Kimdən şikayət edək: Aydan, Şamaxı rəsədxanasından, yoxsa QMİ-dən ?

0
614

Bu gün səhərdən tanışlarım məni Ramazan bayramı münasibəti ilə təbrik edir. Sözün düzü çaşıb qalmışam və onlara nə cavab verəcəyimi bilmirəm.Çünki bu gün mən Ramazanın sonuncu 30-cu gününün orucunu tutmağa hazırlaşmışdım. Amma etiraf edim ki, ay ərzində ilk dəfə yatıb qalaraq sahura dura bilmədim. Amma ayılandan sonra oruc tutmaq üçün niyyət etdim… Əlbəttə məni çaşbaş salan bir məsələ var: Bu da islam aləminin mərkəzi hesab edilən Səudiyyə Ərəbistanı, müqəddəs Məkkə və Mədinədə, o cümlədən Türkiyə də daxil olmaqla islam aləminin böyük hissəsində bu gün yəni 29 gündən sonra ay başa çatmamış bayram edilməsidir. Deyirlər ki, 29 gündən sonra Ay görünüb. Amma nə üçünsə Səudiyyə Ərəbistanında belə demək mümkünsə vaxtından bir gün əvvəl görünən Ay İranda, İraqda, Suriyada görünməyib. Ona görə də onlar bu günü bayram etməyiblər. Ən təəccüblüsü də bax budur. Bu il bütün müsəlman aləmi eyni gündə oruc tutmağa başladı və bəlkə də bundan ən çox sevinən insanlardan biri də mən oldum. Allaha şükür etdim ki, müsəlmanlar məzhəb ayrılıqlarını kənara qoyub ildə iki dəfə keçirilən iki müqəddəs bayramdan birində ortaq məxrəcə gələ biliblər. Bununla bağlı Qafqaz müsəlmanlarının da Şamaxı rəsədxanasına istinadən verdiyi fətvada da qeyd edildi ki, bu il Ramazan mayın 6-da başlayır və iyunun 4-ü orucun son günüdür, 5-6 iyun isə bayramdır. Amma bu günün əksər islam ölkələri tərəfindən bayram edilməsi ilə bağlı ünvanıma gələn təbriklərdən sonra şahmat dili ilə desək pat vəziyyətinə düşmüşəm və heç cür özümə gələ bilmirəm. Bilmirəm, bu gün bayram edilməsinə görə kimi günahkar bilim: Ayın “səbr” edə bilməyərək bir gün göydə tez görünməsindənmi, QMİ-dənmi, yoxsa Şamaxı rəsədxanasındanmı şikayət edim? Məsələyə məntiqi baxımdan yanaşanda Ramazan ayı 30 gündür və göydə Ayın tez və ya gec görünüb görünməməsindən asılı olmayaraq 30 günü də oruc tutmalısan. Ayın gec və ya tez görünməsinə gəlincə, bu məsələyə də məntiqlə yanaşmağa ehtiyac var: Çünki Ay birdən 3-4 gün gec göydə görünsə, belə çıxır ki, biz 30 deyil, 33-34 gün oruc tutmalıydıq. Bu isə məntiqsizlik deməkdir. Əvvəllər ay məsələsi başa düşülən idi. Elm və texnika inkişaf etməmişdi və islam aləminin Ayın çıxmasını gözləməkdən başqa çarəsi yox idi. Amma indi vəziyyət başqadır. Allah günahımdan keçsin, mənə elə gəlir ki, Kainatın günəşi, elm öyrənməyə böyük dəyər verən Peyğəmbərimiz sağ olsaydı, o da islam aləminə bu məsələdə elmə istinad etməyi məsləhət görərdi. Amma təəssüflər olsun ki, islam aləmi sadə, məntiqi baxımdan olduqca asan izahı olan bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Halbuki günümüzdə islam aləminin bu sahədə kifayət qədər böyük alimləri var… 
Aydın məsələdir ki, bu məsələdə məzhəb fərqliliyi islam aləminə dağıdıcı zərbə vurmaqdadır və problemlərimizin kökündə də məzhəb ayrlılıqları dayanır…
Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm, illər öncə Azərbaycanda İranla eyni gündə oruca başlayıb, eyni gündə bayram edilməsi tənqid edilirdi. Bu tənqidlərdən sonra məsələyə aydınlıq gətirilməsi üçün QMİ tərəfindən Şamaxı rəsədxanasına istinad edilməyə başlanıldı. Amma yenə də ortada izahı mənə çətin görünən məsələ var. Nə üçünsə Şamaxı rəsədxanasının Ramazanla bağlı elmi proqnozları İranla üst-üstə düşdüyü halda, Səudiyyə Ərəbistanı və ya digər müsəlman ölkələrindəki rəsədxanalarla üst-üstə düşmür. Ola bilməz ki, eyni rəsədxanaların Ramazanın başlaması və qurtarması barədə elmi proqnozları fərqli olsun. Belə çıxır ki, rəsədxanalar da məzhəblərə görə Ramazanla bağlı elmi proqnozları saxtalaşdırmaq, bu və ya digər məzhəbə haqq qazandırmaq üçün “oyuna” cəlb ediliblər… Bütün bunlar da müsəlman aləminin anasını ağlatmaqda, qardaş qanı axıdılmasında, onları faciələrə sürükləməkdədir…
Yenə də təəssüflər olsun ki, bu gün mən bayram edilməsi məsələsində iki od arasında qalmışam. Dini qanunlarımıza görə mən QMİ-nin fətvasına əməl edərək bu gün oruc tutmalıyam. Belə ki, ölkəmizdəki müsəlmanların ali dini qurumu QMİ-dir. Digər tərəfdən də mən islam dünyasının dini mərkəzi hesab edilən Səudiyyə Ərəbistanında müqəddəs Məkkə və Mədinədə bayram edilməsi ilə bağlı onlar kimi bayram etməliyəm… Çünki islam dünyasının mərkəzi oradır. Amma heç cür seçim edə bilmirəm: Vaxtından bir gün tez 29 gün oruc tutsam çox günah işlədəcəyəm, yoxsa məntiqimə söykənərək 30 gün oruc tutsam?
PS sonda 30 gün oruc tutmağı məntiqi baxımdan daha düzgün hesab etdim. Allah cümləmizin günahlarını bağışlasın.

Əziz Mustafa