Karapetyan və Petrosyan Bakıya mühüm mesaj verdi

0
246


 

Ermənistanda parlament seçkisi yaxınlşadıqca partiya liderləri arasında mübarizə gərginləşir. Partiya və hərəkat liderləri seçicilərin səslərini qazanmaq üçün erməni xalqını narahat edən əsas mövzulardan danışırlar. Ermənistan xalqını əsas iki mövzu maraqlandırır: iqtisadiyyat və Dağlıq Qarabağ münaqişəsinin həlli. Məsələ burasındadır ki, iqtisadi tənəzzüldən qurtuluş Dağlıq Qarabağ münaqişəsinin həllindən birbaşa asılıdır. Bunu Ermənistan siyasətçiləri də anlayır. Bu mənada mübarizədə önə çıxan 3 liderin açıqlamasını misal çəkmək olar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu Ermənistanda yaxınlaşan parlament seçkiləri və aparılan təbliğata münasibət bildirərkən qeyd edib. Politoloqun sözlərinə görə, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən biri Seyran Ohanyanın “Qarabağ məsələsində qalib və məğlub tərəf ola bilməz, kompromislər olmalıdır…” açıqlaması xüsusi əhəmiyyətə malikdir:

“Çünki “iki qonşu xalq arasında uzunmüddətli sülh kompromislər əsasında həllini tapılmalıdır” deyən şəxs keçmiş müdafiə naziridir, Qarabağda separatizmin əsasını qoyanlardandır, Azərbaycan torpaqlarının işğalına rəhbərlik edənlərdən biri olub. Yəni bu cinayətlərdə birbaşa əli olan şəxs də anlayır ki, Azərbaycanla sülh yaratmadan Ermənistanın gələcəyi yoxdur. Seyran Ohanyanın bir başqa fikri də maraqlıdır ki, o. iki tərəf arasında istensiv dialoq üçün Rusiyanın daha böyük imkanlara malik olduğunu söyləsə də, münaqişənin nizamlanması üçün ATƏT meydançasını ən optimal və real variant adlandırır”.

Elxan Şahinoğlu bu sözlərin müəllifinə xüsusi diqqət etməyin vacibliyini bir daha vurğulayıb:

“Seyran Ohanyan o şəxsdir ki, Rusiya ilə daima təmasda olub, bu ölkədən silah və sursat alıb. Ancaq o da anlayır ki, Rusiyaya arxayın olmaq mümkün deyil və Moskvaya Ermənistanın timsalında bərabər hüquqlu tərəfdaş deyil, vassal lazımdır. Ona görə də Seyran Ohanyan kimi təcavüzkar və Aprel savaşında Ermənitsanın müdafiə sisteminə rəhbərlik edən şəxs belə Rusiyaya ümid etməyin yanlış olacağına işarə edir.

Seçki kampaniyasına aktiv qoşulan və Dağlıq Qarabağ mövzusunda ən çox danışan keçmiş prezident Levon Ter-Petrosyanın “Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər” açıqlaması da daha çox seçici səsi qazanmağa hesablanıb. Ermənistan siyasətçiləri arasında Levon Ter-Petrosyan tək siyasətçidir ki, rəsmi Bakı kimi, o da münaqişənin “mərhələli həll” planını dəstəkləyir. O, Seyran Ohanyandan çox əvvəl anlayıb ki, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamadan Ermənistanın heç bir gələcəyi yoxdur.

Levon Ter-Petrosyanın və Seyran Ohanyanın Qarabağ açıqlamalarını əslində hakim partiya mənsubları da şərikdirlər, sadəcə, müxalifət və Azərbaycan qarşısında zəif görünməmək bunu açıq deməkdən yayınırlar. Buna baxmayaraq, baş nazir və hakim Respublika Partiyasının aparıcı simalarından biri Karen Karapetyan da son açıqlamalarının birində Azərbaycana mesaj yollayıb. Onun fikrincə, Ermənistan gələcəkdə Azərbaycanla dostlaşa bilməsə də, normal qonşuluq əlaqələrinə malik olmaq məcburiyyətindədir. Onun bu açıqlaması vaxtilə Serj Sərkisyanın prezidentliyə yolunu açan eks-prezident Robert Köçəryanın “azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil” açıqlamasına ziddir. Bu o deməkdir ki, Baş nazir Karen Karapetyan da müxalifət liderləri kimi anlayır ki, Azərbaycanla düşmənçiliyin davamı Ermənistanı uçuruma aparır. Baş nazir əsasən rəqəmlərlə işləyir və bu rəqəmlər göstərir ki, Ermənistanın Azərbaycan tərəfindən bütün regional layihələrdən təcridi Ermənistan üçün milyardlarla dollar itki deməkdir.

Ermənistanda parlament seçkisi mübarizəsi zamanı hakim partiya mənsubları hətta ona qədər açıqlama veriblər ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıda da bilərlər. Əlbəttə, indiki şərtlər altında bu mümkün deyil, mifdir, çünki heç bir azərbaycanlı münaqişə həll olunmadan separatçıların rəhbərliyi altında yaşamaz, münaqişə həll olunmalıdır ki, məcburi köçkünlər öz ərazilərinə qayıtsınlar. Hətta erməni jurnalistlər sual veriblər ki, İrəvanın bu çağırışı hansı məntiqə dayanır, axı yüzminlərlə azərbaycanlının Dağlıq Qarabağdakı evi viran qoyulub, onlar bu “çağırışa” müsbət cavab verib gəlsələr, harda və necə yaşayacaqlar? Aydındır ki, “qayıda bilərlər” çağışırının heç bir məntiqi əsası yoxdur. Ancaq bu “çağırışın” səsləndirilməsi belə ondan xəbər verir ki, erməni separatçıları məcburi köçkünlərin geri qayıtması zərurətini anlayırlar. Bugünə qədər erməni separatçıları ümumiyyətlə Dağlıq Qarabağda yaşayan azərbaycanlılar mövzusuna toxunmazdılar, bu barədə bir kəlmə belə işlətməzdilər”.

E.Şahinoğlu bildirib ki, Ermənistanda parlament seçkisində “Azərbaycanla və azərbaycanlılarla barışıq” mövzusu yalnız seçki təbliğatıyla bağlı deyil. Ermənilər onlar üçün hədəfi bəlli olmayan müharibədə ölmək istəmirlər:

“Ermənilər getdikcə anlayırlar ki, müharibə onların gələcəyini əllərindən alır, inkişaf üçün heç bir perspektiv yeri qoymur. Əgər əvvəllər bunu ancaq xaricdə sığınacaq tapan bir-iki erməni fəal dilə gətirirdisə, indi bu haqda Ermənistandakı siyasətçilər açıq danışmağa başlayıblar. Keçən ilin aprel savaşı da onları silkələdi, məhrumiyyətlər onları qorxudur.

Belə vəziyyətdə seçki öncəsi Azərbaycandan da Ermənistana ümumi prosesə təsiri olan mesajlar ötürülməlidir. Məsələn, rəsmilərimiz müxtəlif açıqlamalarında erməni siyasətçilərinə və cəmiyyətinə konkret mesajlar göndərməlidirlər ki, müharibə kimsənin xeyrinə deyil, biz də Ermənistanla sülh və normal qonşuluq arzulayırıq, birgə yaşayışdan onlar da qazanclı çıxacaqlar, Dağlıq Qarabağ yenidən qurulacaq, bölgənin istisadi inkişafı üçün layihələr işə düşəcək və s. Ancaq bunun başlıca şərtinin Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planı əsasında çözümündən keçdiyi xatırlanmalıdır. Biz bu cür mesajlarla Ermənistanda sülh arzulayan siyasətçilərin və ayrı-ayrı fəalların arqumentlərini gücləndirə bilərik”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 7 =