İran-Suriya yaxınlaşmasının taleyi Rusiyadan asılıdır

0
700

Suriyada İslam dövlətinin varlığına son qoyulmasından və ABŞ-ın öz hərbi qüvvələrini münaqişə zonasından çıxarmağa başlamasından sonra  bölgədə əmələ gələn vəziyyət İran üçün əlverişli istiqamətdə inkişaf etməkdədir. Belə ki, hələ ötən əsrin 80-ci illərində Xomeyni tərəfindən gündəmə gətirilən “Şiə ayparası” ideyası İranın bölgədə həyata keçirmək istədiyi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. İran bu ideyanı illərlə həyata keçirmək istəsə də onun reallaşması üçün şərait məhz ABŞ-ın İraqa və  Suriyaya hərbi müdaxiləsindən sonra əmələ gəldi. Bu baxımdan Suriyada baş verən son hadisələrdən yararlanmağa cəhd edən İran Bəşər Əsədin Tehranla daha sıx münasibətindən faydalanmaq niyyətində olduğunu açıq şəkildə ortaya qoyub. Bu istiqamətdə isə ilk addımSuriyanın Latakiya şəhərinin limanını icarəyə götrüməsi ilə bağlıdır. İranın Latakiya şəhərinin limanını uzunmüddətə icarəyə götürməsi barədə məsələ də məhz ABŞ-ın bölgəni tərk etmək və Surayadan hərbi qüvvələrini çıxarmaq niyyətində olduğunu bəyan etməsindən sonra gündəmə gəldi.

İranın Latakiya limanını icarəyə götürməsi barədə Suriya ilə razılıq əldə etməsi fevral ayında Əsədin Tehrana səfəri zamanı baş tutub. İran məhz Əsədin Tehrana səfərindən sonra Latakiya limanının genişləndirilməsi və orada müvafiq infrastrukturun  yaradılması üçün  tədbirlər həyata keçirməyə başladı. O vaxt əksər siyasi müşahidəçilər İranın Latakiya limanını özünün hərbi və siyasi məqsədləri üçün icarəyə götürməyə hazirlaşmasına İsrailin və eləcə də Rusiyanın imkan verməyəcəyi qənaətində idilər. Belə bir fikir vurğulanırdı ki, İranın belə bir addımı Rusiyanın Suriyada təkbaşına möhkəmlənməsi planlarına cavab vermir. Çünki Rusiya üçün istənilən halda İranın ən cüzi şəkildə belə Suriyada möhkəmlənməsi arzu edilən deyil və bu, indi olmasa da gələcəkdə  Moskvanın bölgədən sıxışdırılıb çıxarılmasının əsasını qoya bilər. Buna əsas kimi isə İran və Suriya arasında mövcud olan məzhəb birliyi göstərilir.  Əsədin tədricən Rusiyadan üz döndərərək İrana tərəf meyl etməsi son 5-6 ayda aydın şəkildə hiss edilməkdə idi. Belə ki, artıq Əsəd əvvlki kimi president Putinlə məsləhətləşmir və onunla sıx təmaslara girmir. Əvəzində Əsədin Tehranla  münasibətlərində xüsusi bir fəallıq nəzərə çarpır. Əsəd faktiki olaraq öz qapılarını İran rejiminin üzünə taybatay açmış durumdadır və qarşı tərəfin bölgədəki maraqlarının ən yüksək səviyyədə təmin etməyə hazır olduğunu da gizlətmir. Bununla da Əsəd sanki hakimiyyətdə qalmasında İrandan daha çox Rusiyanın rolunun olduğunu unudub. Halbuki İran təkbaşına Suriyada Əsədi hakimiyyətdə saxlamağa qadir deyildi. Əgər Əsədin hakimiyyətinin devrilməsinə sayılı günlər qaldığı bir vaxtda Rusiya Dəməşqin yardımına gəlməsəydi, bu gün  Suriya faktiki olaraq ABŞ və onun müttəfiqlərinin nəzarəti altında oolacaqdı. Ancaq artıq hakimiyyəti üçün təhlükənin sovuşduğunu düşünən Bəşər Əsəd Tehranla yaxınlaşmanı ölkənin xarici siyasətinin prioritet sahələrindən birinə çevirdiyini açıq şəkikldə nümayiş etdirməyə başlayıb. Aydın məsələdir ki, Moskvada Əsədin Tehranla yaxınlaşmaq siyasəti yeritməyə başladığını bilir və hələlik bunu Dəməşqin şıltaqlığı kimi dəyərləndirirlər. Yəni Moskva Rusiyanın başı üzərindən Əsədin İranla daha sıx münasibətlər qurma cəhdlərinə ciddi reaksiya vermədən onun digər addımlar da atmasını gözləyirlər. Ola bilsin ki, indiki məqamda Rusiya Əsədə İran və digər ölkələrlə əlaqələrdə daha çox cərbəstlik verməklə onun simasında Dəməşqin heç kimdən asılı olmayan müstəqil siyasət yürütməsi barədə təsəvvür formalaşdırmağa cəhd edirlər. Bununla da Moskva həmçinin  özünü daha çox sərbəst hiss etməyə başlayan Əsədə gizli kartlarını açmasına şərait yaradır. Düzdür, Əsədin atdığı istənilən addım öncədən Moskvaya məlumdur. Belə ki, Dəməşqdə və ondan kənarda mövcud hakimiyyət tərəfindən atılan və ya atılmaqda olan hansısa cüzi  addımlar belə bölgədəki Rusiya xüsusi xidmət orqanlarınının diqqətindən kənarda qalmır. Moskvanın Əsədin Tehranla siyasətdə atdığı və ya atmaqda olan addımlara mane olmamasının digər bir səbəbi də var. Bu da Putin rejiminin Suriyada faktiki olaraq ev sahibi rolunda özünü aparmasından irəli gəlir. Konkret olaraq İrana gəlincə, heç kəsə sirr deyil ki, Tehran Moskvanın razılığı olmadan Suriyada hər hansı bir tədbir həyata keçirə bilməz.  Belə ki, Rusiya istənilən an Suriya-İran yaxınlaşmasını boşa çıxara və buna görə Tehranı və Dəməşqi sərt şəkildə cəzalandıra bilər. Hələlik isə qeyd etdiyimiz kimi Rusiya  Əsədin Moskva ilə razılaşmadan İranla yaxınlaşmaq cəhdinə reaksiya verməməklə onun daha hansı adımlar ata biləcəyini gözləyir. Bu baxımdan Moskva üçün istənilən məqamda Əsədi hakimiyyətdən kənarlaşdıraraq onun yerinə digərini ölkənin idarə edilməsinə gətirmək problem deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, istənilən halda indiki vəziyyətdə Əsədin özünü xarici və daxili siyasət sahəsində daha sərbəst və inamlı şəkildə aparması beynəlxalq aləmdə onun imicinin yüksəldilməsi baxımından Moskva üçün də önəmlidir. Əsəd üçün yalnız İran deyil, bölgənin digər dövlətləri, o cümlədən İraq, Türkiyə, Livan və İordaniya ilə də münasibətlərin normallaşdırılması xüsusi önəm daşıyır.  Əsədin  İraq, Livan və İordaniya ilə ciddi problemləri olmasa da Türkiyə ilə əsaslı şəkildə fikir ayrılıqlarına malikdir. Əsəd rejimi Türkiyəni özünə qarşı ciddi təhdid mənbəyi hesab edir və hətta Ankaraya münasibətdə PKK terrorçularının öz ərazisində pozuculuq və Suriyaya münasibətdə həyata keçirdikləri separatizm hərəkətlərinə göz yumur. Amma o da aydındır ki, istənilən halda Əsəd rejimiPKK terrorçularına və bölgədəki separatçı kürd güclərinə münasibətdə Türkiyə ilə hər iki tərəfin qarşılıqlı maraqlarına cavab verəcək razılığa gəlməyə məcburdur. Əks halda Əsəd rejimi tərəfindən idarə edilən Suriya bir dövlət kimi bölgədə özünü təhlükəsiz hiss edə bilməyəcək. Lakin onu da deyək ki, Türkiyə ilə hansısa məqamda ortaq məxrəcə gəlmək Əsəd üçün heç də asan olmayacaq. Çünki tərəflər araslnda ziddiyyətlər kifayət qədər dərindir. Bu ziddiyyətlərin aradan qaldırılması isə Dəməşq-Ankara münasibətlərinə Rusiyanın hansı mövqedən yanaşmasından asılı olacaq. İndiki məqamdaAnkara-Moskva münasibətlərində özünü göstərən yaxınlaşma meylləri Rusiyanın Türkiyənin bölgədəki maraqları ilə hesablaşmasına gətirib çıxarıb. Amma ola bilsin ki, Rusiya gələcəkdə Türkiyənin Suriyadakı mövcudluğuna özü üşün təhlükə mənbəyi kimi baxsın və Ankara əleyhinə müvafiq cavab addımları atsın. Yəni İrana münasibətdə olduğu kimi Əsədin İranla olduğu kimi Türkiyə ilə münasibətləri bərpa edə bilməsi də məhz  Rusiyanın adı çəkilən hər iki dövlətə münasibətdə atdığı addımlardan asılı oacaq. Bütün bunlar da şübhəsiz ki,  Suriyanın taleyinin Əsəddən daha çox Rusiyadan asılı olduğunu bir daha təsdiq edir.

Konkret olaraq  İran-Suriya yaxınlaşmasına gəlincə, Rusiya ilə müqayisədə bu amilə ümumiyyətlə göz yummaq istəməyən İsrailin də olduğunu unutmaq olmaz. İsrail üçün İranın bölgədəki varlığı arzu edilən deyil. Çünki Əsədin Tehranla yaxınlaşması İranın Fələstində və Livandakı terrorçu qruplaşmalar üzərində nəzarətinin və təsirinin daha da güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda Suriyada möhkəmlənmə İrana Hizbullahı özünün hərbi birləşmələrindən birinə çevirmək və onların vasitəsi ilə İsraili daim təhdid altında saxlamaq imkanı verəcək. Bu isə İsrail üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Aydın məsələdir ki, İsrail İranın bölgədə özü üçün təhlükə mənbəyinə çevrilməsini həzm edə bilməyəcək. Ona görə də belə ehtimal edilir ki, İsrail istənilən an  Latakiya limanının icarəyə götürülməsindən İranın özünün hərbi və siyasi məqsədləri üçün istifadə etməsinə imkan verməyəcək. Bu baxımdan İsrailin lazım gəldiyi məqamda Latakiya limanındakı İran mövqelərinə hava zərbələri endirərək Tehranın orada möhkəmlənməsinə icazə verməyəcəyi istisna edilmir. Yeri gəlmişkən onu da deyək ki, İsrailın baş naziri Netanyahu Moskvaya son səfəri zamanı Rusiyanın Suriyadakı mövcudluğunu qəbul etdiyi  və bunu özü üçün təhlükə  mənbəyi hesab etmədiyini bildirib. Bunun əvəzində  Netanyahu Moskvadan İranın Suriyadakı qoşunlarının çıxarılmasını istəyib. Hələlik Moskva İranın Suriyadakı qoşunlarını çıxarması məsələsində tələsmir və onu harada isə öz müttəfiqi kimi görməkdə davam edir. Lakin bütün hallarda hadisələrin gedişi göstərir ki, Əsədin Tehranla yaxınlaşma siyasətinin uğurlu ola bilməsi Moskvanın bununla bağlı atacağı addımlardan asılı olacaq.

Əziz Mustafa