HÜSEYN CAVİDİN İLK PORTRETİ

0
1051

Haqqında söz açmaq istədiyimiz portretlərin bu gün bütün mənalarda tarixi əhəmiyyət daşıması danılmazdır. Belə ki, onun yaradıcısı da, əsərdə təsvir olunan şəxs də adları xalqımızın çoxəsrlik mənəviyyat tarixinə qızıl hərflərlə yazılmış görkəmli şəxsiyyətlərdir. Söhbət görkəmli şair-dramaturq Hüseyn Caviddən (1882-1941) və memarlıq sahəsində xüsusi təhsil almış ilk azərbaycanlı Zivər bəy Əhmədbəyovdan (1873-1925) gedir…
Öncə deyək ki, həmin iki qrafik portret uzun illər ərzində şairin ailəsində naməlum rəssamın əsəri kimi qorunmuşdur. Hüseyn Cavidin1937-ci ildə həbs olunub uzaq Sibirə sürgün olunmasından sonra, onun şəxsi arxivindəki bir çox qiymətli əşyalar müsadirə olunsa da, təhlükəsizlik orqanlarının əməkdaşları bu rəsmlərdə “təhlükəli” bir şey görməyib, onların şairin ailəsində qalmasına etiraz etməmşdilər. Müzgünaz xanım (1902-1976) və övladları- Ərtoğrul (1919-1943) və Turan xanım (1923-2004) bu rəsmləri əzizlərindən qalan yadigarlar kimi göz-bəbəkləri kimi qorumağa çalışmışdılar. Ailə üzvləri üçün Cavidli günləri xatırladan bu portretlər nə qədər əziz olsa da, onlar onun hansı rəssam tərəfindən yaradıldığını bilmirdilər. Əslində, bundan yalnız Müzgünaz xanım xəbərdar ola bilərdi. Amma Azərbaycan SSR Nazirlər Kabinetinin 1995-ci ildə Bakıda Hüseyn Cavidin ev muzeyinin yaradılması barəsində sərəncamından sonra Turan xanımın həmin əsərlərin müəllifinin axtarışına çıxması göstərdi ki, zamanında Müzgünaz xanım həmin portretlərin yaradıcısının kim olması barəsində ailə üzvlərinə heç bir məlumat verməyibmiş. Bununla belə, qənaətimizcə, rəsmlərin yaradıldığı vaxt və yaxud onların kənarda çəkilib evə gətirilməsindən sonra ana onun müəllifinin kim olduğunu dilə gətirə bilərdi. Bu baş versəydi belə, zamanında söylənilən adın o vaxtlar azyaşlı olan uşaqların yaddaşında qala bilməsi o qədər də inandırıcı görünmür. AmmaTuran xanımın möhkəm hafizəyə malik olduğunu bildiyimizdən, həmin rəssam adının onun yanında səsləndirilmədiyinə daha çox inanmaq olur…
Hər halda 1995-ci ildə şairin yeni yaradılan ev muzeyinə direktor vəzifəsinə təyin olunan Turan Cavidin həmin rəsmləri bu sətirlərin müəllifinə göstərib, əsəri yaradan naməlum rəssamın kimliyinin müəyyən olunmasında ona yardımçı olmağımı xahiş etməsini maraq və razılıqla qarşıladım.
Qara karandaşla ağ kağız üzərində çəkilmiş portretlərdə şair orta yaşlarında – təxminən qırx yaşında təsvir olunmuşdu. Onun əynindəki boz kostyumu, ağ köynəyi və qara qalstuku, ən nəhayət başındakı “qaragül” dərisindən tikilmiş buxara papaq şairin bir çox fotolarından bizə tanış olan real görkəmdə idi. Əsərin Cavidi dalğın baxışlı, sakit, bir qədər də mülayim mənəvi-psixoloji tutumda təqdim etməsində də duyulası bir inandırıcılıq vardı…
Əsərin üzərindəki o qədər aydın olmayan müəllif imzası həmin rəssamın adının müəyyən olunmasında ipucu ola bilərdi. Amma kirill əlifbası ilə yazılmış “Z” və “A” hərfləri hələ heç nə demirdi. Belə ki, Azəbaycan rəssamları arasında adı və soyadı buna uyğun gələ biləcək fırça ustası yoxdu. Odur ki, vəziyyətin çıxılmazlığı ilə baş-başa qalmaqla, əlimdə tutduğum qrafik rəsmi diqqətlə nəzərdən keçirməkdə davam edir, heç olmazsa rəssamın dəst-xətti vasitəsilə onun müəllifinin müəyyənləşdirilməsi barəsində düşünürdüm. Etiraf edək ki, mütəxəssis üçün bunu rəngkarlıq əsərlərinə yönəli etmək nə qədər mümkündürsə, qrafikada bu yolla kiminsə müəllifliyini üzə çıxarmaq demək olar ki çox müşkül məsələdir. Elə bunu düşünə-düşünə portret çəkilmiş vərəqin arxasını çevirdim. Orada hansısa çertyojun-memarlıq layihəsinin fraqmentlərini və onu müşayiət edən rus dilində yazılmış mətn vardı. Mənim dərhal səsləndirdiyim “Turan xanım, bu rəsmləri memar Zivər bəy Əhmədbəyov çəkmişdir!” hökmümü onun “Sən nə danışırsan?” sualı ilə qarşılaması yaranmış boşluğu dərhal doldurdu və söhbətin fərqli axara yönəlməsini şərtləndirdi. Turan xanımın çöhrəsində sözlə ifadə olunmayan bir sevinc hissi bərqərar olmuşdu. Bunu görməmək sadəcə qeyri-mümkün idi. Mənim təkrarən səsləndirdiyim “Axı niyə inanmırsınız?” sualına onun yavaşca “Onlar dost idilər….” cavabını verməsi əslində qənaətimdə yanılmadığımdan xəbər verirdi. Portretin yanında yazılmış “Z.A….” söz başlanğıcları da rəssamın çox vaxt rus dilində yazmağa adət etdiyi imzasının qısaldılmış forması idi…
Turan xanımın söhbətlərindən məlum oldu ki. 1918-1922-ci illərdə Bakının baş memarı vəzifəsində çalışan Zivər bəy Əhmədbəyov iş yerinin qonşuluğunda –keçmiş Qızlar gimnaziyasının üçüncü mərtəbəsində yaşayan Hüseyn Cavidlə tez-tez görüşərmiş. Qənaətimizcə, karandaşla çəkilmiş elə həmin iki portret də onların dostluğunun adi olmadığını təsdiqləyən sübutdur. Elmə bu vaxta kimi məşhur memarın çəkdiyi heç bir təsviri sənət əsəri məlum olmadığından, əslində, bu portretlər çox qiymətli tapıntı idi. Bununla belə, bir üzü portretli, digər üzü çertyojlu bu mənəvi qaynaq nümunəsinin həqiqətən də böyük dəyər daşıdığını bir nəfər təsdiqləyə bilərdi. Bu adam Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri vəzifəsində çalışan görkəmli tədqiqatçı-alim, akademik Şamil Fətullayev (1928-2015) idi.
Rəsmləri götürüb alimlə görüşə tələsdim. Öncədən deyim ki, bir-birimizi yaxşı tanımırdıq. Buna baxmayaraq müqəddəməsiz birbaşa çox ciddi məsələnin izahına keçdim. Etiraf edim ki, gətirdiklərimin məşhur memar Zivər bəy Əhmədbəyovun rəsmləri olduğunu dilə gətirməyim, alimi çox təəccübləndirdi və onu sözün əsl mənasında özündən çıxartdı. Bu halda mən onu çox gözəl baş düşürdüm. Belə ki, mötəbər elmi müəssisənin masası arxasında bütün ömrünü XIX əsrin sonu- XX əsrin əvvəlləri Azərbaycan memarlığının, o cümlədən də Zivər bəy Əhmədbəyovun yaradıcılığının tədqiqinə həsr etmiş görkəmli alim, onun qarşısında isə onun tanımadığı gənc bir rəssam – sənətşünas durmuşdu. Odur ki, o, bu vaxta qədər məşhur memarın rəsmlərinə rast gəlmədiyini dilə gətirməklə, belə bir şey olsaydı, onun mütləq bundan xəbəri olardı fikrini yüksək tonda səsləndirdi. Yalnız bundan sonra mən rəssamlıq və sənətşünaslıq sahəsində xüsusi təhsil aldığımı ona xatırlatdım, ondan “Siz Zivər bəy Əhmədbəyovu xəttini tanıyırsınızmı?” sualını verdim və portretin yanındakı qısa imzanı və çertyojun yanındakı yazını ona göstərdim. Şamil müəllim bir-neçə dəqiqə portretin üz tərəfinə, daha çox isə arxasına baxdıqdan sonra ayağa qalxdı və əlini mənə tərəf uzadıb sevinclə “Sizi təbrik edirəm” Bu böyük elmi tapıntıdır!” sözlərini dedi. Bizim bu mübahisəli ilk tanışlığımız isə bizim onun ömrünün sonuna qədər davam edən böyük dostluğa çevrildi. Beləcə, həmin iki portretin müəllifi müəyyən olundu. O vaxtlar Turan xanım həmin işlərdən birini muzeyin yeni tərtib olunan ekspozisiyasına daxil edilməsinə qərar vermiş, digərini isə ailə arxivində saxlamışdı. İndi ki böyük sənətkarın ruhunu yaşadan bu əsər Hüseyn Cavidin Bakıdakı ev muzeyində nümayiş etdirilməkdə, tamaşaçılarına zövq verməkdədir…
P.S. Yazı “Mədəniyyət” qəzetinin 25 iyul tarixli sayında çap olunub.
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi

BIR CAVAB BURAXIN