İlham Rəhimov: ”Qarabağ məsələsini Rusiyasız çözmək mümkün deyil”

0
565

Arazinfo.com Hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Yeni Müsavat”a müsahibəsini oxucularına təqdim edir:

-Professor, 2018-ci il sizin üçün həm ictimai, həm də şəxsi mənada nə ilə yadda qaldı?

-Fəaliyyətimizin demək olar, bütün sahələri üçün 2018-ci il uğurlu oldu. Hüquq elminə yeni töhfəmiz oldu – “Ölümsüz ölüm hökmü” əsərim rusca çapdan çıxdı. Qısa zamanda əsər Azərbaycan, ingilis, alman dillərinə tərcümə edilərək çap olundu. Bundan başqa, “Cinayət və cəzanın fəlsəfəsi” kitabım Qazaxıstan hüquqşünaslarının təşəbbüsü ilə qazaxcaya çevrildi, kitabın Qazaxıstan Senatında və Ali Məhkəməsində yüksək səviyyədə təqdimatı keçirildi. Oktyabr ayında Bakıda 12 dövlətdən olan hüquq ictimaiyyəti təmsilçilərinin iştirakı ilə terrorizmlə mübarizəyə həsr edilən elmi konfrans keçirdik. Bəllidir ki, terrorizm beynəlxalq miqyaslı cinayət kateqoriyasına daxildir və günümüzdə baş verən siyasi təlatümlər onun yeni formalarını üzər çıxarır. Bu səbəbdən onunla mübarizə metodları da daim yenilənməlidir. Azərbaycan 30 ilə yaxındır Ermənistan tərəfdən dövlət terroru ilə üzləşdiyi üçün bu məsələ ölkəmiz üçün çox aktualdır. Bir sıra bədxahlar konfransın keçirilməsinə mane olmağa çalışdılar, ancaq buna nail ola bilmədilər. İştirakçı tərəflərin hər biri yığıncağın çox aktual və faydalı olduğunu bildirdi.

Aprel ayında isə rəhərlik etdiyim Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Asossasiyasının təşəbbüsü ilə Antalyada Türkiyə-Rusiya biznes zirvəsi keçirildi. Hər iki ölkənin siyasət və iş dünyasının önəmli isimlərinin qatıldığı zirvə iki ölkə arasında biznes bağlarının möhkənləndirilməsi formatından çıxaraq  regionun geosiyasi gündəminin müzakirə edildiyi, gələcəyə yönəlik ciddi mesajlar verildiyi toplantıya çevrildi. Biznesə gəlincə, bu il Moskvada Olimpiya Kompleksi aldıq və yaxın zamanlarda orada yenidənqurma işlərinə başlayacağıq. Çox miqyaslı bir layihədir. Düşünürəm, bu, təkcə Moskvanın, Rusiyanın deyil, bütünlükdə Avropanın həm memarlıq, həm dizayn baxımından ən nəhəng, ən gözəl idman-əyləncə, sağlamlıq komplekslərindən biri olacaq.

bca32d7b-b006-454d-b98c-bc4ab9f71429.jpg (219 KB)

 “Real və obyektiv dəyərləndirmək lazımdır – Putin və onun komandası Qarabağ məsələsinin çözümünə çalışır”

-Aid olduğumuz geosiyasi regionda son zamanlar hərəkətlilik yaşanır. Ötən həftəsonu Ermənistanda parlament seçkisi keçirildi, baş nazir Nikol Paşinyan hakimiyyətdə bir qədər də möhkəmləndi. Siz bütünlükdə Ermənistandakı olayları necə qiymətləndirirsiniz? Nə baş verir? Bu demokratiya prosesidir, yoxsa kənar müdaxilə?

-Heç bir kənar müdaxilədən söhbət getmir. Ermənistanda hakimiyyətə erməni xalqının çoxdan gözlədiyi şəxs gəlib. Bu çox obyektiv prosesdir. Əgər o, xalqın illərdir həllini gözlədiyi problemləri çözə bilsə, hakimiyyətdə qalacaq. Söhbət Rusiya ilə münasibətlərə xələl gətirmədən Qərbə istiqamətlənməkdən və cəmiyyətin demokratikləşməsindən, Qarabağ məsələsinin nizamlanmasından, sosial problemlərin həllindən, Köçəryanla, Sərkisyanın Qarabağ klanını sakitləşdirməkdən və onlarla işbirliyinə nail olmaqdan, bu problemlərin çözümündə erməni diasporunun fəaliyyətindən effektiv istifadə edilməsindən gedir. Düşünürəm ki, Paşinyan, iqtidara gəlməzdən öncə Rusiyanın reaksiyasını nəzərə almaq şərti ilə artıq birinci problemin həllinə yönəlik ehtiyatlı addımlar atıb. Bu, çətin yoldur  – iki stulda oturmaq olar, ancaq bu çətindir. Yalnız  Paşinyan deyil, bütün Ermənistan bilir ki, Qarabağ məsələsini Rusiyasız çözmək mümkün deyil. Onların sosial problemlləri də düşünürəm ki, problem olaraq qalacaq. Çünki Ermənistanın illərdir kök salan problemləri aradan qaldırmaq üçün iqtisadi gücü və geopolitik üstünlükləri yoxdur. Bundan başqa, əgər Ermənistan Qərbə çox yaxınlaşsa, Rusiya ona yardımı dayandıracaq. Paşinyan onu da dərk edir ki, Rusiya heç zaman Ermənistanla bağları qırmayacaq.  Yalnız tarixi bağlar deyil, dünyanın indiki siyasi gündəmi bunu tələb edir. Bir sözlə, Rusiya Ermənistana gərək olduğu kimi, Ermənistan da Rusiyaya lazımdır. Reallıq belədir və biz Paşinyan iqtidara gəlib deyə, Rusiya Ermənistanı himayə etməyəcək illiziyalarından qurtulub bu reallıqla barışmalılyıq. Köçəryan və Sərkisyan tərəfdarlarına gəlincə, onlar baş nazirin qondarma Dağlıq Qarabağın müstəqilliyi üçün bütün mümkün addımları atdığına əmin olduqdan sonra ona qarşı mübarizədən əl çəkə bilərlər. Hər kəsə bəllidir ki, erməni diasporu Ermənistan dövlətinə yalnız ciddi maliyyə dəstəyi verməyib, xüsusən Qərbdə dövlətləri üçün ciddi dayaqlar qazanıb. Onlar bu yardımları yalnız Ermənistan iqtidarı ilə yaxşı münasibətlərinə görə deyil, erməni olduqları üçün edirdilər. Onlara bəlli idi ki, Ermənistanda demokratiya yoxdur, korrupsiya ölkəni bürüyüb, insan haqları tapdalanır… İndi erməni diasporu Paşinyanın bu problemləri çözdüyünün şahidi olsa, təbii ki, indiyə qədərkindən daha güclü dəstəklə onun yanında olacaq.

 “Əgər Ermənistan Qərbə çox yaxınlaşsa, Rusiya ona yardımı dayandıracaq”

-Professor, ötən il Kreml-Bakı arasında münasibətlər yetərincə isti oldu. Sizcə, Ermənistandakı proseslərin bu yaxınlaşmaya təsiri oldumu?

-Ermənistanda proses başalayana qədər də Azərbaycanla Rusiya arasında əlaqələr çox yüksək səviyyədə idi. Söhbət yalnız iki prezident arasında böyük etibara söykənən münasibətlərdən getmir. Ölkələrimiz arasında sözün geniş anlamında çox isti münasibətlər var. Bu gün üçün iki ölkə arasında mübahisəyə, geniş müzakirəyə səbəb ola biləcək heç bir məsələ yoxdur. Putinin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında əlaqələr çox möhkəmlənib. Siz Yeltsinin dönəmində Qarabağ məsələsinin ədalətli çözümü ilə bağlı Rusiya rəhbərliyinin hansısa bəyanatını xatırlayırsınızmı? Yeltsin birmənalı şəkildə bu məsələdə Ermənistanın tərəfində idi. Real və obyektiv dəyərləndirmək lazımdır – Putin və onun komandası Qarabağ məsələsinin çözümünə çalışır. Hələlik səylər nəticəsizdir – bu artıq ayrı məsələdir. Hər halda Rusiya hər iki tərəfi razı salan yollar haqqında düşünür. Gələcəyə baxmaq gərəkdir. Putin hakimiyyətdə əbədi deyil. Rusiyanın Qarabağ siyasəti Putindən sonra necə olacaq – bunu indidən düşünməliyik.

f44faabd-a0ea-4a26-8f73-418e91ae33f5.jpg (177 KB)

-Professor, ölkədə zaman-zaman rus dilində baza təhsil müzakirəyə çıxarılır. Yaxınlarda Milli Məclisin üzvü Gövhər Baxşəliyeva rus dili bölmələrinin bağlanması ilə bağlı çıxış edib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

-Rus dilindən “can qurtarmaq”, daha doğrusu, xanım deputatın dediyi kimi, onun yayılmasının qarşısını almaq çox qeyri-ciddi görünməklə yanaşı, zərərlidir. Yadınıza gəlirsə, 2 il öncə Sabir Rüstəmxanlı da belə bir təşəbbüslə çıxış eləmişdi. Ancaq Gövhər Baxşəliyeva düşünürsə ki, bu məsələ xalqa xeyir gətirəcək, elmə, təhsilə töhfə verəcək, ümumiyyətlə bütün digər sosial problemləri çözəcək, o zaman təklif edirəm ki, qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etsin. Bu gün bir çox insanlar öz övladlarına rusca, ingiliscə təhsil verir. Nəyə görə? Ona görə ki, insanlar bu dillərin övladlarının gələcəyi üçün önəmini dərk edirlər. Heç şübhəsiz biz ana dilimizi mükəmməl bilməliyik. Ancaq bunun üçün bizdə şərait varmı? Ötən axşam Rusiyada yaşayan kiçik qızımla telefonda danışırdıq. Ona hər zaman söyləyirəm ki, özü də, övladları da ana dilini daha mükəmməl bilmələri üçün Azərbaycan telekanallarına baxsınlar. Azərbaycanda rus dili sektorlarının bağlanması haqda müzakirələrdən o da xəbərdardır. Dedi ki, ana dilimi, Azərbaycanı nə qədər sevdiyimi bilirsən, mənə maraqlıdır, görəsən, həmin o deputat xanım Milli Məclisdə Azərbaycan telekanallarında normal verilişlərin yayımlanması ilə bağlı məsələ qaldıra bilərmi? Kənarda yaşayan bizlər ölkəmizdən xəbər tutmaq üçün telekanallarda ana dilində normal veriliş tapa bilmirik. Telekanallarda ya atılıb-düşürlər,  ya oxuyurlar,  ya biş-düşdü,  ya da dava… Haqlı deyilmi? Mənim qızım kimi, ölkədən kənarda yaşayıb Azərbaycan dilini yalnız milli telekanallardan eşitmək imkanı olan yüz minlərlə insanımız var. Azərbaycanlılara dünyaya çıxış imkanı verən rus dilini məhdudlaşdırmaq üçün təşəbbüs irəli sürənlər yaxşı olardı, parlament tribunasından telekanallardakı bərbad durumu müzakirəyə çıxaraydılar. Niyə bu qədər imkan Azərbaycanın təbliğinə yönəldilmir, niyə dilimiz, mədəniyyətimiz belə naşı insanların əlinə verilib? Davamlı səfərlərdə oluram. Xüsusən Avropanı çox gəzirəm. Bu gün avropalılar rus dilinə xüsusi önəm verirlər, ruscanı öyrənməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, Baltikyanı respublikalar da daxil postsovet məkanı ilə sıx ünsiyyət üçün rusca vacibdir. Tarixi şərait belə gətirib ki, bizim region yüz illərlə Rusiyanın təsirində olub. Ona görə də rus dili faktorunu gözardı etmək olmaz. Bu gün minlərlə vətəndaşımız qazanc dalınca Rusiyaya köçür. Artıq Rusiya rus dilini bilməyənlərə öz ərazisində yaşamaq izni vermir.  Yəni rus dilinin bizim həyatımızdakı rolunu vacib edən səbəbləri aradan qaldırmamış onu məhdudlaşdırmaq insanlarımızın dünyaya çıxışını bağlamaqdır.

 Azərbaycanlılara dünyaya çıxış imkanı verən rus dilini məhdudlaşdırmaq üçün təşəbbüs irəli sürənlər yaxşı olardı, parlament tribunasından telekanallardakı bərbad durumu müzakirəyə çıxaraydılar

-Problem həm də ondadır ki, rusca təhsil alanlar dövlət dilini bilmir. Axı, bu onlar üçün də, ölkə üçün də problem deyilmi?

-Bu onların günahı deyil ki… Rus dili sektorlarını bağlamaq yox, orada Azərbaycan dilinin güclü tədrisini təşkil etmək lazımdır. O zaman rusdilli əhali dövlət dilini də gərəkli səviyyədə biləcək. Bunu prinsipial məsələyə çevirmək gərəkdir. Xüsusən işə qəbul məsələsində Azərbaycan dilini yetərli səviyyədə bilmək şərt kimi qoyulmalıdır. Mən bununla tamamilə razıyam. Buna haqq qazandırmaq olmaz. Bugünlər Milli Məclisin üzvü Fəzail Ağamalı bildirib ki, Azərbaycandan kənarda yaşayanlarda Vətən hissi güclü deyil. Bu fikir də mübahisəlidir. Vətəndə yaşayıb vətən üçün heç nə etməyənlər, kənarda yaşayıb ölkəsi üçün böyük işlər görən şəxslər hər millətdə var. 70-ci illərdə Leninqradda təhsil alarkən azərbaycanlı tələbələr tez-tez yığışır, imkanlarımız daxilində özümüz üçün qonaqlıqlar təşkil edirdik. Hər dəfə həmin qonaqlıqlar Azərbaycanın şəninə sağlıq deyilməsi ilə başlayırdı. Özü də hər kəs bu sağlığa ayaq üstə içirdi. O zaman bizim heç ağlımızın ucundan da keçmirdi ki, Azərbaycan nə zamansa müstəqil olacaq. Biz doğma yurddan kənarda idik və bizi məclislərdə ayağa qaldıran vətən həsrəti idi. Mənə elə gəlir, vətəndən kənarda olanların vətən sevgisi daha qüvvətli olur.

-Azərbaycan Milli Məclisində absurd çıxışlara tez-tez rast gəlirik. Bu yaxınlarda Siyavuş Novruzov Rusiyada Azərbaycan diasporunun qarşılaşdığı problemlərdən danışarkən orada yaşayan nüfuzlu biznesmenləri fəaliyyətsizlikdə suçlayıb, erməni biznesmenləri onlara misal çəkib. Siz bu ittihamları nə qədər əsaslı sayırsınız?

-Ümumi danışmaqla konkret fikir söyləməyin fərqi var. Siyavuş Novruzov konkretləşdirsin, görək, kimi nəzərdə tutur. Yəqin Novruzov kimi çoxları bilmir, informasiya üçün deyim ki, Rusiyada azərbaycanlıların problemlərinin çözümünə gücü çatan və gücünü əsirgəməyən biznesmenlərimiz də var, ziyalılarımız da, nüfuzlu insanlarımız da… Bizim şirkətimiz Azərbaycan adına Rusiyada keçirilən bir çox tədbirlərin təşkilatçıları sırasında yer alır və gərəkli şəxslərin bu haqda bilgisi var. Ona görə də ucdantutma ittihamlar irəli sürmək absurddur. Digər tərəfdən, Rusiyadakı Azərbaycan elitasının miqyaslı işlər görməsi üçün konkret quruma ehtiyac var. Bu gün həmin qurum yoxdur. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən sonra sanballı təşkilat yaratmaq mümkün olmayıb. Bu baş verməyənə qədər Rusiyadakı gücümüzü bir çətirin altında birləşdirib ciddi işlər görmək çətin olacaq. Bu o demək deyil ki, bu gün Rusiyada azərbaycanlılar heç bir iş görmürlər. Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada çox yüksək səviyyədə tədbirlər təşkil olunur. Bu tədbirlərə ciddi maraq var. Ancaq bu işləri diaspor fəaliyyətinə aid etmək doğru olmaz. Bizim Rusiyada qeydiyyatdan keçən, orada fəaliyyət göstərən, Rusiyadakı vətəndaşlarımıza yönəlik sağlam diaspor qurumumuz olmalıdır.

07bfc25d-d5f9-41d1-b0c5-3e0370817b52.jpg (268 KB)

-Professor, sizin Rusiya iqtidarı ilə ən yüksək səviyyədə əlaqələriniz var. Nədən bu prosesi üzərinizə götürmürsünüz?

-Mən ÜAK-ın yaradılması prosesində çox fəal iştirak etmişəm. ÜAK-ın işinə Azərbaycanın doğru olmayan yanaşmasının, Bakıdan səslənən ehtiyatsız ifadələrin ciddi ziyan vurduğunun şahidiyəm. Yadınıza gəlirsə, qurumun məsələsi Rusiya Ali Məhkəməsində müzakirə edilərkən Milli Məclisdə çıxış edən bir neçə deputat Rusiya rəhbərliyini Azərbaycanın diaspor fəaliyyətinə mane olmaqda açıq ittiham etmişdi. Biz bundan sonra Rusiyadan nə gözləyə bilərdik? Bu məsələ ilə ÜAK-la bağlı gərginlik yarananda da məşğul olmuşam. Özü də şəxsi təşəbbüsümlə yox, prezident İlham Əliyevin tapşırığı ilə. Bizim təmaslarımız zamanı mənə aydın oldu ki, ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir. Mən prezidentin maraqlandığı bütün məqamlar haqqında geniş informasiya toplayıb ona məruzə etdim. Bildirdim ki, Milli Məclisdə söylənildiyi kimi, məsuliyyət yalnız Rusiyanın üzərində deyil. Əsas məsuliyyət Azərbaycanda vəzifə gərəyi diaspor qurumları ilə məşğul olan şəxslərin üzərinə düşür. Qurumla konstruktiv işbirliyi qurmaq əvəzinə onlar ÜAK-a Azərbaycanda fəaliyyət göstərən QHT kimi yanaşdılar, istədikləri zaman, istədikləri formada onun işinə müdaxilə etməyə çalışdılar. Bu adamların prosesi hara gətirib çıxardığını hamımız gördük…

Yəqin Novruzov kimi çoxları bilmir, informasiya üçün deyim ki, Rusiyadaazərbaycanlıların problemlərinin çözümünə gücü çatan və gücünü əsirgəməyən biznesmenlərimiz də var, ziyalılarımız da, nüfuzlu insanlarımız da… Bizim şirkətimiz Azərbaycan adına Rusiyada keçirilən bir çox tədbirlərin təşkilatçıları sırasında yer alır və gərəkli şəxslərin bu haqda bilgisi var”

İndi hər şeyi slfırdan başlamaq gərəkdir. Məsələnin başqa tərəfi də var və bunun Rusiya hakimiyyətinə qətiyyən dəxli yoxdur. Qarşılıqlı sual yaranır – Rusiyada azərbaycanlılar üçün böyük işlər görən hansı nüfuzlu insanımız, iri biznesmenimiz haqqında Milli Məclisdə, ya da mediada bir təşəkkür mesajı səsləndirilib? Nə zaman onların diaspor fəaliyyətinə qatıldıqları xoş qarşılanıb? Biz indiyə qədər bunun tam əksini görmüşük. Siyasilər də, media da yalnız qalmaqal, qarşıdurma axtarıb onu gündəmə gətiriblər. Diaspora xidmət edən insanlar pozitiv tonda müzakirəyə çıxarılmayıb. Azərbaycanda ən müxtəlif səviyyələrdə toplantılar, mərasimlər keçirilir. Niyə kənarda, konkret Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar o tədbirlərə dəvət olunmur, niyə onlarla Azərbaycan arasında münasibətlər bu qədər qopuqdur? Azərbaycanın yüksək səviyyəli dövlət məmurlarından kim Moskvada səfərdə olarkən bu iş adamlarını, nüfuzlu şəxsləri bir araya toplayıb müzakirələr keçirir? Bu yanaşmanı, bu baxışı dəyişmək lazımdır. Münasibətlər qarşılıqlı olmadıqda uzunmüddətli və faydalı ola bilməz.

-Rusiya tərəfin azərbaycanlıların yeni diaspor yaratmaq təşəbbüsünə münasibəti necədir?

-Rusiyada qeydiyyatda n keçmiş və fəaliyyətdə olan AzərRos var. Ona görə də Moskvada düşünürlər ki, ikinci quruma ehtiyac yoxdur. Ancaq AzərRos-un tərkibi geniş deyil. Mən təklif edirəm ki, AzərRosla anlaşıb, qurumun buraxılmasına nail olmaq, sonradan Rusiyadakı bütün nüfuzlu azərbaycanlıları öz çətiri altında toplayacaq yeni qurum yaratmaq lazımdırBu təşəbbüsümü konkret dairələrə də çatdırmışam. Başqa çıxış yolu görmürəm və bu məsələdə vasitəçilik etməyə hazıram.

Aygün Muradxanlı, musavat.com