Hitlerlə bağlı yeni faktlar ÜZƏ ÇIXDI: SSRİ niyə faşist liderini gorbagor etdi?

0
866

Hitlerlə bağlı yeni faktlar ÜZƏ ÇIXDI: SSRİ niyə faşist liderini gorbagor etdi?

Faşist lideri, minlərlə dinc insanın, uşağın ölümünə əmr vermiş Adolf Hitlerin özünə qəsd etməsi bu günə qədər də sual altından çıxa bilmir. İndiyədək dəfələrlə fürerin intihar etmədiyi Argentinaya qaçdığı və qocalana qədər yaşadığı deyilib. Hətta bəzi mənbələr faktlarla göstərməyə çalışıblar. Amma nəzərə alsaq ki, Hitlerin elə hakimiyyətdəykən də xeyli oxşarı vardı, sonralar da özünü ona bənzətməyə çalışan insanlar olub, onda təkcə Cənubi Amerika kəndlərində Hitler axtarmağa dəyməz. Üstəlik, Hitlerin üz quruluşu asan təqlid oluna bilir. Yəni əksər sarışın kişidən Hitler düzəltmək olar.

Publika.az Hitlerlə bağlı yeni faktları təqdim edir:

Amma tarixçilərin də dediyi ki, nə qədər fakt ortaya qoyursan qoy, sadə insanlar XX əsrin ən zalım kişilərindən birinin intihar etdiyinə inanmayacaqlar. Amerikalılar iddia edirlər ki, intihar edənin həqiqətən də Hitler olduğunu ruslar təsdiqləyə bilər. Amma onlar da bilərəkdən Hitlerin dişləri üzərində DNT testi etdirmirlər. Çünki etdirəcəyi təqdirdə intihar edənin Hitler deyil, onun oxşarı olduğu üzə çıxacaq və bu da Rusiyanın qələbə nüfuzunu kölgə salmış olacaq. Üsamə bin Laden kimi dünyaçaplı bir terrorçunun məhv edilməsi prosesində fəal iştirakından sonra həvəslənən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Bob Baer indi də Hitlerin sümüyünə göz dikib.

Hitlerdən geriyə qalan isə yalnız dişlər və bir neçə çənə sümüyü qırıntılarıdır(?). Vaxtilə yalnız bu sümük vasitəsilə fürerin intihar etdiyi rəsmən təsdiqlənmişdi. Bəs deyilənlər nə dərəcədə doğrudur? Həqiqətənmi Sovet arxivi illərdir nasist liderinin deyil, hansısa “nemsə”nin dişlərini qoruyur?!

Amerikalıların hikkəsini başa düşdük, məsələ burasındadır ki, ingilislər də bu fikirlə qollarını çırmalayıblar. Bu ilin yanvarında Britaniya kəşfiyyatı bəyan eləmişdi ki, indiyədək məsələ ilə bağlı 14 min sənəd araşdırılıb və belə qənaətə gəliblər ki, Hitler intihar etməyib. Onların fikrincə, füreri gizli yolla nasistlərin Argentinadakı düşərgəsinə aparıblar. Yəni “arvad dedi-qodusu”, “çayxana laqqırtısı” təsdiqlənib. Üstündən də Rusiyanın bostanına daş atıblar ki, bunu bilirmiş, sadəcə səsini çıxarmırmış.

Rusların da cavabı ləngiməyib. Rusiya Federal Təhlükəsizlik Xidməti Mərkəzi Arxivinin rəis müavini Nikolay İvanov bildirib ki, Rusiya tərəfi Hitlerin dişləri və geyim qalıqlarını analiz etməyə hazırdır. Amma bundan qabaq sənədlərdən başlamaq istəyir. Həmin sənədlər isə saxtadır, əsas nüsxələr deyil.

Həmin arxivdə Hitlerin sümükləri ilə yanaşı, 1945-ci ildə onun və arvadı Eva Braunun nəşinin tapılmasına dair daşınma prosesində iştirak edən əsgərlərin şahidlik sənədləri olan qovluq da yer alır. Əsas şahidlərdən biri – Hitler və yaxınlarının nəşinin yandırılması prosesini görmüş Menqeshauzen Harrinin yazılı ifadəsində deyilir: “Aprelin 30-da Hitlerin gizləndiyi yerə patrul xidmətinə göndərilmişdim. Bağa açılan qapıdan baxanda Hitler və arvadının cənazəsinin çıxarıldığını gördüm. Sonra onları mərmi daşıyan maşınla apardılar. Bir az aralıda – təxminən 60 metrlikdə mən meyitlərin benzinlənib yandırıldığını müşahidə elədim.

Qeyd edək ki, nəşinin yandırılması Hitlerin öz vəsiyyətinə əsasən olub. O, qorxurdu ki, onun meyiti Moskvada sirkdə meymun göstərilən kimi nümayiş olunacaq. Başqa sözlə, nə dirisinin, nə ölüsünün rusların əlinə keçməsini istəyib.

Meyitlərin neçə dəqiqə yandırıldığı məlum deyil, amma hər halda külü çıxana qədər yandırılmamışdı. Çünki sonra taxta tabutun içinə qoyulmuş meyitlərin geyimindən də bir hissə qalmışdı. Güman ki, həmin an bütün faşistlər öz canlarının hayında olduğu üçün meyitlərlə çox maraqlana bilməmişdilər. Elə oradaca qoyub getmişdilər. Çünki Qırmızı Ordunun əsgərləri kandara çatmışdı. Daha sonra əraziyə çatmış rus əsgərlərindən leytenant Aleksey Panossov, sıravi əsgərlər Çurakov, Oleynik, Seroux ilk olaraq yanıq meyitləri görüblər. Yarıyanmış meyitlərin üzü tanınmaz olsa da birinin kişi, digərinin qadına aid olduğu bəlli idi. Meyitlərin təsdiqlənməsi sonra baş tutub. İlkin baxış elə Berlindəcə aparılıb. Sonra isə meyitlərə SSRİ-nin baş patoloq Krayevski baxış keçirib. Amma patoloji-anotomik baxış yalnız meyitlərin görünüşünü dəyərləndirə bilərdi. Bu meyitlərin həqiqətən də Hitler və arvadına aid olduğunu bilmək üçün onların qan qohumları ilə analiz etmək tələb edilirdi. Bunu isə etmək mümkün olmurdu. O da var ki, Qırmızı Ordu Berlinə çatana qədər artıq bir neçə “saxta Hitler” meyiti ilə rastlaşmışdı. Ona görə də Stalinə dəqiq təsdiq lazım idi ki, dünyaya Hitlerin ölümünü bəyan etsin. İş yenə də Hitleri yaxından görmüş adamlara qalmışdı. Yuxarıda qeyd olunan patrulçu Harri meyitlərdəki geyim qalıqlarından təsdiqləmişdi. Yeri gəlmişkən Harri 1951-ci ildə məcburi əmək düşərgəsinə 15 illik göndərilib, ancaq 1955-ci ildə SSRİ Ali Soveti Prezidiumunun qərarə ilə Almaniya Demokratik Respublikasına təhvil verilib.

Sonralar ələ keçmiş Hitlerin stomatoloqu, professor Blaşke da dişlərin fürerə aid olduğunu təsdiqləmişdi. İndi qərbdə bunu da məsxərəyə qoyurlar ki, Blaşke qorxusundan təsdiqləyib. Çünki Stalinə məhz təsdiq lazım idi. “Xalqlar atası” müharibəni Hitlerin meyiti olmadan başa vurmaq istəmirdi. Blaşkeyə də 10 illik düşərgə cəzası çıxarılsa da, vaxtından qabaq 1953-cü ildə azad edilib.

Hitler və onun yaxınlarının (arvadı Eva Braun, silahdaşı Qibbels və onun arvadı Maqda Gebbels və onların uşaqları) nəşi isə Rusiyanın Primorski vilayətində yerləşən Bux ərazisində basdırılıb. Daha sonra dəfni həyata keçirən gizli əks-kəşfiyyat təşkilatının qərargah dəyişdirməsi ilə cəsədi çıxararaq əvvəlcə Almaniyanın Finou hərbi şəhərində, sonra isə Ratenov şəhərində basdırılıb. Qəbirlərin bilinməməsi üçün üstündə 111 ədəd kol tipli kiçik ağaclar əkilib.

Hitlerin yanmış çənə sümüyü və dişləri isə “Qvardeyskiy” siqaretinin qutusunda saxlanılıb. Daha dəqiq desək, Hitlerin öz dişi yox, süni dişləridir. Məhz elə bu səbəbdən də ekspertiza dəqiq aparıla bilmir. Qızıl bərkidicilərlə hazırlanmış bu dişlər yalnız görüntü və formasına görə tutuşdurula bilər. İstənilən halda 100% dəqiq nəticə əldə edilə bilməz. Həm də nəticə nə olur olsun “Şəhər əfsanələri” insanlara daha cazib gəlir. O əfsanələr ki, bu günə qədər öldürülən bütün liderlər, hətta dünya şöhrətli ulduzlar haqqında da dolaşıb.

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN