın Birinci telekanalına verdiyi açıqlamasında deyib ki, Novruz bayramı Azərbaycan xalqının ən böyük, hətta yeni ildən də əziz bayramlarından biridir:

“Fürsətdən istifadə edərək bütün soydaşlarımızı Novruz bayramı münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirəm. Eyni zamanda tədbirdə iştirak edən və Novruz bayramı ilə bağlı bizə dəstək verən ukraynalılara da dərin təşəkkürümü bildirirəm”.

Ukrayna azərbaycanlıları gənclərinin rəhbəri Svetlana Krapivina da Birinci telekanala verdiyi müsahibəsində Novruz bayramının Azərbaycanda tarixən böyük təntənə və coşqu ilə qarşılandığını xüsusi vurğulayıb. O deyib ki, Novruz yeni gün, bahar, təbiətin oyanması bayramıdır: “Ukraynanın gənc azərbaycanlıları da bu bayramı olduqca yüksək səviyyədə qarşılayırlar. Bu bayram gecə və gündüzün bərabərliyi, təbiətin oyanması, insanların sevinci bayramıdır. Novruz yeni il, yeni nəfəs deməkdir. Bu əziz bayramla bağlı bütün soydaşlarımızı, o cümlədən Ukrayna xalqını təbrik edirəm”. 

Qarik Koroqodski (iş adamı):

“Məni Novruz bayramı münasibəti ilə keçirilən tədbirə dostum Oleq Krapivin dəvət edib. Həqiqətən də Novruz azərbaycanlıların ən gözəl bayramlarından biridir. Bu, gecə və gündüzün bərabərləşdiyi, təbitən oyandığı, insanlara yeni ruh bəxş edən bayramdır. Mən bütün tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edirəm”.

Rostislav Şokin (Beynəlxalq İdarəetmə Akademiyasının prezidenti):

“Kiyevdə Novruz bayramı bu il də yüksək səviyyədə qeyd edilir. Mən şadam ki, Kiyevdə yaşayan Azərbaycan diasporunun rəhbəri Oleq Krapivinin bu tədbirin keçirilməsində böyük rolu var. Kiyev azərbaycanlıları da xoşbəxtdirlər ki, onların Oleq Krapivin kimi rəhbəri var. Oleq Krapivinin sayəsində biz ukraynalılar da yeni ili ildə iki dəfə, dekabr-yanvar və mart aylarında qarşılayırıq. Fürsətdən istifadə edərək  Novuz bayramının keçirilməsində böyük fəallığına görə Oleq Krapivinə təşəkkür edir və hamını bu bayram münasibəti ilə təbrik edirəm”.

Tədbir ədəbi-bədi gecə ilə başa çatıb.

Arazinfo.com