İlham Əliyev və Serj Sarkisyan iyulda Varşavada görüşə bilərlər

0
582

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri Varşava ola bilər. ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan KİV-də məlumat yayılıb. Məlumata görə, iyulun əvvəlində Polşanın paytaxtında NATO-nun sammiti keçiriləcək. Bu tədbiri alyansın baş katibi Stoltenberq artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün nəticələri birmənalı qarşılanmayıb

NATO-nun Nyu-Portda keçirilən sonuncu sammitinə İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin həll olunmasına dair danışıqlar çərçivəsində prezidentlərin görüşməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır.  2014-cü ildə Nyu-Portda Qərb tərəfləri gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməməyə çağırmışdı. Diqqət çəkən məqamlardan biri bu görüşdən əvvəl Vladimir Putinin təşəbbüsü ilə Soçidə Əliyev və Sarkisyanın iştirakı ilə 3 tərəfli görüşün təşkil olunması idi. O zaman Putin problemin həll olunması üçün 3 ölkə arasında mövcud olan tarixi münasibətlərdən istifadə olunmasını vacib hesab etdiyini bildirmişdi. Soçidəki görüş ATƏT-siz keçirilmişdi. Ondan sonra daha bir görüş Fransada baş tutumuşdu.

Bu dəfə də Sankt-Peterburqda Vladimir Putinin tarixi münasibətləri yada salması tarixin təkrarlana biləcəyini güman etməyə əsas verir.

İlham Əliyev, Con Kerri və Serj Sarkisyan Nyu-Port görüşündə

İlham Əliyev, Con Kerri və Serj Sarkisyan Nyu-Port görüşündə

Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov hesab edir ki, Varşavada İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutması real görünür. Onun sözlərinə görə, Qərb və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində sərt rəqabət gedir.

“Qərb ölkələri son zamanlar bu məsələyə bir az dözümlü yanaşaraq Rusiyanın bu işdə təşəbbüsünü dəstəklədi.  İndi isə Vaşinqton və Moskva arasında bu rəqabət yeni bir məna almağa başlayıb. Burada qlobal baxımdan söhbət kimin daha vacib və güclü, son söz sahibi olmasından gedir. Bu baxımdan ABŞ dünyada baş verən heç bir prosesdən geri qalmaq, o cümlədən Qarabağ məsələsində də birinciliyi əldən vermək istəmir. Bu baxımdan NATO-un Varşavada keçiriləcək sammitində qərb ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı və prezidentlərin görüşəcəyi realdır”.

Prezidentlərin son görüşü iyunun 20-si Sankt-Peterburqda keçirilib. Burada Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək görüşü, daha sonra dövlət başçılarının üç tərəfli görüşü baş tutub.

 

BIR CAVAB BURAXIN