İlham pərisi islananda

0
175

11Bilmirəm, siz Mikayıl Müşfiqin “Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar” misraları ilə başlayan şeirini oxumusunuz, ya yox. Amma mən oxumuşam. Sizə də məsləhət görürəm, tapın, oxuyun. Həmin şeirdə yağış şairin poetik duyğularını islatdıqca o coşur, coşduqca da yağışa müraciətlə deyir: “Yağ ey yağış…” Yağış da yağdıqca şair növbəti misralarını yazır.

Sözün düzü, hər dəfə paytaxta yağış yağanda mən də buna bənzər bir şeir yazmaq istəmişəm, amma nədənsə alınmayıb. Əvvəllər buna görə ilham pərimi qınayardım. Sonradan başa düşdüm ki, buna əbəs cəhd etmişəm, çünki bu məsələdə o bədbəxtin əsla heç bir günahı yoxdur (Hətta o qənaətə gəlmişəm ki, Mikayıl Müşfiq sağ olsaydı belə, indiki yağışlardan o ilhamı ala bilməzdi).

Sən demə, bunun günahı elə yağışın özündə imiş. Bəli, bəli, yağışın özündə… Yağış özünü yağış kimi aparmır ki… Hətta özünü qoyub axmaq yerinə, plan-zad da başa düşmür, yaxud başa düşmək istəmir. Odur ki, yağmağa başlayanda dayanmaq bilmir, yəni bizim nəzərdə tutduğumuzdan, elmi dilimizdə desək, normadan artıq yağır. Bu barədə az sonra. Nəticədə mənim ilham pərim su basmış küçələrdən, döngələrdən keçməkdə çətinlik çəkir. Çünki elə gölməçələr yaranır ki… Belə məqamlarda bir avtobus, taksi belə tapa bilmir ki, minib özünü mənə çatdırsın. Çünki yağış sularının yolun hərəkət həissələrinə yığılması nəqliyyat vasitələrinin də hərəkətini iflic edir. Yağış yağanda piyada yola çıxmaq da müşkülə çevrilir. Nədən ki, işlək olmayan kanalizasiya sistemləri, kollektorları yağışın əmələ gətirdiyi sellərin əlində yesir olur. Hətta bu sellər bizə gəlmək istəyən mənim ilham pərimi dəfələrlə öz ağuşuna alıb. Bicarəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları birtəhər xilas edə biliblər. Odur ki, o daha belə havalarda bizə gəlmir. Yağışdan da yuxarılara şikayət etmək olmur ki… Edən kimi də deyirlər ki, bəs son illər sürətli inkişafımızı yağışın da görməyə gözü yoxdur, odur ki öz gücünü toparlayıb leysana çevrilir və nəticədə normadan artıq yağmaqla gördüyümüz işləri yuyub aparmaq istəyir. Deyəndə ki, bəs siz də işlərinizi normaya uyğun qurun, onda da bizim yuxarılar adamı alayı cür isladırlar.

Nə isə… Mən ilham pərimdən danışırdım axı…Hə, onu deyirdim axı… Bəli, yağış yağanda ilham pərim özünü mənə çatdıra bilmir ki, bilmir. Mən də onu görməyəndə bir babat şey yaza bilmirəm. Necə deyərlər, bir növ ona o qədər öyrəşmişəm ki… Bəli, elə bu səbəbdən mən yağışa Müşfiqvari bir şeir yaza bilmirəm. Odur ki, yağış barədəki yazım belə əndərabadi alındı. Güman edirəm ki, buna görə Müşfiqin ruhu məni bağışlar.

Yenə nə isə, yağış paytaxtımızda çox gözəl mənzərələr yarada bilir. Amma öz aramızdır, bizim şəhər başbilənlərinin fədakarılığı olmasa, yağış belə cəlbedici mənzərələri ilə bizi dəli-divanə edə bilməz. Söz verirəm ki, gələn dəfə yağış yağmamışdan öncə ilham pərimi dəvət edəcək və sizə yaxşı bir şeir hədiyyə edəcəyəm. Bəlkə, başlayım: “Yağış yağır, küçələr olur gölməçə…” Yox, alınmır… Yağışa düşən ilham pərim də o yağışdan sonra xəstəxanalıq olub, sağalmağına güman belə yoxdur. Gərək analoqu olmayan bir ilham pərisi tapım. Yoxsa heç nə yaza bilmərəm.

Oxundu: 69

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − 5 =