İnternetdə terrorçu materialları “barmaq izləri” ilə tutacaqlar

0
596

11

Birləşmiş Ştatların 4 əsas texnologiya şirkəti bildirib ki, terrorla bağlı materialları özlərinin internet xidmətlərindən xaric etmək məqsədilə qüvvələrini birləşdirirlər.

YouTube, Facebook, Twitter və Microsoft dekabrın 5-də bəyan ediblər ki, öz saytlarından çıxardıqları video və foto materiallarının şərikli məlumat bankını yaradırlar.

Şirkətlərin verdiyi xəbərə görə Facebook-da yerləşdiriləcək məlumat bankı onun digər sosial media həmkarlarına öz platformalarındakı bənzər postların tez bir şəkildə silinməsinə imkan verəcək.

Məlumat bankında şəkillərin və videoların rəqəmli təsvirləri yerləşdiriləcək. “Hash” kimi tanınan bu rəqəmli təsvirlər hər bir materialın unikal və ya təkrarsız rəqəmli “barmaq izidir”.

Beləliklə, bu sazişdə iştirak edən xidmətlərdə hər hansı fotolar və ya videolar yüklənəndə bu materiallar ani olaraq məlumat bankındakı “barmaq izləri” və ya “hash”lərlə tutuşdurulacaq.

Sözü gedən material məlumat bankındakı “barmaq izlərindən” hər hansı birinə uyğun gələrsə, onda materialın yükləndiyi şirkətə bildirliş göndəriləcək. Bundan sonra həmin şirkət materialı lazım gələrsə silmək üçün nəzərədən keçirəcək.

Müştərək məlumat bankı gələn ildən işə düşəcək və daha çox şirkət bu tərəfdaşlığa daxil ola bilər.

Twitter şirkətinin sözçüsü bildirib ki, “bizim istehlakçı xidmətimizdə terrorçuluğu yayan materiallara yer olmamalıdır”.

İndiyədək texnologiya şirkətləri terrorçu təşkilatlarla və ifrat sağçı qruplaşmalarla əlaqəli olan materialların öz saytlarından silinməsi üçün Qərb hökumətlərinin təzyiqi altında idilər.

Avropa İttifaqının icra qurumu xəbərdarlıq edib ki, nifrət və irqçiliyi yayan materialları çevik şəkildə öz platformalarından yığışdırmayan şirkətlər barədə ciddi qaydalar tətbiq olunacaq.

Sosial media son illərdə İslam Dövləti adlanan təşkilatın güclü səfərbərlik alətinə çevrilib. Ekstremist qruplaşma sosial media postlarından öz ideyalarını qlobal miqyasda yaymaq, habelə davamçılarını “yalquzaq” tipli hücumlara sövq etmək üçün faydalanır.

YouTube və Facebook kimi bir neçə texnologiya şirkətləri ekstremist postların avtomatik silinməsinə başlayıblar, lakin bir çox provayderlər şübhəli materiallar barədə məlumatın verilməsində istifadəçilərə bel bağlayırlar. İstifadəçilərdən belə siqnallar alındıqdan sonra materiala canlı redaktor baxır.

Twitter fevral və avqust ayları arasında 235 min hesabı bağlayıb və ekstremist postlara nəzarət edən komandalarının sayını artırıb.

Ötən həftə ABŞ-ın bir sıra əsas texnologiya şirkətlərindən ibarət qrup bəyan etmişdi ki, hökumətlər bəzən ekstremist materialların silinməsinə çalışarkən qeyri-ixtiyari ifadə azadlığı və məxfilik prinsiplərini poza bilərlər.

The Global Network Initiative adlı qrup noyabrın 30-da yaydığı bəyanatda bildirir ki, hökumətlər şirkətlərə onların xidmət şərtlərinin dəyişdirilməsi məqasədilə təzyiq göstərməməlidirlər.

Bəyanatda deyilirdi ki, hər hansı marterialın məhdudlaşdırılması yalnız hüquqi əsasda həyata keçirilə bilər.

Sözü gedən qrupa Microsoft, Facebook, Google, LinkedIn və Yahoo daxildirlər.

BIR CAVAB BURAXIN