İsveç xaricdən zibil idxal edir…

0
655
 

 “The İndependent” qəzetinin yazdığına görə İsveçdə zibilin təkrar emalı o dərəcədə yüksək səviyyədə təşkil edilib ki, ölkə zibil zavodlarının dayanmaması üçün xaricdən zibil idxal edir. Məqalədə deyilir ki, 2011-ci ildən bəri İsveçdə məişət tullantılarının yalnız 1 faizi zibilxanalara gedir.

Amma Britaniya kimi bir ölkə xeyli xərc çəkərək xaricdə emal olunması üçün öz zibilini ixrac edir. Avropa İttifaqının hədəflərinə görə hər bir üzv ölkə 2020-ci ilədək öz zibilinin 50 faizini təkrar emal edə bilməlidir. Britaniya üçün bu rəqəm hələ 45 faiz olaraq qalır. Ekspertlər deyirlər ki, Britaniyanın Avropa İttifaqından çıxması pis vəziyyəti daha da betər edəcək.

Britaniya da öz zir-zibilini emal üçün İsveçə göndərən ölkələrin arasındadır. “The İndependent” yazır ki, İsveçdə zibilin belə təmiz emalı ümumiyyətlə İsveç xalqının ətraf mühitin təmizliyinin qeydinə qalmaq mədəniyyəti ilə bağlıdır.

İsveç 1991-ci ildən bəri qazıntı enerjisinə ağır vergilər qoyub və bu ölkədə elekrtrikin tam yarısı alternativ enerji mənbələrindən alınır.

İsveç Tullantı Menecmeni Assosiasiyasından Anna-Karin Qripvall deyib ki, isveçlilər təbiətin qoynunda olmağı çox sevirlər və məhz elə buna görə də ətraf mühitin təmizliyinin qayğısına qalırlar. İsveçdə əsasən özəl əllərdə olan tullantı emalı müəssisələrinin istehsal etdiyi enerji qışı sərt ölkədə evlərin qızdırılmasına sərf olunur.

Başqa sözlərlə İsveç üçün zibil evlərdə istilik deməkdir. Halbuki Avropanın başqa ölkələrində zibil sadəcə olaraq sobalarada yandırılır. İsveçdə isə tullantılar qazıntı enerjisini əvəzləyir.

Xanım Qripvall deyir ki, İsveçdə ümumiyyətlə zibil yaratmamaq təbliğatı aparılır. Yəni adamlar sınmış əşyaları təmir etdirir, təkrar işlədir, ya da ehtiyacı olanlara verirlər. Bu hərəkat “Miljönär-vänlig” adlanır.

Qripval İsveçin xaricdən zibil idxal etməsini müvəqqəti siyasət adlandırır. O inanır ki, tezliklə başqa Avropa ölkələri də öz tullantılarının qeydinə qalmaq üçün zavodlar tikməli olacaqlar.

Bu arada İsveç bələdiyyələri gələcəyin tullantı emalına investisiya yatırırlar. Gələcəyin sistemi avtomatlaşdırılmış hava sorucularından ibarət olacaq. O zaman zibilin yığılması üçün konteynerlərə ehtiyac qalmayacaq. Tullantılar boru kəmərləri ilə emal zavodlarına gedəcək. Bu isə bütün ölkə boyunca heç bir yerdə pis qoxu qoymayacaq.

“The İndependent” də bu qənaətdədir ki, Birləşmiş Krallıq İsveçdən nümunə götürərək məişət tullantılarının tam utilizasiyasını təmin etməlidir.

Bəs Britaniya İsveçə zibil ixrac etməyəndə isveçlilər evlərini nə ilə qızdıracaqlar?

Xanım Qripvall deyir ki, isveçililər əlbəttə donmayacaqlar, onlar artıq indidən tam şəkildə bioyanacağa keçməyə hazırdırlar. (BBC)

BIR CAVAB BURAXIN