Jurnalist Hafiz Babalı Xədicə İsmayıla görə işini itirib

0
760

Hafiz Babalı  iddia edir ki, “Azadlıq” radiosunda işini Xədicə İsmayıla görə itirib; Fidan Afər: “Sən kimsən, sən tapşırıqları haradan alırsan” deyə sual yazdım, o isə…”

“Azadlıq” radiosunun sabiq əməkdaşı Xədicə İsmayılla münaqişə tanınmış araşdırmaçı-jurnalist Hafiz Babalının işsiz qalmasına səbəb olub. Bu barədə H.Babalı facebook səhifəsində məlumatla çıxış edib.

O bildirib ki, AzadlıqRadiosu ilə əməkdaşlığı 2015-ci ilin iyunundan 2017-ci ilin oktyabr ayınadək davam edib: “Etiraf edim ki, jurnalist fəaliyyətimin ən uğurlu dövrü kimi xatirimdə qalacaq. Radionun saytının ”Araşdırma” bölməsinə nəzər yetirmək kifayətdir:orada yerləşdirilən jurnalist təhqiqatlarının 95 faizinin müəllifi mənəm. İqtisadiyyatda baş verənləri də dəyərli ekspertlərin sayəsində oxuculara doğru-düzgün çatdırmağa çalışırdım. Həmişə diktə ilə yox, öz bildiyim kimi yazmışam. Amma ötən ilin avqustunda ölkəni müvəqqəti tərk edəndən sonra radionun Praqadakı Azərbaycan bürosunun rəhbərliyinin mənə xəyanətini də unutmayacağam.

2017-ci ilin martında “Azadlıq” radiosunda dərc olunmuş “Azərbaycan oliqarxlarının gizli şirkətləri” araşdırmamdan sonra hakimiyyət onun nəzarətində olmayan və bu məqaləni dərc etmiş demək olar ki, bütün internet saytlarını blokladı. İyun ayında hakim ailənin biznesi ilə bağlı daha bir araşdırma məqaləm dərc olundu. Bundan sonra DİN-in xətti ilə mənə qarşı “yumşaq təzyiq” siyasəti yürüdülməyə başladı.

Avqustda müxbiri olduğum “Turan” agentliyinə qarşı cinayət işi açılandan sonra onun həmin günlərdə həbs olunmuş direktoru Mehman Əliyevə kriminal maddələr üzrə ittiham irəli sürüldükdə Gürcüstana gedəsi oldum. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentlikdə istintaqa dəvət etdiyi 3 şəxsdən (digərləri direktor və baş mühasib) biri mən idim – səbəb bu idi. Oturub qanunsuz həbsimi gözləyə bilməzdim, əlimdə maraqlı araşdırma mövzuları vardı”.

Hafiz Babalı ile ilgili görsel sonucu

H.Babalının dediyinə görə, sentyabrda radioda araşdırmalarının redaktoru olan Xədicə İsmayılova ilə sosial şəbəkədə baş vermiş “söz güləşdirməsindən” sonra radionun rəhbərliyinin ona qarşı koalisiya yaratdığını hiss edib: “Əvvəlcə məni frilans müqaviləsinin şərtlərini pozmaqda suçladılar. Şərtə görə, frilanser yalnız Azərbaycan sərhədləri daxilində yaşamalıdır. Az sonra Xədicə İsmayılovaya təkcə araşdırmalarımı deyil, yazdığım iqtisadi xəbərləri də redaktə etməyi tapşırdılar. Məndən acığını çıxmaq, onu suçladığıma görə qisas almaqdan ötrü X. İsmayılovanın əlinə girəvə düşmüşdü: yazılarımda hər xırda məqama görə əsassız olaraq məni incitməyə çalışırdı. Bir neçə yazımı zay çıxartdı. Rəhbərlik isə açıq şəkildə intriqana tərəf tuturdu. Daha 1-2 gün keçdi və tələb qoyuldu ki, məqalələrimin mövzuları Xədicə İsmayılova ilə razılaşdırılmalıdır. Məni alçaltmaq istəyirdilər…

Oktyabrın ortalarında artıq sular durulmuşdu: büronun rəhbəri mənə “yazmağı dayandır” dedi. Guya X. İsmayılova radionu tərk edəndən sonra mənə redaktor tapılmırmış. Sonra isə məsələ bir qədər də sadələşdi: şərt sadə idi: “Nə zaman Azərbaycana qayıdarsan, onda əməkdaşlığı davam etdirərik”.

Budur, xeyli vaxtdır vətəndəyəm. Bunu əməkdaşlarının sosial şəbəkələrdə fəaliyyətinə qədər izləyən “Azadlıq” radiosunun rəhbərliyi də bilməmiş deyil. Amma deyəsən, frilanser müqaviləsi-filan yada düşmür. Çünki mənim Azərbaycana qayıdacağımı ağıllarına da gətirmirdilər, o da mümkündür ki, “bəzilərinin” hikkəsi mənim radioda fəaliyyətimin bərpası məsələsində sipər olub. Sözüm dostlarımadır: Qələmim əlimdə, cəsarətim özümlədir. Yola davam!”

Onu da qeyd edək ki, H.Babalı X.İsmayılla arasında qalmaqala səbəb olan birinci statusu  sentyabrın ortalarında yazmışdı. Həmin statusunda H.Babalı X.İsmayılı Azərbaycandan beynəlxalq mükafatların hamısına sahiblənməkdə ittiham etmişdi: “Sanki Azərbaycanda və bəlkə də dünyada başqa bir söz və mətbuat azadlığı uğrunda, korrupsiyaya qarşı mübariz yoxmuş kimi, çoxumuzun adını ilk dəfə eşitdiyimiz bütün mükafatlar ona – Xədicə İsmayılovaya verilir.

Nədir bu zəfər yağışının səbəbi? Nədən hamı, sözü bir yerə qoyubmuş kimi, ödülləri ona təqdim edir?

Cavab çox sadədir: Xədicə xanım “beynəlxalq mükafat korrupsiya sxeminin” ulduzuna çevrilib.

Hazırda Xədicə İsmayılova bir mükafatın istisindən azad olmamış o birini yaşayır. Bəziləri deyir ki, onun uğuru Azərbaycanda jurnalistikanın inkişafına təkan verəcək, yeni-yeni peşəkar jurnalistlərin yetişməsinə yol açacaq. Mən isə başqa fikirdəyəm: nə qədər ki, Xədicə və xaricdə ona dəstək verən dostları var, bunu gözləməyinə dəyməz”.

Fidan Afər adlı şəxsin şəkli.

Xədicə İsmayılla gənc jurnalist Fidan Afər arasında da konflikt yaşanıb. Belə ki, Xədicə İsmayıl öz twitter hesabında prezident və xanımı ilə bağlı təhqir yayımı iddiası ilə “Show Radio”nun Türkiyə Televiziya Ali Şurası tərəfindən cəzalandırılması ilə bağlı xəbərə münasibət bildirib və hakimiyyət əleyhinə fikirlər səsləndirib. X.İsmayılın həmin  fikirlərinə tənqidi rəy bildirən Fidan Afər qarşı tərəfin daha kəskin mövqeyi ilə qarşılaşıb.  Fidan Afərin “Hər kəs bilir sən kimin əlaltısısan” sözündən sonra Xədicə İsmayıl da öz növbəsində onun profilini özünün facebook səhifəsində paylaşaraq bot profil adlandırıb. Daha sonra profilin gerçək istifadəçi tərəfindən istifadə olduğunu nəzərə alaraq troll adlandırıb: “Troll – komanda ilə hərəkət edən sosial şəbəkə istifadəçisidir. İnsan olmağına insandır, amma komanda ilə hərəkət edir. Bot isə canlı deyil. Bəli, bu xanım troldur. Üstəlik, twitter istifadəçi adı da avtomatik – kompüterdə təsadüfi nömrələmə ilə yaradılıb, bu da kütləvi profil yaratma zamanı baş verən haldır – belə profillərə bot deyilir”.

“Yeni Müsavat” bu qalmaqalla bağlı gənc jurnalistin özü ilə əlaqə saxlayıb. O bildirib ki, tənqidi fikir yazdığına görə Xədicə İsmayıl tərəfindən təhqir olunub: “Xədicə İsmayıl  ”Show Radio”da yayımlanan verilişi müdafiə etdi, mən də ona tənqidi münasibətimi bildirdim. “Sən kimsən, sən tapşırıqları haradan alırsan” deyə, sual yazdım, onu sadəcə tənqid etdim. O isə mənim twitter profilimi facebookda paylaşaraq bot profil adlandırdı.  Ancaq bu bot profil deyil, mən 4 ildir ki, həmin twitter profilimi işlədirəm. Sadəcə, o rəqəmlərdən ibarət istifadəçi adının fərqinə varmamışam, o, mənim üçün önəmli də deyil. Twitter hesabı açanda bu şəbəkə həmin rəqəmlərlə olan kodlaşmanı özü verir. Texnologiya ilə məşğul olan istənilən insan bunu bilir. Xədicə İsmayıl da bundan istifadə edərək sübut etməyə çalışır ki, mənim profilim botdur. Sonradan isə sözünü dəyişərək bildirdi ki, profil əvvəlcə bot olub, sonra da dəyişdirilərək mənə verilib.  Mən öz fikrimi yazdığım üçün o, məni blok elədi, bununla da öz jurnalist etikasını göstərmiş oldu. Üstəlik, haqsız olduğunu gördü və facebbokda məni blokladı”. “Yeni Müsavat”

BIR CAVAB BURAXIN