İrəvanda radio ələ keçirildi: Paşinyan xalqa müraciət etdi – Video

0
542

Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi və ötən gün İrəvanın Fransa meydanında oturaq aksiya keçirən etirazçılar bu gün İctimai radionun binasını ələ keçiriblər

Paşinyan bunu növbəti uğur kimi qiymətləndirib.

“Hazırda biz İctimai radionun binasındayıq. Bu, bizim növbəti uğurumuzdur. Siz gördünüz ki, əli silahlı polislər vardı. Mən ona heç bir kobud söz demədim, bizim uşaqlar ondan yalnız xahiş etdi. Mən ona dedim ki, əgər sən mütləq öldürməlisənsə, onda vur”.

O, efir vaxtı xahiş edib: “Biz ona görə burdayıq ki, medianın böyük hissəsi Serj Sərkisyanın ümumi ailəsinə məxsusdur. Ermənistan vətəndaşları Ermənistanla bağlı doğru xəbərdən məhrum edilib”.

Radionun binası ələ keçirildikdən sonra onun elektriklə təminatı kəsilib. Efir vaxtı əldə edə bilməyəcəyini anlayan Paşinyan orda iştirak edən media təmsilçiləri vasitəsilə müraciət edib. Erməni xalqına müraciət edən Paşinyan bildirib ki, erməni mediası əhalini informasiya blokadasında saxlayır.

O qeyd edib ki, Sərkisyan növbəti dəfə hakimiyyəti qəsb etməyə çalışır. Buna etiraz olaraq xalqı bu axşam Azadlıq meydanında keçiriləcək aksiyaya dəvət edib.

***

Daha sonra etirazçıların İrəvanın mərkəzi meydanında mitinqi davam edib.

Qeyd edək ki, iki həftə öncə Sərkisyanın baş nazirliyinə qarşı yürüşə başlayan Paşinyan Ermənistanın bir çox şəhərlərində yürüş keçirdikdən sonra ötən gün İrəvana daxil olmuş və Fransa meydanında mitinq keçirmişdi. Etirazçılar gecə çadır quraraq, meydanda qalmışdılar.

Aksiya iştirakçıları 17 apreldə parlamentdə Sərkisyanın baş nazir kimi təsdiqlənəcəyini bildirərək, buna etiraz edir və hakimiyyətin zəbt edilməsinə qarşı çıxırlar.

BIR CAVAB BURAXIN