İlham Əliyev Sərkisyanla görüşlə eyni vaxtda ordunu poliqonlara yeridir

0
552

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Məlumata əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib. Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq.Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək. Qeyd edək ki, Azərbaycan ordusunun bu irimiqyaslı təlimləri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə praktiki olaraq eyni vaxtda başlayacaq. Xəbər verildiyi kimi Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan iyunun 20-də Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində görüşəcəklər. Bu görüş ATƏT-in iştirakı olmadan keçirilir. Gözlənilir ki, görüş Qarabağ münaqişəsinin nizamlanmasına dair Ermənistan tərəfinin taktikası ucbatından dayanmış danışıqların bərpası olacaq. Və aprel döyüşlərində ermənilərə sarsıdıcı zərbə vuran Azərbaycan ordusu həmin görüşlə eyni gündə poliqonlara çıxır və bu, işğalçı ölkəyə verilən güclü mesajdır.

Virtualaz.org

BIR CAVAB BURAXIN