“İsraildən 80 min yəhudi Qarabağ döyüşlərinə gəlmək istəyir”

0
535

“Amerikada, Avropada, dünyanın digər ölkələrindəki yəhudi icmalarının və yəhudi dostlarımızın aprel hadisələri haqqında ətraflı məlumatlandırılması üçün əlimizdən gələni etmişik və hazırda da etməkdəyik”.

Bu sözləri Modern.az saytına Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov cəbhədəki aprel hadisələrindən sonra dünyadakı yəhudilərin Azərbaycana verdiyi dəstəkdən danışarkən deyib.

Deputat bildirib ki, Amerikada yaşayan yəhudilər Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı bəyanatlar da veriblər:

“Azərbaycanın dostları olan Amerika yəhudiləri tərəfindən, əsasən də Los-Anceles, Vaşinqton, Nyu-York kimi yəhudilərin daha sıx yaşadığı şəhərlərdə aprel hadisələrininin əsl mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti haqqında bəyanatlar verilib.

İsrailin paytaxtı Təl-Əviv və digər şəhərlərdə yaşayan və Azərbaycanın keçmiş vətəndaşları olmuş yəhudilər aprel hadisələrindən sonra artıq tam hazır vəziyyətdədirlər. 80 mindən çox Azərbaycan əsilli yəhudi xüsusi batalyonun tərkibində Qarabağda ermənilərə qarşı döyüşmək üçün hazır vəziyyətdə dayanıblar.

Həmin 80 mindən çox Azərbaycan əsilli yəhudi İsrail hökumətinin başçısına müraciət edərək, Qarabağda Azərbaycanın tərkibində döyüşmək arzusunda olduqlarını bildiriblər.

Əgər hərbi əməliyyatlar daha qızğın fazaya keçərsə, həmin Azərbaycan əsilli yəhudilər Azərbaycanın haqq işi uğrundakı mübarizəsisinə qatılacaq və işğalçı Ermənistanın məhv edilməsində böyük rol oynayacaq”.

Yəhudi deputat bu gün Azərbaycan və İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb:

“Bu gün İsrail Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Aprel hadisələri zamanı Azərbaycan silahlı qüvvələrinin arsenalındakı İsrail istehsallı silahlar bir daha öz sözünü dedi.

Quba rayonunda “Birlik” qəzeti çıxır. Həmin qəzetdə dünya yəhudilərinin Azərbaycana olan dəstəyi və Ermənistanın işğalçılıq siyasətinə nifrəti əks olunur. Dünya yəhudilərinin Azərbaycana dəstəyi hər zaman olub və bu gün də davam etməkdədir.

İsraildən olan dost deputatlar da yerli mediada Azərbaycanın bu mübarizəsinin haqq işi olduğunu, öz torpaqlarını işğaldan azad etmək üçün mübarizə apardıqlarını bəyan ediblər”.

Yevda Abramov deyib ki, Azərbaycan istənilən an müharibəyə başlaya bilər və bu onun müstəsna hüququdur:

“Biz istədiyimiz anda müharibəyə başlaya bilərik. Çünki işğal olunmuş ərazilərimizi azad etmək istəyirik.

Torpaqlarını işğalçı Ermənistandan azad etmək BMT nizamnaməsinin 5-ci maddəsi ilə Azərbaycanın  müstəsna hüququdur. İsrail və digər sülhsevər xalqlar bundan sonra da Azərbaycanın haqq və ədalət uğrunda apardığı siyasətinə hər zaman dəstək verəcək”.

BIR CAVAB BURAXIN