İsrailin Azərbaycana “Dəmir günbəz” satdığı təsdiqləndi

0
622
 11

Azərbaycan İsraildən bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi (Iron Dome) almağı planlaşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə az əvəl İsrailin “İsrael Hayom” nəşri hərbi dairələrə istinadən xəbər yayıb.

Azərbaycanın İsraildən “Dəmir Günbəz” sistemlərini alacağı haqda məlumatı ilk dəfə Milli Məclisin deputatı Yevda Abramov mətbuata müsahibəsində açıqlayıb. Bu açıqlama geniş rezonans doğurub, lakin nə İsrail, nə Azərbaycan rəsmi qaynaqları Abramovun dediklərinə şərh verməyiblər. Bu məsələ İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri ərəfəsində yenidən gündəmə gəlib. Bəzi İsrail KİV-ləri Netanyahunun səfəri zamanı bu məsələnin müzakirə olunacağını yazıblar. Lakin xəbər başqa müstəqil mənbələrdən təsdiqlənməmişdi.

İndi “İsrael Hayom” bildirir ki, Azərbaycana “Dəmir Günbəz”in satılacağına dair məlumatı noyabrın 10-da dəqiqləşdirib.  “Azərbaycan bir neçə batareya “Dəmir Günbəz” raketdən müdafiə sistemi batareyası almağı planlaşdırır”-mənbə bildirir.

Bu raketdən müdafiə sistemlərini İsrailin “Rafael Advanced Systems” şirkəti istehsal edir, təyinatı 4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirməkdir. 

Azərbaycanın İsraildən bu sistemləri alması məsələsi Rusiyanın Ermənistana 300 km mənzilli “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra gündəmə gəlib. “Dəmir Günbəz” İsraili Qəzza sektorundan və Livanın cənubundan “Həmas” və “Hizbullah”ın raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub. Bu sistemlərin operativ-taktiki raketlərə qarşı necə işlədiyi məlum deyil, lakin hələ təkmilləşdirilməkdə olan bu sistemin bir çox göstəriciləri məxfidir  və  tamamilə mümkündür ki, “Dəmir Günbəz” “İsgəndər” tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilər.

“İsrael Hayom” bildirir ki, Azərbaycanın bu sistemləri almaq niyyəti baş nazir Netanyahunun dekabrda Bakıya edəcəyi səfər ərəfəsində açıqlanıb. Bu səfər əhalisinin əksəriyyəti şiə olan İranla həmsərhəd ölkə ilə bütün sahələrdə əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Sayt qeyd edir ki, son illər bir neçə yüksək vəzifəli İsrail rəsmiləri, o cümlədən keçmiş müdafiə naziri Moşe Yalon və indiki müdafiə naziri Aviqdor Liberman Bakıya səfər ediblər.

 “Bəzi mənbələr bildirir ki, Azərbaycanla İsrail arasında bir neçə milyard dollarlıq yeni silah sövdələşməsi üzərində hazırlıqlar başa çatmaq üzrədir. Hansı ki, bu sövdələşmə çərçivəsində İsrail Azərbaycana sahil mühafizə katerləri, pilotsuz uçan aparatlar, raketdən müdafiə sistemləri və digər hərbi sistemlər verəcək”-sayt yazır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl İsraildən milyardlarla dollarlıq silah sistemləri alıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN